Ağır qəza törədən idmançı "Range Rover"i 150 ilə sürürmüş - FOTO

Ağır qəza törədən idmançı "Range Rover"i 150 ilə sürürmüş -  FOTO

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır

Avqustun 2-də Bakının Sabunçu rayonu, Bilgəh-Nardaran yolunda baş verən zəncirvari yol qəzasında "Range Rover" markalı 90 KX 010 nömrə nişanlı avtomobilin sürücüsünün hadisədən sonra qaçdığı bildirilirdi. Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə deyilirdi ki, guya qəzaya səbəb olan "Range Rover" markalı avtomobilin sürücüsü hansısa məmurun oğludur. Onun qəzadan sonra ölkədən qaçması barədə məlumatlar da yayılmışdı.

Bütün məlumatlara aydınlıq gətirmək üçün əvvəlcə qəzaya səbəb olan "Range Rover" markalı avtomobilin sürücüsünün müəyyənləşdirdik. 

Sfera.az Avtosfer-ə istinadən xəbər verir ki, bu barədə baku.ws-in əldə etdiyi məlumata görə, qəzaya səbəb olan sürücü peşəkar idmançı, taekvondo üzrə beynəlxalq yarışların qalibi Fəqan Umudovdur. Hazırda o, Taekvando Federasiyasında kurator vəzifəsində çalışır.

Baş verən qəzadan sonra sürücünün qaçmasına gəlincə, əslində Fəqan Umudov hadisə yerindən qaçmayıb. Bu barədə Taekvando üzrə Gənclərdən ibarət Yığma Komandanın baş məşqçisi, Fəqan Umudovun yaxın dostu Mamed Abdullayev bildirib. Mamed Abdullayevin sözlərinə görə, əslində Fəqan Umudov deyildiyi kimi avtomobili 200 ilə yox, 140-150 km sürətlə sürürmüş.

"Bu qəza hamının başına gələ bilər. Qəflətən idarəetməni itirib və qəza baş verib. Hadisə zamanı Fəqan başından ağır yaralanıb. Lakin hadisə yerindən qaçmayıb. Kimliyi barədə polisə məlumat verib və sonradan onu xəstəxanaya aparmışıq. Hadisə barədə xəbər tutan kimi oraya ilk mən getdim. Şəxsən özüm onu xəstəxanaya aparmışam. Əslində Fəqan məmur övladı deyil. Azərbaycanı tanıdan idmançıdır. Mən həm öz adımdan, həm də federasiya adından qəzada həlak olanların ailələrinə başsağlığı verirəm", - deyə Mamed Abdullayev bildirib.

Hadisəni araşdıran müstəntiq Asəf Məmmədovun verdiyi məlumata görə, həqiqətən də, Fəqan Umudov qəzadan sonra qaçmayıb. Ağır yaralı olduğu üçün onu 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdiriblər.

Şöbənin müdiri Əmrəli Yusifovun bildirdiyinə görə, xəstə daxil olarkən çox ağır vəziyyətdə olub. Komada olduğu üçün dərhal süni nəfəs aparatına qoşulub.

"Xəstə dünən özünə gəlib. Bacardığımızı etdik. Hazırda xəstənin həyatı üçün təhlükə sovuşub. Vəziyyəti orta-ağırdır", - deyə Əmrəli Yusifov bildirib.

Qeyd edək ki, Bilgəh-Nardaran yolunda baş verən zəncirvari yol qəzasında "Range Rover" markalı 90 KX 010 nömrə nişanlı avtomobildə olan sərnişinlər ağır yaralanıblar.

Maşında olan iki azyaşlı əkiz bacılar Xədicə və Zəhra Hüseynəli və onların qardaşı 11 yaşlı Hüseyn Hüseynəli, eləcə də digər sərnişin Ziya Zahidov 3 saylı Sabunçu rayon Xəstəxanasına göndəriliblər.

Həkimlərin səyinə baxmayaraq Hüseyn Hüseynəlinin həyatını xilas etmək mümkün olmayıb.

Xəstəxananın baş həkimi Fikrət Zeynalovun verdiyi məlumata görə, digər yaralılara ilkin tibbi yardım göstərilib. Onların həyatını xilas etmək mümkün olub. Lakin uşaqların yaxınlarının təkidilə onlar Kliniki Tibbi Mərkəzə köçürülüblər.

Qəza zamanı "Zaporojets" markalı avtomobilin sürücüsü, 1959-cu il təvəllüdlü Ağabala Baba oğlu Hüseynov isə yanaraq ölüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR