100-dən çox media orqanı qapadıldı

100-dən çox media orqanı qapadıldı
 
 
Türkiyə höküməti 100-dən çox media orqanını - agentlik, qəzet, jurnal, televiziya və radioları Gülen qrupu ilə əlaqədə ittiham edərək bağlayıb.
 
 
"Resmi Qazete" dövlət saytında çap edilmiş qərarda 29 nəşriyyatın adı keçir.
Çevriliş cəhdi ilə əlaqədar həmçinin 149 general və admiral da daxil olmaqla, silahlı qüvvələrin təxminən 1700 üzvü vəzifədən uzaqlaşdırılıb.
Hökümət çevriliş cəhdinə görə ABŞ-da yaşayan ruhani Fethullah Güleni ittiham edir. Cənab Gülen ittihamları rədd edir.
Çevriliş cəhdi zamanı 246 nəfər ölüb, 2000-dən çox yaralı var.
Kütləvi informasiya vasitələrinin bağlanması barədə Türkiyənin dövlət qəzeti "Resmi Qazete" yazıb.
Hökm qərarında deyilir: "milli təhlükəsizliyə təhdid olan Fethullahçı Terrör Örgütünə (FETÖ/PDY) aidiyyatı və əlaqəsi olan 2 saylı siyahıda göstərilən özəl radio və televiziya qurumları qapadılıb".
15 iyulda çevriliş cəhdindən sonra ölkədə elan edilmiş fövqəladə vəziyyətin verdiyi imkanlara əsaslanan bu qərarla Zaman, Taraf, Meydan, Millet kimi beynəlxalq qəzetlər də bağlanıb.
1980-ci illərdən fəaliyyətə başlayan Zaman qəzeti və onun ingiliscə Today's Zaman qəzeti Gülen qrupunun ən məşhur KİV-i idi.
Jurnallar arasında isə Aksiyon və Sızıntı diqqət çəkir. 1979-cu ildən fəalliyyət göstərən Sızıntı jurnalı da Gülen hərəkatinin ilk KİV-dən olub.
Televiziyalara gəldikdə isə Samanyolu TV, Kanaltürk və Can Erzincan TV-nin adı çəkilir.
Jurnalistlər Cəmiyyətinin sədri Turgay Olcayto BBC Türkcəyə baş verənlərə görə "kədərləndiyini" bildirib.
"Biz çoxsəsli bir ölkə istəyərkən narahatlıq yaşayırıq. Səbəbləri tam bilmədiyimiz üçün çətin vəziyyətdəyik."
Çərşənbə günü hökümət daha 47 jurnalist barədə həbs qərarı çıxarıb. Bundan bir neçə gün öncə isə 42 reportyor haqqında belə qərar verilmişdi.
Yeni siyahıda adları olan jurnalistlərin əksəriyyəti Zaman qəzetində çalışır.
Daha 147 hərbçi vəzifədən uzaqlaşdırılıb

100-dən çox media orqanı qapadıldı
 
 
Hərbçilər arasında 87 ordu generalı, 20 hava qüvvələri generalı və 32 admiralın adı var.
Türkiyə Ordusu hərbçilərin 1.5 faizinin (8651 nəfər) çevriliş cəhdində iştirak etdiyini aşkarlayıb.
Məlumata görə, onların 35 təyyarəsi, 37 helikopteri, 74 tankı və 3 gəmisi olub.
"Təmizləmə" işləri Ali Hərbi Şuranın iclası ilə müşayiət olunur.
Prezident Recep Tayyip Erdoğan bu barədə Respublikaçı və Milli partiyaların liderləri ilə danışıqlar aparıb.
"Onlar cənab Erdoğana təmizləmə işlərinin çox irəliyə getməsi barədə xəbərdarlıq edib, lakin onların hər hansı razılığa gəlməsi barədə məlumat yoxdur" - deyə BBC-nin İstanbuldakı müxbiri Nick Thorpe bildirib.
Ötən həftə hökümət ölkədə üç aylıq fövqəladə vəziyyət elan edib.


OXŞAR XƏBƏRLƏR