“Sualları cavablandırdıqca, həm də müvafiq mesajlar ötürürdü” – Mətbuat konfransının dəyərləndirilməsi
12:34 / 01.03.2021
1134
Prezident İlham Əliyev fevralın 26-da yerli və
xarici mətbuat nümayəndələri üçün keçirdiyi və 4 saata yaxın davam edən mətbuat
konfransında kifayət qədər vacib məsələlərə toxunub.
Azərbaycanın mövqeyi dövlət başçısı tərəfindən
yenidən konkret olaraq ortaya qoyulub, dövlətimizin və regionun gələcəyi ilə
bağlı konkret istiqamətlər göstərilib.
Digər tərəfdən Prezident İlham Əliyevin bütün
suallara, hətta spekulyativ xarakterli suallara belə təmkinlə, nəzakətlə, ətraflı,
məntiqli və dəqiq cavablar verməsi, Azərbaycana qarşı dezinformasiya yaymaq istəyənləri
yerindəcə tərkisilah etməsi diqqət mərkəzində olub.
Milli Məclisin deputatı Arzu Nağıyev Sfera.az-a açıqlamasında bildirib ki, dövlət
başçısı hər bir sualı cavablandırdıqca, həm də müvafiq mesajlar ötürürdü. Bu cavabların hər biri tezis və tam əsaslandırılmış izahlar
idi:
"4 saat
ərzində cənab prezident xarici və yerli kütləvi informasiya vasitələrinin 50
sualına cavab verdi. Hərbi, iqtisadi, siyasi, sosial məsələlələrin necə həll
olması, eyni zamanda işğal olunmuş ərazilərdə görüləcək işlər – bütün bunların hamısı,
düşünürəm ki, çox ciddi suallar idi. Prezident 44 günlük müharibədə Azərbaycanca
yerli əhali, rus dilində MDB məkanı, ingilis dilində isə xarici kütləvi
informasiya vasitələri üçün cavablar vermişdi. İndi də 4 saat ərzində verilən
cavablar sayəsində fikrimcə, elə bir qaranlıq məqamlar qalmadı”.
Politoloq Zaur Məmmədov isə saytımıza
açıqlamasında prezidentin mətbuat konfransındakı çıxışı zamanı tarixi məqamlarla
bağlı önəmli yol xəritəsinin qarşıya qoyulmasından söz açıb. O bildirib
ki, ölkə başçısının "Biz bu gün, ümumiyyətlə, Dağlıq Qarabağ ifadəsini
də işlətməməliyik. Qarabağ aranlı-dağlı Azərbaycanın ayrılmaz hissəsidir” – bəyanatı,
kifayət qədər dərin və ciddi məqamdır:
"Bu bəyanatda Prezident tamamilə haqlı olaraq
Dağlıq Qarabağ termininin qondarma termin olduğunu qeyd edir. Terminin tarixinə
də nəzər salarkən aydın şəkildə belə bir qənaətə gələ bilərik ki, Dağlıq
Qarabağ sözü Azərbaycan ərazilərinin işğalı üçün yol xəritəsi rolunu oynamalı
idi.
1923-cü il iyulun 7-də SSR rəhbərliyinin qərarı
ilə heç bir tarixi əsas olmadan Azərbaycan
Sovet Sosialist Respublikasının tərkibində
Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. 1991-ci il noyabrın 26-da Azərbaycan
Respublikası parlamentinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv
olunub. Həmin gün müstəqil Azərbaycanın parlamentinin qərarı ilə həm 1923-cü il
iyulun 7-də Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin qəbul etdiyi
dekret, həm də 1981-ci il iyunun 16-da Azərbaycan SSR Ali Sovetinin qəbul
etdiyi "Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında" qanun qüvvədən
salınıb.
Belə olan təqdirdə Dağlıq Qarabağ terminin
artıq qüvvədən düşdüyü, bu ərazilərin digər ərazilər kimi unitar Azərbaycan
dövlətinin eyni statusa, hüquqa malik olan torpaqları olduğu şübhəsizdir. Digər
tərəfdən biz Azərbaycan və Ermənistan arasında olan münaqişədən danışarkən
münaqişənin əslində "təkcə Qarabağla kifayətlənmədiyinin, Ermənistanın Azərbaycana torpaq iddiaları əsasında
olduğunu qeyd etməliyik. Ermənistanın istər Qazax – Tovuza, istər Naxçıvan və Zəngəzura,
istərsə də digər Azərbaycan torpaqlarına hələ də qalmaqda olan ərazi iddiaları
bunun bir sübutudur. Deməli, politoloqlar və ekspertlər münaqişə haqqında çıxış
edərkən münaqişəni Dağlıq Qarabağ münaqişəsi kimi qələmə verməməlidirlər”.
Z.Məmmədov həmçinin prezidentin çıxışı
zamanı tariximiz və gələcəyimiz üçün çox
vacib digər bir məqama da toxunduğunu da qeyd edib: "Dövlət başçısı işğaldan
azad edilmiş rayonların bir qismi haqqında "Şərqi Zəngəzur” terminindən istifadə
etdi. Xatırlatmaq yerinə düşər ki, hələ bir neçə il öncə də Prezident İlham
Əliyev İstanbulda Türkdilli ölkələrin dövlət başçılarının X Zirvə
toplantısındakı nitqində də Zəngəzur məsələsini gündəmə gətirmiş və qeyd
etmişdi ki, vaxtilə türk dünyasının qədim
və ayrılmaz hissəsi olan Zəngəzur bölgəsinin Azərbaycandan qopardılıb Ermənistana
verilməsi nəticəsində türk dünyası arasında coğrafi bağlantı pozulub.
Prezidentin "Şərqi Zəngəzurun işğaldan azad
edilməsi” çıxışı bizi tarixə nəzər salmağa vadar edir. 1920 –ci ildə Cənubi
Qafqazın yenidən Rusiyanın nəzarəti altına qayıtması regionda siyasi vəziyyəti
dəyişdirdi. Sovet hökumətinin qurulmasından sonra Azərbaycan türklərindən ibarət
tarixi ərazilər olan Dərələyəz, Göyçə, Zəngibasar
mahalları Ermənistana, Borçalı mahalı isə Gürcüstana verildi. Ermənistan Sovet
rəhbərliyi tərəfindən Azərbaycanın Qarabağ, Naxçıvan, Zəngəzur bölgələrinə
iddialar irəli sürüldü. Moskva dərhal bu iddiaları dəstəklədi və Azərbaycanın
kommunist rəhbərlərinə təzyiqlər güclənirdi. Azərbaycan rəhbərliyi Moskvanın təzyiqləri
qarşısında davam gətirməyərək 1920-ci il noyabrın 30-da və dekabrın 1-də Zəngəzurun
Ermənistana verilməsi haqda bəyanatlarla çıxış etdi. Zəngəzurun Ermənistana verilməsi 1920-ci il
noyabrın 30-da keçirilən Azərbaycan K/b/P MK Siyasi və Təşkilat bürolarının
birgə iclasının qəbul etdiyi qərarı ilə həll olundu. Moskvanın diqtəsi altında
Zəngəzur iki hissəyə bölündü. Nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən
3.105 kv. versti Azərbaycan SSR tərkibində qalmış, 3.637 kv. verstlik hissəsi
isə Ermənistana verilmişdi.
Beləliklə, Prezident İlham Əliyevin yuxarıda qeyd edilən çıxışı 3 məsələni aktual
edir: 1. Ermənistanın 1990 –cı illərdə Azərbaycan torpaqlarını işğalı haqqında
danışarkən, Qarabağla yanaşı Şərqi Zəngəzurun qeyd olunmasının zəruriliyi. 2. Şərqi
Zəngəzur deməklə, Zəngəzurun Ermənistanda olan Qərb hissəsinin qanunsuz olaraq
bu dövlətə verilməsini. 3. Bundan sonra artıq Dağlıq Qarabağ terminin istifadəsinin
məqbul olmadığını, belə bir terminin tarixi baxımdan və indiki reallıqlar
baxımından düzgün olmadığını”.
Qeyd edək ki, mətbuat konfransı xalqımız üçün
olduqca önəmli bir gündə, Xocalı soyqırımının 29-cu ildönümündə keçirilib. Bu
da regionda törədilən erməni vəhşiliyinin birbaşa olaraq ölkə rəhbəri tərəfindən
xarici və kifayət qədər güclü media nümayəndələrinin diqqətinə çatdırılması,
Xocalı gerçəklərinin daha geniş coğrafiyaya yayılmasına kömək edir.
Sfera.az
Günay