Vergidən yayınan oliqarxlar üçün böyük sınaq – Prezidentdən xəbərdarlıq
Sfera.az yeni sabah-a istinadla xəbər verir ki, oktyabrın 16-da keçirilən iqtisadi müşavirədə dövlət başçısı İlham Əliyevin vergidən yayınma hallarına xüsusi diqqət çəkməsi vergi əməkdaşlarında əminlik yaradıb ki, artıq oliqarx məmurlar onları hədəfə ala bilməyəcək.
Məlumat üçün deyək ki, Azərbaycanda fəaliyyət göstərən iri şirkətlərin bir çoxu oliqarx məmurların, yaxud deputatların nəzarətindədir. Bu baxımdan, onlardan vergi yığılması və vergi yoxlaması müşkülə çevrilib. "Relaks” İstirahət Mərkəzində baş verənlər ki, uzaq keçmiş deyil. Bir neçə ay əvvəl vergi əməkdaşları sözügedən istirahət mərkəzində döyülmüşdü. Millət vəkili İqbal Məmmədova məxsus olan "Relaks”da vergi əməkdaşlarını döyənlər isə onun oğlu və yaxın qohumları olmuşdu.
Görünür, digər oliqarxların nəzarətində olan şirkətlərdə də vergi əməkdaşlarına ciddi problemlər yaradılır və iş o yerə çatıb ki, ölkə başçısı məsələyə müdaxilə etməli olub.
Yeri gəlmişkən, İlham Əliyev bu məsələ barədə kifayət qədər sərt danışıb. "Bu gün də hələ bir çox şirkətlər vergiləri tam ödəmirlər. Onların qara mühasibatlığı var. Bəzi şirkətlərdə işləyənlər orada qeydiyyata alınmır. Düzdür, son müddət ərzində on minlərlə iş yeri rəsmiləşdirildi və beləliklə, qara bölgədən ağ bölgəyə transfer olundu. Amma bu, kütləvi xarakter daşımalıdır. Bir çox özəl şirkətlər vergiləri hələ də tam həcmdə ödəmir və ikili mühasibat saxlayır.
Vergi orqanları, digər hüquq-mühafizə orqanları bu tipli dırnaqarası sahibkarlara qarşı çox ciddi tədbirlər görməlidirlər. Həmin sahibkarlar da bilməlidirlər ki, vergiləri ödəmək onların borcudur. Onlardan heç bir başqa ödəniş tələb oluna bilməz. Mən bütün qurumlar qarşısında bu vəzifəni qoydum, maksimum şəffaflıq, dürüstlük olmalıdır, rüşvətxorluğa, korrupsiyaya son qoyulmalıdır. Ancaq sahibkarlar dövlət vergisini tam şəkildə ödəməlidirlər. Biz bu vergilər hesabına sosial layihələri icra edirik, vergilər hesabına köçkünləri yerləşdiririk, vergilər hesabına ordumuzu gücləndiririk. Ona görə də vergini ödəməyən cinayət məsuliyyətinə cəlb edilməlidir”, - deyə dövlət başçısı vurğulayıb.
İlham Əliyevin bu çıxışı göstərir ki, vergidən yayınan iri şirkətlərə kimin nəzarətində olursa-olsun heç bir güzəşt tanınmayacaq.