Qarabağda müharibə təhlükəsi: Moskva susur, Bakı hücum edir – “Stratfor”dan ŞOK PROQNOZ

Qarabağda müharibə təhlükəsi: Moskva susur, Bakı hücum edir –  “Stratfor”dan ŞOK PROQNOZ

“Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsində gərginliyin yeni mərhələyə qədəm qoyduğu müşahidə olunur”.



Sfera.az publika.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın məşhur “Stratfor” mərkəzinin Dağlıq Qarabağ münaqişəsinə dair təhlilində deyilir.



Məqalədə qeyd olunur ki, hər iki tərəf son zamanlar hərbi təlimlər keçirir və rusiyalı rəsmilərlə görüşürlər: “Yerli mediada Rusiyanın münaqişəni həll etməsinə dair fərziyyələr çoxalıb. Doğrudur, hər iki ölkənin XİN rəhbəri sentyabrın 24-25-də BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək iclasında görüşəcəklər. Lakin bu münaqişənin mütləq həlli deyil. Münaqişənin həlli Qafqaz regionunu əhatə edən siyasi ittifaq və şəbəkələrin münasibətlərinə yenidən nəzər salmasına gətirib çıxarar ki, bu da pozucu proseslərə yol aça bilər. Hələ 2014-cü ildə Rusiya ilə Qərb arasında Ukrayna üzərində yaranan gərginlik fonunda Moskvanın Dağlıq Qarabağ münaqişəsində dəyişiklik edə biləcəyi ehtimalları peyda olmuşdu”.



Mərkəz yazır ki, Dağlıq Qarabağ münaqişəsinin həlli həmişə üç oyunçudan asılı olub: “Ermənistan, Azərbaycan və Rusiya. Hər bir tərəf müxtəlif perspektivə malikdir. Ermənistan 1988-1994-cü illərdə qalib oldu, Dağlıq Qarabağ və ətraf yeddi rayonu nəzarətinə aldı. Lakin Azərbaycan diplomatik, yaxud hərbi yolla Dağlıq Qarabağı geri qaytarmaqda israrlıdır.

 

Rusiyanın bu münaqişədə birtərəfli marağı yoxdur. Belə ki, Moskva Ermənistan və Azərbaycanı öz orbitində saxlamaq və Qafqazda güclənmək üçün bu münaqişədən istifadə edir. Rusiya 2014-cü ilə qədər münaqişənin həllində rəsmi olaraq neytral mövqedə dayanır, tərəfləri danışığa çağırırdı. Qeyri-rəsmi olaraq isə Moskva uzun müddət Ermənistanı dəstəkləyib. Bunun əvəzində Ermənistan ona öz torpağında 5 min əsgər yerləşdirməyə icazə verdi. Azərbaycan isə Rusiya ilə birləşmək istəmədi. Əvəzində o, özünün xarici əlaqələrini hərtərəfli inkişaf etdirdi, böyüyən Rusiya təsirini balanslaşdırmaq üçün Türkiyə və Qərblə münasibətlər qurdu. Azərbaycan iqtisadi inkişafı və ordunun qüdrətlənməsi üçün enerji resurslarından istifadə edə bildi. Bakının müdafiə xərcləri Ermənistanın dövlət büdcəsindən çoxdur. Rəsmi Bakı torpaqların qaytarılmasını rəsmi şəkildə prioritet istiqamət elan etdi, lakin Ermənistanın patronu Rusiyanın mövqeyinə görə ciddi hərəkətə keçə bilmədi. Bu status-kvo Rusiyanın Kiyevdə Qərblə toqquşduğu 2014-cü ildən sonra dəyişdi. Rusiya qəfildən Ermənistan üçün az etibar edilən patron roluna keçdi.

 

Ukrayna münaqişəsi Rusiyanın təhlükəsizlik zolağına zərbə vurdu və tətbiq olunan sanksiyalar iqtisadiyyata zərər verdi. Eyni zamanda, Azərbaycan Qərb üçün daha qiymətli oyunçuya çevrildi. Çünki Bakı Rusiyanın enerji təchizatına alternativ təklif edə bilmişdi. Bundan sonra Azərbaycan tərəfi təmas xəttində mövqelərini möhkəmləndirdi və açıq şəkildə Ermənistan ordusuna ciddi zərbələr vurdu. Ermənistan və Rusiya zəiflədiyi bir vaxtda Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində mövqeyi gücləndi. Bu, onu deməyə əsas verir ki, son aylar danışıqlar prosesində diplomatik fəaliyyətin görünməmiş səviyyəsi müşahidə olunur. Rusiyanın siyasi və hərbi məmurları bir neçə dəfə erməni məmurlarla görüşüb. Moskva etiraf etməsə də, məlumatlar var ki, Rusiya Azərbaycanda hərbi radar sistemi quraşdırmaq istəyir. Bunun özü Dağlıq Qarabağda status-kvonun tezliklə dəyişəcəyini deməyə əsas verir”.



Məqalədə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bir neçə variantın mövcud olduğu qeyd olunur.

Birincisi, Dağlıq Qarabağ və ətraf yeddi rayondan erməni hərbi birləşmələri çıxarılır. Əvəzində Dağlıq Qarabağın ərazisinə rus hərbçiləri daxil olur. Ərazidə yaşayan ermənilər köçürülür, sadəcə olaraq, Laçın koridoru saxlanılır. Bu, Ermənistanın region ölkələri ilə ticarət əlaqələrini yüksəldə və iqtisadiyyatın inkişafına səbəb ola bilər. Lakin bu ssenaridə bir çox maneələr nəzərə çarpır. Ermənistan bu ssenariyə qarşı çıxır, çünki o, Qarabağda status-kvonu saxlamaqda israrlıdır. Ölkə ictimaiyyəti də Qarabağ məsələsinə çox həssas yanaşır. Münaqişənin həllinə razılaşan Levon Ter-Petrosyan 1998-ci ildə postundan uzaqlaşdırıldı. Hazırkı prezident Serj Sarkisyan Dağlıq Qarabağda doğulub, yəni o, bu posta təsadüfən gəlməyib. Ermənistan yalnız o zaman güzəştə gedər ki, başqa çıxış yolu qalmasın, yaxud ictimaiyyətə sırımağa heç nəyi olmasın”, - deyə məqalədə bildirilir.



“Stratfor” Rusiyanın öz kriteriyalarının olduğunu vurğulayır. Qeyd edir ki, Qafqazda hazırkı siyasi balans Moskvaya sərf edir: “Təcrid vəziyyətində olan Ermənistan Rusiyadan asılıdır, Azərbaycan və Gürcüstanın manevr imkanları məhduddur. Gürcüstan Avropa Birliyi və NATO ilə əlaqələri sıxlaşdırmağa çalışır. Qərb isə Azərbaycanı Transxəzər kimi Cənub Dəhlizi enerji layihələrində iştiraka həvəsləndirir. Rusiya anlayır ki, uzunmüddətli balans çox duruş gətirə bilməz. Moskvanın Azərbaycanla işləməsi, status kvonun dəyişdirilməsi üçün ciddi təsir bağışlayan danışıqlar da bununla bağlıdır. Rusiya götür-qoy edir ki, münaqişənin dəyişməsi qaçılmazdırsa, danışıqlarda əsas rol oynasın. Təsadüfi deyil ki, Azərbaycan ATƏT-in vasitəçilik etdiyi, ABŞ-ın da daxil olduğu prosesə getdikcə daha az etibar edir. Əvəzində Bakı Rusiya ilə ikitərəfli danışıqlara girişib”.



Mərkəz münaqişənin həllində Türkiyə və İranın da təsir imkanlarına sahib olduğunu yazır. Daha sonra qeyd edir ki, Rusiya Ermənistanı Dağlıq Qarabağ məsələsində kompromisə inandıra bilsə, Ermənistan üçün Türkiyə ilə sərhədlərin açılması, İranla ticarətin güclənməsi kimi şərtlər olacaq: “Bu, Rusiyaya xeyli riskli addım ola bilər, belə ki, əsasən Moskvanın nəzarətində olan regiona Türkiyə və İran dəvət olunacaq. Risk ondadır ki, heç nə etməmək də Rusiyanın mövqeyini pisləşdirəcək.

 

Digər bir potensial ssenari Azərbaycanın danışıqlar prosesini irəlilətmək naminə münaqişəni gücləndirməsidir. İndiki fəaliyyət hələlik Ermənistanı mövqeyini dəyişməyə məcbur etməyib. Lakin Azərbaycan İrəvanın siyasi cəbhədə güzəştlərə getməsi üçün Ermənistana təzyiq məqsədilə əməliyyatları genişləndirə bilər. Hərbi müdaxilə isə yalnız Bakı ilə Moskvanın anlaşması ilə baş tuta bilər. Əks halda, Azərbaycan Rusiyanın münaqişəyə cəlbi ilə üz-üzə qala bilər. Moskva Azərbaycanın cəbhə xəttində hərbi əməliyyatlarına daha çevik reaksiya göstərsə də, Ermənistanı tam tərk etmiş kimi də görünməməyə çalışmalıdır. Rusiyanın əsas məqsədi tərəflər arasında balans yaratmaq və baş vasitəçi rolunu oynamaq olmalıdır. Hazırda diplomatik və hərbi cəbhələrdə ciddi tərpənişlər var. Bu münaqişənin qızışmasından daha çox, danışıqlar prosesinin irəliləməsinə işarədir. Təbii ki, bütün bunlar danışıqlar prosesində yeni nələrinsə olduğu ehtimalını gücləndirir”.


OXŞAR XƏBƏRLƏR