Cəmİyyət

Abituriyentlərin NƏZƏRİNƏ: Müddət uzadıldı

Abituriyentlərin NƏZƏRİNƏ: Müddət uzadıldı

Azərbaycanda abituriyentlər üçün ödənişsiz elektron sınaq imtahanlarının keçirilmə müddəti martın 31-dək uzadılıb.

Sfera.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, hazırda DİM ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün aprel-may aylarında keçiriləcək birinci qəbul imtahanlarında iştirak edən abituriyentləri nəzərə alaraq I-IV ixtisas qrupları üzrə elektron sınaq imtahanları keçirir. Saat 14:00-a olan məlumata əsasən bu imtahanlarda iştirak etmək üçün respublikanın bütün şəhər və rayonları üzrə 33922 nəfər qeydiyyatdan keçmiş, 19000-dən artıq istifadəçi isə ödənişsiz elektron sınaq imtahanında iştirak etmişdir.

Ödənişsiz elektron sınaq imtahanlarının keçirilməsi gündə 3 dəfə olmaqla martın 31-dək davam edəcək. İmtahanlarda eyni test tapşırıqlarından istifadə olunur. Ona görə də iştirakçılara özlərinə uyğun tarix və saatı seçməklə bir sınaq imtahanına yazılmaq tövsiyə olunur. Elektron sınaq imtahanında iştirak üçün abituriyentlər Dövlət İmtahan Mərkəzinin imtahan.az saytına daxil olub qeydiyyatdan keçməlidirlər. Abituriyentlər qeydiyyat zamanı seçdikləri tarix və saatda imtahan.az saytına daxil olub imtahan verməlidirlər. İmtahan müddəti 3 saatdır.

Aprelin 1-dən 9-dək gündə 4 dəfə olmaqla ödənişli elektron sınaq imtahanları keçiriləcək. Bu gündən etibarən ödənişli elektron sınaq imtahanlarında iştirak üçün abituriyentlərin qeydiyyatı başlayıb. Bu imtahanlarda yeni test tapşırığı nümunələrindən istifadə olunacaq və iştirak haqqı 10 manatdır. Ödəniş etmək qaydaları ilə saytda tanış ola bilərsiniz.

 

Abituriyentlər elektron sınaq imtahanı xidmətindən smart tipli mobil telefon və ya planşet vasitəsilə də istifadə edə bilərlər.

XƏBƏR LENTİ