Stalinin “güllələnəcəksən”, Beriyanın “türmədə öldürəcəm” dediyi bakılı necə sağ qaldı? – Baybakovun həyat hekayəsi

Stalinin “güllələnəcəksən”, Beriyanın “türmədə öldürəcəm” dediyi bakılı necə sağ qaldı? – Baybakovun həyat hekayəsi
Sovet-alman müharibəsi illərində Stalinlə onun arasında kiçik bir telefon söhbəti olub. Sovet lideri telefonda amiranə bir bir səslə Baybakova göstəriş verib:

- Yoldaş Baybakov, qısa müddət ərzində yeni neft yataqları istismara buraxılmalıdır.


Baybakov Stalinin səsinin tonuna baxmayaraq bu məsələnin belə tezliklə mümkün olmayacağını sübut etməyə cəhd edib. Stalin heç nə eşitmirmiş, heç nə anlamırmış kimi söhbətə belə yekun vurub:

- Neft olacaqsa, Baybakov da olacaq, neft olmayacaqsa, Baybakov da olmayacaq.

Bəli, Stalin Baybakovdan müharibə dövrü üçün zəruri olan neft tələb edib, ərklə, inandığı və güvəndiyi bir mütəxəssis kimi…

Sfera.az növbəti yazısında 33 yaşında ittifaq miqyaslı nazir postunu tutan bakılı Nikolay Baybakovun həyatından bəhs edəcək.



O, SSRİ-də ən güclü neft mütəxəssislərindən biri sayılıb. Stalinin hakimiyyəti illərindən başlayaraq Qorbaçovun dövrünə qədər yüksək vəzifələr tutan Nikolay Baybakov güclü neft mütəxəssisi olmaqla yanaşı, həm də bacarıqlı təşkilatçı, maraqlı şəxsiyyət, qəddar Stalinin, çılğın Xruşovun, gülümsəyən Brejnevin, sərt Andropovun, anlaşılmayan Çernenkonun, ziddiyyətli Qorbaçovun qarşısında sözünü deməyi, fikirlərini əsaslandırmağı bacaran cəsarətli dövlət məmuru olub.
 
Bütün sovet liderləri ilə dil tapmağı bacaran, SSRİ-nin siyasi elitasında bütün dövrlərdə böyük nüfuza sahib olan Nikolay Baybakov 1911-ci ildə Bakının Sabunçu qəsəbəsində neftçi ailəsində anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunu bitirdikdən sonra Bakı neft mədənlərində mühəndis kimi əmək fəaliyyətinə başlayıb. O, çoxillik əmək fəaliyyəti dövründə "Leninneft” trestinin müdiri, SSRİ xalq neft sənayesi komissarı, SSRİ neft sənayesi naziri, SSRİ Dövlət Plan Komitəsinin sədri, SSRİ Nazirlər Soveti sədrinin müavini, bir neçə çağırış SSRİ Ali Sovetinin deputatı, Sov.İKP MK-nın üzvü olub.



Sovet-alman müharibəsi dövründə, 1942-ci ildə Baybakov şəxsən Stalinin əmri ilə ön və arxa cəbhənin yanacaq-sürtkü materialları ilə təchiz edilməsi üzrə müvəkkil vəzifəsinə təyin edilib. Baybakov yanacağın çıxarılması və lazımi yerlərə çatdırılması prosesini bütünlüklə tənzimləməyə nail olub. Həmin illərdə SSRİ neft-qaz sənayesinin təməlinin qoyulmasında, zəngin yataqların işlənmilməsində, yeni zavodların tikilməsində Baybakovun xidmətləri danılmaz faktdır.
Nikolay Baybakov 33 yaşında SSRİ-nin neft sənayesi komissarı (naziri) təyin edilib. Bu təyinatın maraqlı bir tarixçəsi olub. 30 noyabr 1944-cü ildə SSRİ Ali Soveti Rəyasət heyətinin qərarı ilə Sedin komissar vəzifəsindən azad olunub. Növbəti qərarla isə Baybakov neft sənayesi komissarı vəzifəsinə təyinat alıb.
 
Adətən komissar təyinatından əvvəl namizədlər Kremldə söhbətə çağırılırmış və onlar öz təyinatlarından xəbərdar olurmuşlar. Ancaq Baybakova bu haqda heç nə deməyiblər. Təyinatdan sonra Stalin onu Kremlə dəvət edib. Həmin görüş haqqında Baybakov öz xatirələrində təəsüratlarını aşağıdakı kimi bölüşüb:
 
"Stalin məni Kremlə dəvət etmişdi. Kabinetə daxili olanda əlimi sıxdı:



- Siz komissar təyin olunmusunuz, təbrik edirəm. 

Mən təşəkkürümü bildirdim və özümdə cürət tapıb Stalinə müraciət etdim:
 
- Yoldaş Stalin, icazə olar bir sual verim?
 
Stalin başı ilə razılıq verdi.

- Niyə mən komissar olmağım haqqında xəbərdar olmamışam, heç kim mənimlə söhbət etməyib?

- Baybakov, biz öz kadrlarımızı yaxşı tanıyırıq. Sən yeni neft mədənlərindən danış, SSRİ-nin "İkinci Bakı”sı nə vaxt olacaq?

Mən ona Kuybışev və Başqırdıstandakı vəziyyətlə bağlı geniş məlumat verdim, hansı avadanlıqların lazım olduğunu söylədim. O, dərhal Beriyaya zəng vurdu:

- Lavrenti, Baybakov səndən nə istəsə hamısını ver...”.



Qeyd edək ki, həmin dövrdə, Baybakov komissar olarkən Beriya Nazirlər Sovetinin sədr müavini vəzifəsində işləyib və SSRİ-nin yanacaq məsələləri onun kurasiyasında olub. Bu isə o deməkdir ki, Baybakov birbaşa Beriya ilə işləmək məcburiyyətində qalıb. Beriya ilə Baybakovun münasibətləri isə həmişə gərgin həddə olub.
 
Elə bir görüş olmayıb ki, Baybakov onun dilindən öz ünvanına "ayaqlarını sındıraram”, "türmədə otuzduraram”, "sürgünə göndərərəm” kimi ifadələr eşitməsin. Beriyanın Baybakova qarşı ən şox işlətdiyi ifadə isə "Səni çıxdığın neft qülləsindən ataram” ifadəsi olub. Təbii ki, Beriyadan hər şey gözləmək olardı, amma buna baxmayaraq Baybakov biliyi, bacarığı, təcrübəsi və ən nəhayət cavan yaşlarından müdrikliyi ilə bu gərgin vəziyyətlərdən sağ çıxmağı bacarıb.

Baybakov müharibənin ən gərgin vaxtlarında, Stalinlə olan bir görüşlə, Bakı nefti ilə bağlı verdiyi tapşırıqla bağlı da xatirələrində maraqlı məlumatlar verib:
"1942-ci ilin isti yay günlərinin birində Kremldən mənə zəng vurub dedilər ki, təcili Stalinin qəbuluna gəlin. Dərhal Kremlə yollandım. Stalin mənimlə əllə görüşüb əyləşməyə yer göstərdi. Sonra kabinetdə gəzişərək birbaşa mətləbə keçdi:

- Hitler Qafqaza can atır, elan edib ki, Qafqazın neftini ələ keçirməklə müharibədə qələbə qazanacaq. Elə etmək lazımdır ki, almanlar bir damcı da olsa, neft əldə edə bilməsinlər. Nəzərə alın, əgər Qafqaz neftindən bir damla belə Hitlerə çatsa, güllələnəcəksiniz.

Aramla və sakit danışmasına baxmayaraq səsinin tonunda əvvəlkilərdən də çox ciddilik və tələbkarlıq var idi və o fikirlərini davam etdirirdi:

- Onu da nəzərə alın ki, alman qoşunlarının işğal etmək istədiyi, ancaq edə bilmədiyi yerlərdə neft mədənlərini vaxtından əvvəl ləğv etsəniz və bizi neftsiz qoysanız, yenə də güllələnəcəksiniz.

Mən Stalini anlayırdım. Amma qarşıma qoyulan şərtlərin kəskinliyini, sərtliyini də düşünürdüm və nəhayət, cəsarətə gəlib dedim:

- Siz mənə əlavə seçim imkanı vermədiniz...

O, iki barmağını gicgah nayihəsinə qoyub dedi:

- Seçim sizin başınızda olmalıdır, düşünün və təcili Qafqaza yollanın.

Stalinin bu cür sərt şərtlərini təbii qəbul etdim. Çünki müharibədə real vəziyyətin necə olduğunu bilirdim. Əslində "güllələnəcəksən” ifadəsi də çox qorxurtmurdu məni. Çünki var gücümlə calışacaqdım ki, almanlara neft çatmasın. Və biz bu işin öhdəsindən gəldik, lazım olan yerlərdən nefti və neft avadanlıqlarını arxa cəbhəyə göndərərək mədənləri betonla doldurduq. İşğal ehtimalı az olan yerlərdə neft mədənlərimiz işlədi. Ən əsası Bakı nefti qorundu...”.

Ümumiyyətlə, Nikolay Baybakov Stalindən Qorbaçovadək bütün rəhbərlərlə yüksək səviyyədə normal, işgüzar münasibətdə olub. Bu münasibətlərin arxasında adi bir təbəssüm, yaxud xoş, mədəni rəftar deyil, onun sırf peşəkarlığı, işgüzarlığı dayanıb.



Baybakov gənc yaşlarından fəaliyyətini Moskvada davam etdirsə də, o, Azərbaycanı həmişə özünə vətən hesab edib, Azərbaycanla əlaqələrini kəsməyib, doğma yurda sevgisinin təzahürü olaraq Azərbaycanla bağlı yazdığı bir-neçə kitabının birini "Mənim Vətənim Azərbaycandır” adlandırıb. O, SSRİ Dövlət Plan Komitəsinin sədri vəzifəsində çalışarkən Azərbaycanın iqtisadi inkişafı üçün də az işlər görməyib. Baybakov uzun illər Rusiya-Azərbaycan Dostluq Komitəsinə rəhbərlik edib.

Ağır müharibə illərini keçməsinə, həmişə çətin və gərgin rejimdə işləməsinə baxmayaraq Nikolay Baybakov uzun bir ömür sürüb. O, 2008-ci ildə 97 yaşında Moskva şəhərində vəfat edib, Moskvanın Novodeviçye qəbirstanlığında dəfn olunub.

İlham Cəmiloğlu
Sfera.az
 
 
 
 



 
 
 
 
 
 
 
 
 
 

OXŞAR XƏBƏRLƏR