100 yaşlı ilk Sovet İttifaqı Qəhrəmanımız: İsrafil Məmmədov

100 yaşlı ilk Sovet İttifaqı Qəhrəmanımız: İsrafil Məmmədov
İsrafil Məmmədovu "Azərbaycan Pəhləvanı”, "Sovet bahadırı” adlandırırdılar. Bu ad o vaxtı bütün xalqın dilində əzbər, eləcə də qəzet və jurnalların birinci səhfələrinin məqalələrinin əsas başlıqlarında idi. Məmmədov ikinci dünya müharibəsində döyüşlərdə göstərdiyi qəhrəmanlığa, şücaətə görə xalqın dilində əzbər olub. İsrafil Məmmədova Sovet İttifaqı Qəhrəmanı adı isə 1941-ci ilin noyabırın 25-də verilib.
İsrafil Məmmədov 1919-cu il martın 16-da Gəncədə dünyaya göz açıb. İndi həm Gəncə şəhərində, həm də doğulduğu Şəmkirin Qapanlı kəndində igid oğlumuzun abidəsi ucalır.

İyirmi yaşlı gənc İsrafil əsgərliyə gedəndə ölkədə əmin-amanlıq idi. Müharibə başlayanda yüz minlərlə azərbaycanlı döyüşçü arasında ilk dəfə olaraq İsrafil Məmmədov doğma diyarının adını dünyaya tanıtdı.

1941-ci ilin dekabr ayında döyüşən ordudan Gəncəyə xoş bir xəbər gəldi: Şimal-Qərb cəbhəsinin Siyasi İdarəsi sizdən xahiş edir: İsrafil Məhərrəm oğlu Məmmədovun üçüncü vağzal küçəsindəki 39 nömrəli evdə yaşayan ailəsinə xəbər verin ki, onların oğlu, bizim cəbhənin döyüşçüsü faşist işğalçılarına qarşı döyüşlərdə igidlik göstərdiyinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür".

Şaxtalı dekabr gecəsi iki batalyon alman avtomatçısı Novqorod vilayətinin Pustınka kəndinə yaxınlaşmışdı. İlk baxışda elə göründü ki, bu kənddəki strateji obyekti müdafiə edən rota mühasirəyə alınıb. Almanlar burada toplardan və minaatanlardan şiddətli atəş açıb hücuma keçdilər. Budur, onlar artıq kəndin yüz metrliyinə çatdılar. Artıq hər bir faşistin üzünü görmək olurdu.

- Atəş! – deyə İsrafil Məmmədov komanda verdi.

Məmmədovun döyüşçüləri avtomat silahlardan yaylım atəşi açdılar. Bu atəş düşməni xəncər kimi kəsdi. Faşistlərin birinci sıraları məhv edildi. Almanlar radiostansiyanı məhv etməyə çalışırdılar. Beş əsgər stansiyaya yaxınlaşırdı, lakin bunların beşi də məhv edildi. Beləcə, gərgin döyüş azı on saat davam etdi. Avtomat silahların patronları qurtarırdı. Məmmədovun yanında öldürülmüş və yaralanmış döyüşçülər uzanmışdılar, bunlar onun dostları, silahdaşları idilər. Kəndi müdafiə etmək üçün cəmi səkkiz əsgər qalmışdı. Məmmədov avtomatı bir yana qoyub tüfəngi götürdü. Patrona qənaət etmək lazım idi. İndi snayper Məmmədov təkcə özü atəş açırdı. Yaralı avtomatçılar və radistlər tüfəngi doldurub ona verirdilər, o da arası kəsilmədən düşməni atəşə tuturdu. Tüfəng patronları da qurtardı. Faşistlər isə irəliyə can atırdılar. Gərgin süngü döyüşü başladı. Hamıdan irəlidə komandir Məmmədov özü gedirdi. Pustınka kəndini müdafiə edənlər kömək gələnə qədər mövqelərini əldən vermədilər. Bu hadisə dekabr ayının ilk günlərində baş vermişdi. Ayın 11-də isə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Dörd gündən sonra Şimal-Qərb cəbhəsinin komandanı, general-leytenant P.A.Kuroçkin şəxsən özü qəhrəmanın hüzuruna gəldi. Birbaşa döyüş meydanında təntənəli şəraitdə İsrafil Məmmədova Lenin ordeni və Sovet İttifaqı Qəhrəmanının "Qızıl ulduz"u təqdim edildi. İsrafil Məmmədov inamla dedi:

- Mənim 22 yaşım var. İndi həyatımın əsl mənasını daha çox faşisti məhv etməkdə görürəm. Nə qədər ki, sağam, mən bu amalla faşizmə qarşı vuruşacağam.

General gülümsündü. Qəhrəmana üçdiskli avtomat bağışladı. Qəhrəmanın şərəfinə Şəmkirdə, doğma Qapanlı kəndində, Gəncədə və başqa yerlərdə keçirilmiş mitinqlərdə də eyni ilə tərif və təbliğat sözləri səslənirdi.

Həmin ilin mayında ağır yaradan sonra hospitalda müalicə olunmuş qəhrəman Gəncəyə gəlir. Bu zaman artıq İsrafil Məmmədovun hünərindən təkcə döyüşçülər nümunə götürmürdülər, "məmmədovçular" hərəkatı arxa cəbhədə də geniş vüsət almışdı. İ.Məmmədov yenidən daha böyük cəsarətlə döyüş meydanına atılır. 1943-cü il mayın sonuna kimi mərdliklə vuruşur, ikinci dəfə yaralanır, döyüş dostlarından ayrılmalı olur. O, bir müddət respublika komsomolunun Mərkəzi Komitəsində işləyir.

Faşistlərə sonsuz nifrətini yenidən dönə-dönə nümayiş etdirdi. Xeyli vuruşdu. Lakin üçüncü yara qəhrəmanın səhhətini tam sarsıtdı. 1946-cı ildə qızları Qalina və Svetlana atalarını həmişəlik itirdilər. Qəhrəman İsrafil Məmmədov 1946-cı il mayın 1-də Yalta hospitalında əbədiyyətə qovuşdu. Qəhrəmanın cənazəsi xüsusi təyyarə ilə doğma yurduna gətirildi və Gəncənin mərkəzində, indiki Xan bağında torpağa tapşırıldı.

Onun haqqında istər rus mətbuatında, istərsə də doğma Azərbaycanda çox əsərlər yazılıb. O illərdə Gəncədə yaşayıb-yaradan Mir Cəlal Paşayev də İ.Məmmədovun hünərindən riqqətə gələrək "Qəhrəmanın yolu" adlı geniş bir oçerki qələmə alır. 1942-ci ildə isə Bakıda sevimli ədibin "İsrafil" adlı kitabı çap olunur.Femida

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...