Prezident İlham Əliyev bir sıra görüşlər keçirib - YENİLƏNİB - FOTO

Prezident İlham Əliyev bir sıra görüşlər keçirib - YENİLƏNİB - FOTO

18:37

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Qazaxıstan parlamenti Senatının sədri Kasım-Jomart Tokayevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Sfera.az AZƏRTAC-a istinadən bidirir ki, Qazaxıstan parlamenti Senatının sədri Kasım-Jormart Tokayev Prezident Nursultan Nazarbayevin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna toxunan qonaq müasir böhranlı dövrdə Forumun ideya və məqsədlərinin böyük əhəmiyyət daşıdığını və Birləşmiş Millətlər Təşkilatının belə bir tədbirinin Bakıda keçirilməsinin önəmini vurğuladı.

Dövlətimizin başçısı bildirdi ki, BMT-nin Sivilizasiyalar Alyansının növbəti Forumunun Bakıda keçirilməsi ölkəmizin sivilizasiyalararası dialoq çərçivəsində fəaliyyətinə verilən qiymətin nəticəsidir. Prezident İlham Əliyev Azərbaycanda bu istiqamətdə görülən işlərin, keçirilən tədbirlərin xalqların yaxınlaşması və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi işinə xidmət etdiyini vurğuladı.

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə bu yaxınlarda İstanbulda İslam Əməkdaşlıq Təşkilatının növbəti Sammitində görüşünü məmnunluqla xatırladı. BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumunda Qazaxıstanın bu cür yüksək səviyyədə təmsil olunmasına görə minnətdarlıq edən dövlətimizin başçısı bunu Qazaxıstanın həm Forumda müzakirə ediləcək məsələlərə olan marağının, həm də Azərbaycana münasibətinin yaxşı göstəricisi kimi dəyərləndirdi. Qazaxıstan parlamenti Senatının sədrinin böyük nümayəndə heyəti ilə ölkəmizə səfərindən məmnunluğunu ifadə edən dövlətimizin başçısı tədbirin maraqlı müzakirələrin aparılması və ölkələrimiz arasında ikitərəfli münasibətlərin gündəliyinin nəzərdən keçirilməsi üçün yaxşı imkan yaradacağına ümidvar olduğunu dedi.

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Qazaxıstan dövlətinin başçısına çatdırmağı xahiş etdi.

-----------

14:15

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) tolerantlıq üzrə dövlət naziri xanım şeyxə Lubna Al Qassimini qəbul edib.

Sfera.az AZƏRTAC-a istinadən bidirir ki, ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirliklərinə uğurlu rəsmi səfərini və keçirdiyi görüşləri məmnunluqla xatırladı. İki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin olduğunu vurğulayan Prezident İlham Əliyev bildirdi ki, əvvəllər daha çox azərbaycanlı turistlər Birləşmiş Ərəb Əmirliklərinə səfər edirdilərsə, son dövrlər Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana gələn turistlərin sayı da artmaqdadır.

Xanım Şeyxə Lubna Al Qassimi Azərbaycanda böyük infrastruktur layihələrinin həyata keçirilməsi nəticəsində sürətli inkişafa nail olunduğunu, Bakının gözəl və müasir bir şəhərə çevrildiyini məmnunluqla qeyd etdi. Azərbaycana bu dəfə tolerantlıq üzrə dövlət naziri vəzifəsində səfər etdiyini deyən qonaq Birləşmiş Ərəb Əmirliklərinin çoxmillətli ölkə olduğunu, burada yaşayan müxtəlif icmaların ölkənin inkişafı və iqtisadi uğurların əldə olunmasındakı rolunu vurğuladı.

Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığının önəmi qeyd olundu, ikitərəfli əlaqələrin mədəniyyət, ticarət, turizm və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Fransa Respublikası Milli Assambleyasının deputatı, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Manselin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Fransa Milli Assambleyasının deputatı, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Manselin Azərbaycanın yaxın dostu olduğunu vurğulayan Prezident İlham Əliyev ölkələrimiz arasında münasibətlərin inkişafında onun rolunu xüsusi qeyd etdi. BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumuna toxunan dövlətimizin başçısı toplantıya artıq bir çox ölkələrdən qonaqların gəldiyini dedi və tədbirdə Fransanın geniş nümayəndə heyəti ilə təmsil olunmasından məmnunluğunu bildirdi. Prezident İlham Əliyev Forumun, eyni zamanda, ikitərəfli münasibətlərin müzakirəsi üçün də yaxşı imkan yaratdığını vurğuladı. Dövlətimizin başçısı Jan-Fransua Manselin ölkəmizə səfərinin uğurlu olacağına əminliyini ifadə etdi.

Fransa Respublikası Milli Assambleyasının deputatı, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel indiki mürəkkəb şəraitdə Azərbaycanın ədalətli mövqeyini dəstəklədiklərini vurğuladı. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında Fransa hökumətinin ədalətli mövqe nümayiş etdirməsi və Fransa ictimaiyyətinin Azərbaycanı daha yaxından tanıması istiqamətində işlər apardıqlarını dedi. Parlamentlərarası əməkdaşlığa toxunan Jan-Fransua Mansel Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə sıx dostluq və əməkdaşlıq əlaqələrini məmnunluqla qeyd etdi.

Görüşdə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun əhəmiyyətindən danışıldı, Azərbaycan-Fransa ikitərəfli əlaqələrinin inkişafından məmnunluq ifadə edildi və bu əlaqələrin bundan sonra daha da möhkəmləndiriləcəyi əminliklə qeyd olundu.

------------

14:03

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Belarus Respublikası Milli Məclisinin sədri Mixayil Myasnikoviçi qəbul edib.

Sfera.az



 AZƏRTAC-a istinadən bildirir ki, Belarus Respublikası Milli Məclisinin sədri Mixayil Myasnikoviç Prezident Aleksandr Lukaşenkonun salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. Dörd il bundan əvvəl Azərbaycana səfər etdiyini vurğulayan Mixayil Myasnikoviç ötən dövr ərzində paytaxtımızda çox böyük dəyişikliklərin baş verdiyinin şahidi olduğunu bildirdi. O, Prezident İlham Əliyevi Azərbaycanın əldə etdiyi uğurlar, müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə qazandığı böyük nailiyyətlər münasibətilə təbrik etdi. Mixayil Myasnikoviç Azərbaycanın müxtəlif beynəlxalq miqyaslı mötəbər tədbirlərə, o cümlədən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi etməsinin önəmini vurğuladı.

Dövlətimizin başçısı Belarus Respublikasına bir neçə dəfə rəsmi səfər etdiyini və hər dəfə ölkədə inkişafın, tərəqqinin, nizam-intizamın və səmimiyyətin şahidi olduğunu dedi. Son vaxtlar dünyada və Avropada Belarusun roluna və uğurlu inkişafına böyük önəm verildiyini vurğulayan Prezident İlham Əliyev əldə olunmuş bütün bu nailiyyətlər münasibətilə təbriklərini çatdırdı və ölkələrimizin bir-birilərinin uğurlarına sevindiyini dedi. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda Belarusun bu cür yüksək səviyyədə təmsil olunmasının əhəmiyyətini vurğulayan dövlətimizin başçısı bunu həm Belarusun Foruma verdiyi önəmin, həm də Azərbaycana göstərdiyi hörmətin göstəricisi kimi dəyərləndirdi.

Görüşdə dost və tərəfdaş ölkə olan Belarus ilə ikitərəfli əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, parlamentlərarası əməkdaşlığımızın münasibətlərimizin inkişafına töhfə verdiyi qeyd edildi.

Prezident İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Belarus dövlətinin başçısına çatdırmağı xahiş etdi.


OXŞAR XƏBƏRLƏR