Məktəblərimizdə jest dilləri tədris oluna bilərmi? - AÇIQLAMA
Bu gün Beynəlxalq Jest Dilləri Günüdür. Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 2017-ci ilin dekabrında təsis etdiyi bu tarix görmə, eşitmə və danışma imkanları məhdud insanların həyatına diqqəti yönəltmək, onların problemlərinin həllinə dəstək olmaq məqsədi daşıyır.
Azərbaycanda da müəyyən qədər görmə, eşitmə və danışma imkanları məhdud insanlar var. Dövlət tərəfindən həmin insanların cəmiyyətə inteqrasiyası üçün müəyyən işlər görülsə də, hələ də bu sahədə problemlər mövcuddur. Bunlardan biri də onların təhsil həyatı ilə bağlıdır. Belə ki, onların bir çoxu digər uşaqlarla ünsiyyət qurmaqda çətinlik çəkirlər.
Bəs məktəblərdə jest dilləri tədris oluna bilərmi?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Nadir İsrafilov bildirib ki, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrsiyası, onların sosiallaşması baxımından nəinki lazımdır, hətta vacibdir:
“Məlum olduğu kimi, BMT Baş Assambleyasının qərarı ilə jest dillərinin dayanıqlı inkişafa nail olunmasında və heç kimin bu prosesdən kənarda qalmamasının vacibliyinin qeyd olunması, həmçinin, bu əlamətdar gün jest dillərindən istifadə edən bütün insanların dil özünəməxsusluğu və mədəni müxtəlifliyinin qorunması və dəstəklənməsi ilə bağlı imkan yaradılmasına nail olmaq üçün 23 sentyabr - Beynəlxalq Jest Dilləri Günü kimi qeyd olunur. İlk Beynəlxalq Jest Dilləri Günü 2018-ci ildə qeyd olunub. Bir qədər əvvəllər isə hər il sentyabrın son bazar günü dünyada Beynəlxalq “Lal-Karlar Günü” kimi qeyd olunurdu. Jest dillərindən istifadə Əlillərin Hüquqları üzrə Konvensiyada da tanınır və dəstəklənir”.
Ekspert qeyd edib ki, ölkəmizdə dövlət eşitmə danışma və görmə məhdudiyyətli insanlara xüsusi qayğı göstərir:
“Ölkəmizdəki eşitmə danışma və görmə məhdudiyyətli insanların müəyyən hissəsi yeniyetmə və gənclərdir. Dövlət onlara xüsusi qayğı göstərir. Bu məqsədlə sağlamlıq imkanları məhdud uşaqlar üçün Xəzər rayonu, Şüvəlan qəsəbəsində zəif eşidən və sonradan karlaşmış uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbi, Nizami rayonunda lal-kar uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi, valideyn himayəsindən məhrum olmuş əqli məhdudiyyətli uşaqlar üçün Xəzər rayonu, Şüvəlan qəsəbəsində 4 nömrəli Respublika xüsusi internat məktəbi, kor və zəif görən uşaqlar üçün Nərimanov rayonunda 5 nömrəli Respublika xüsusi internat məktəbi, ağır nitq pozulmaları olan uşaqlar üçün Xəzər rayonu, Türkan qəsəbəsində 6 nömrəli Respublika xüsusi internat məktəbi, ağır nitq pozulmaları olan uşaqlar üçün Qaradağ rayonu, Sahil qəsəbəsində 9 nömrəli xüsusi internat məktəbi, əqli məhdudiyyəti olan uşaqlar üçün Bilgəh qəsəbəsində 11 nömrəli inteqrasiya təlimli internat məktəbi, polimelit və beyin iflici qalığı olan uşaqlar üçün Xəzər rayonu, Şüvəlan qəsəbəsi 12 nömrəli xüsusi internat məktəbi fəaliyyət göstərib. Sonralar müəyyən rasionallaşdırma tədbirləri nəticəsində bəzi sağlamlıq imkanları məhdud uşaqlar üçün olan təhsil müəssisələrinin fəaliyyəti birləşdirmə yolu ilə optimallaşdırılıb. Belə ki, 2012-ci ildə Nazirlər Kabinetinin qərarı ilə 1 və 3 nömrəli məktəblər birləşdirilib və onların bazasında 3 nömrəli Respublika xüsusi internat məktəbi yaradılıb”.
N.İsrafilovun sözlərinə görə, bu gün cəmiyyətin davamlı inkişaf proqramının insanların hüquq və azadlıqlarının, o cümlədən dil və mədəni müxtəlifliklərinin qorunması ilə bağlı prinsiplərinə nail olunmasında mühüm addımlar atılmaqdadır:
“Ölkəmizdə də bu istiqamətdə müəyyən işlər görülür, ayrı-ayrı universitetlərdə bu mövzuda bir çox layihələr və təlimlər keçirilir. Həmin şəxslərin bir çox hallarda ali təhsildən kənar qalmasına görə gələcəkdə eşitmə və danışma məhdudiyyəti olan şəxslər üçün xüsusi fakültələrin və ixtisasların açılması müzakirə olunur. Məsələ ondadır ki, xüsusi məktəblərin şagirdləri ancaq peşə sənətinə yiyələnirlər. Bərbərlik, aşbazlıq, dərzilik və s. peşələri öyrənirlər. Məsələn, kimisi rəssamlığa meyilli olur və məktəbdə oxuduğu müddətdə bu istedadını inkişaf etdirir. Həmçinin şagirdlər həmin məktəbdə başqa peşələrə də yiyələnirlər. Bununla belə onların təhsili orta məktəbi bitirəndən sonra əslində dayanmış olur. Halbuki, onlar da başqaları kimi cəmiyyətə adaptasiya olmaq istəyirlər və burada kütləvi informasiya vasitələrinin, xüsusilə də televiziyaların üzərinə çox böyük iş düşür. Məhdudiyyətli insanlara əsas lazım olan işləməkdir. Yəni hansısa peşəyə yiyələnməlidirlər ki, işləyə bilsinlər”.
Mütəxəssis vurğulayıb ki, məktəblərdə jest, bizim dildə desək, işarət dilinin tədrisi üçün ixtisaslı kadr hazırlanmalı, Azərbaycan Dillər Universiteti və ya digər müvafiq universitetlərdə jest dili fakultəsi açılmalıdır:
“Baxmayaraq ki, Defektoloq ixtisası üzrə müəllimlərə ehtiyac yarandığından 1990-cı ildə ADPU-da defektologiya fakültəsi açılıb. Unutmayaq ki, tarixdə Lüdviq van Bethoven, Jan Jak Russo və digər başqa tanınmışlar lal-kar olmasına baxmayaraq dünyaya sənət əsərləri bəxş ediblər. Televiziyalarımızda işarə (jest) dili ilə xəbərlər bərpa edilməlidir. Halbuki, son vaxtlar belə verilişlər gözə dəymir. Sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, onların sosiallaşması baxımından nəinki, lazımdır, hətta vacibdir”.
Firuzə Əliyeva
Mövzu: elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması;
Qeyd: Məqalə Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.