"Magistr olmaq istəyən şəxs öz ixtisasından imtahan verməlidir..." - Ekspert ETİRAZ ETDİ
Azərbaycanda magistraturaya qəbul 2006-cı ildən etibarən DİM tərəfindən həyata keçirilir. 2005-ci ilə qədər magistraturaya qəbulu universitetlər özü daxili qaydada həyata keçirirdilər. 2005-ci ildən 2024-cü ilə qədər magistraturaya qəbul imtahanlarının formatında çoxsaylı dəyişikliklər edilib. Dəyişikliklərdən biri də ixtisas fənlərindən imtahanların ləğvi idi. Bir çox ekspert isə düşünür ki, magistr imtahanlarında ixtisas fənlərinə də yer verilməlidir.
Bəs magistratura pilləsi üzrə qəbulda bu yöndə dəyişiklik olmalıdırmı?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, bu məzmunda olan imtahan ilə gələcəyin elmi tədqiqat işləri ilə məşğul olacaq mütəxəssislər seçilə bilməz:
“İndi magistraturaya qəbul olunmaq istəyən tələbələr 50 məntiqi təfəkkürü yoxlayan test tapşırığı, 25 informatika üzrə, 20 xarici dil üzrə test suallarına cavab verməli, 5 ballıq esse yazmaldır.
Magistratura pilləsində ən vacib olan o mütəxəssisin ixtisas biliyidir. Onsuz da 4 il bakalavr pilləsində onların biliyi subyektiv amillər ilə yoxlanılıb. Təkrar ixtisas biliklərinin yoxlanılması zəruridir. Bizə ixtisaslı mütəxəssislər lazımdır, gələcək elmi tədqiqat işlərində heç bir vaxt istifadə etməyəcəyi riyazi məntiq yox”.
Firuzə Əliyeva