Gələn il üçün təhsilə ayrılan vəsait: hansı istiqamətlərdə daha çox ehtiyac var? - TƏHLİL
Ötən gün Milli Məclis komitələrinin birgə iclasında 2025-ci ilin dövlət büdcəsinin layihəsinə baxılıb. Qeyd olunub ki, növbəti ildə təhsil xərclərinə 4946,1 milyon manat proqnozlaşdırılır. Bu, 2024-cü illə müqayisədə 395,7 milyon manat və ya 8,7 faiz çoxdur.
Bununla bağlı Sfera.az-a açıqlama verən təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib ki, 2025-ci ildə təhsilə ayrılan vəsaitlərin bölgüsü diqqət çəkir.
O qeyd edib ki, əsas istiqamətlər arasında ümumi təhsilə ayrılan vəsaitlər 2 milyard 347,6 milyon manat və ya 47,5%-lə liderlik edir:
“Bu, təhsil sisteminin təməli olan ümumi təhsilin prioritet olaraq maliyyələşdirildiyini göstərir. Ali təhsilə və dövlət sifarişi ilə ali təhsil maliyyələşməsinə 750,7 milyon manat ayrılması isə ümumi təhsilə nisbətən daha aşağı səviyyədədir. Həmçinin məktəbəqədər təhsilə ayrılan vəsaitin (467,4 milyon manat, 9,4%) daha çox artırılmasına ehtiyac var, çünki bu mərhələ uşaqların təhsilə hazırlaşmasında mühüm rol oynayır. Təhsil sahəsində digər müəssisə və tədbirlərə ayrılan 1 milyard 79,3 milyon manat vəsait (21,8%) əhəmiyyətli dərəcədə yüksəkdir. Bu xərclərin şəffaflığı və effektivliyi xüsusi diqqət tələb edir, çünki bu kateqoriyada çoxsaylı fərqli layihələr və proqramlar əhatə olunur. 2024-cü illə müqayisədə ali təhsil və dövlət sifarişi üzrə maliyyələşmənin 24,5% artması, xüsusilə müsbət haldır. Bu artım ali təhsilin keyfiyyətini artırmaq, təhsil infrastrukturunu genişləndirmək və tələbələr üçün daha çox imkan yaratmaq baxımından əhəmiyyətlidir. Lakin peşə təhsili xərclərinin yalnız 6,6% artması bu sahəyə daha çox diqqət ayrılmasının vacibliyini göstərir. Çünki peşə təhsili iqtisadiyyatın müxtəlif sahələri üçün ixtisaslı kadrların hazırlanmasında əsas rol oynayır”.
Ekspert bildirdi ki, 2025-ci il üzrə artım tendensiyası müsbət olsa da, ayrılan vəsaitlərin effektiv istifadəsi və prioritetlərin düzgün müəyyənləşdirilməsi əsas şərtdir:
“Ayrılan 467,4 milyon manat məktəbəqədər təhsil sahəsində mövcud problemlərin həllinə kifayət etməyə bilər. Məktəbəqədər təhsil müəssisələrinin sayının artırılması və keyfiyyətinin yüksəldilməsi uşaqların təhsilə hazırlığını yaxşılaşdırar. Peşə təhsilinə ayrılan vəsaitin daha çox artırılması, iqtisadiyyatın müxtəlif sahələrinə ixtisaslı kadrlar hazırlamaq üçün vacibdir. Almaniya və İsveçrə kimi ölkələrdə peşə təhsili iqtisadi inkişafın əsasını təşkil edir və bu model Azərbaycanda tətbiq edilə bilər. Ali təhsilə ayrılan vəsaitin 750,7 milyon manat olması isə müsbət göstəricidir. Lakin bu vəsaitin universitetlərdə infrastrukturun təkmilləşdirilməsi, elmi tədqiqatların maliyyələşdirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi üçün daha effektiv istifadə edilməsinə ehtiyac var. Eyni zamanda, müəllimlərin əmək şəraitinin yaxşılaşdırılması və onların peşəkar inkişafı üçün daha çox vəsait ayrılmalıdır. Müəllim maaşlarının artırılması, onların motivasiyasını yüksəldər və təhsil keyfiyyətinə birbaşa təsir göstərər”.
Günay