“Ucuz qiymət təklif edən taksi şirkətləri keyfiyyətdə maraqlı deyil” - Ekspert
"Taksilərin kilometrajı ilə bağlı məsələdə dövlət diqqəti daha çox yüksək həddin müəyyənləşdirilməsinə yönəltməlidir”
Bu fikirləri Sfera.az-a açıqlamasında yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Azər Allahverənov deyib:
"İlk əvvəl xidmət keyfiyyətinin yaxşı olması əsasdır. Bir vətəndaş olaraq bunda maralıyıq. Həm də onda maraqlıyıq ki, qiymət baha olmasın.Yəni, orta statistik ölkə vətəndaşı taksilərdən rahat istifadə edə bilsin. Fikrimcə, taksilərin kilometrajı ilə bağlı məsələdə dövlət daha çox diqqəti yüksək həddin müəyyənləşdirilməsinə yönəltməlidir.
Yəni, müəyyənləşən ən yuxarı həddən yuxarı qiymət qoymaq olmaz. Bu gün ölkədə taksi xidməti hər kilometrə görə ortalama 50 qəpik civarındadır. Ona fikir verilməlidir ki, şirkətlər həmin müəyyən olunan yüksək həddə qədər qiymətləri müəyyənləşdirsinlər”.
Həmsöhbətimizə görə bu zaman vətəndaşın seçim imkanı da unudulmamalıdır: "Müəyyənləşən tarifə uyğun daha yüksək qiymət təklif edən şirkət daha yüksək keyfiyyət göstəricilərilə çıxış etməlidir. Amma bəziləri də keyfiyyətə deyil, daha çox ucuz qiymət amilinə üstünlük verir. Daha ucuz qiymət təklif edən taksi şirkətləri isə daha keyfiyyətli xidmət göstərməkdə maraqlı olmaya bilərlər. Onlar daha çox müştəri cəlb etməyi düşünürlər.
Dövlətin müdaxiləsi dediyim kimi yalnız sadaladığım prinsiplərə cavab verəcək həddə olmalıdır. Amma vətəndaş da seçim imkanından məhrum edilməməlidir. Bütün hallarda maddi imkanından asılı olmayaraq hər kəs müəyyən mənada bu fürsətdən yararlanmalıdır. Elə bir yanaşma formalaşdırmalıyıq ki, burada qiymət məsələsi 3-5-ci dərəcəli olmalıdır. Əsas diqqətnizam-intizamın olmasına, kadr peşəkarlığının artımına, xidmət keyfiyyətinin yüksək həddə olmasına, dispetçer mərkəzinin monopoliyadan uzaq olmasına yönəldilməlidir”.
Elçin