Sizə bu mesaj gəlsə, aldanmayın! - FOTO

Sizə bu mesaj gəlsə, aldanmayın! - FOTO

Azərbaycanda internet üzərindən dələduzluq zaman-zaman həyata keçirilib. Son günlər isə bu proses daha da aktivləşib. Artıq hansısa kibercinayətkar qrup bir neçə qurum adından saxtakarlıqlar edərək insanların şəxsi məlumatlarını və bank kartı hesablarını ələ keçirirlər.

Sfera.az bildirir ki, qafqazinfo-ya müraciət edən vətəndaşlar bildirib ki, onlar internet brauzerdən istifadə edərkən ekrana qəfildən "Bu gün "Samsung S 10" və ya "iPhone 11 Pro"nun qalibi seçildiniz. Mükafatı başqasına verməzdən əvvəl "OK" düyməsinə klikləyin" mesajı çıxır. 

Düyməni təsdiqləyən şəxslər artıq tələyə düşmüş hesab olunur və ona 4 suala düzgün cavab verəcəyi təqdirdə bu telefonlardan birini əldə edəcəyi bildirilir. Maraqlı məqam bundan ibarətdir ki, suallar həmin şəxsin özü barəsində olur. İstifadəçi özü haqda suallara "düzgün" cavab verəndən sonra qeyd edilən iki telefondan birini seçməsi təklif olunur. Bu etapdan sonra o, telefonun qalibi elan edilir. Ardınca isə mükafatın ona göndərilməsi üçün çatdırılma haqqı olaraq 1-3 manat ödəniş etməsi istənilir. Növbəti açılan pəncərədə isə ödəniş üçün bank kartı məlumatlarını təqdim etməlidir. Bütün göstərişlərə əməl etdikdən sonra kibercinayətkar qrup istifadəçinin telefonu və ya komputerindəki məlumatları və bank kartını ələ keçirir.

Son günlər bu saxta yolla mükafatlandırma kampaniyası "Azərpoçt" və təhsil sahəsində İKT proqramları həyata keçirən "Azedunet" şirkətinin adından aparılır. 

Bakı Mühəndislik Universitetinin müəllimi, İnformasiya Texnologiyaları üzrə ekspert Vahid Qasımov "qafqazinfo"ya açıqlamasında bildirib ki, adətən qeyri-qanuni saytların birinə daxil olanda (porno, crack, hack, lisenziyasız download və s. ) orada fəaliyyətin davamı olaraq belə keçidlər olur: "Bu keçidlər sizi avtomatik olaraq "fishing" saytına ata bilər. "Fishing"  zahiri olaraq başqa müəssisəsinin saytına oxşadılıb, fərqli resursda yer alan saxta saytdır.

Sizin kompüterin (telefonun) bütün parametrləri - modeli, "browser"i, ekran ölçüsü, əməliyyat sistemi, sistemin dili, provayderi və s. onsuz da HTTP protokolu ilə gəlir. Onları götürüb, sizə uyğun (sizin dilinizdə, qoşulduğunuz ölkəyə və provayderə uyğun) səhifə dinamik olaraq hazırlanıb göstərilir".

V.Qasımov bildirib ki, şəxsi məlumatları təqdim edənə qədər istifadəçiyə hər hansı ziyan dəymir:

 

"Əslində bütün addımlardan keçmək təhlükəsizdir, ta ki, sizdən şəxsi məlumatlar istənilsin. Ad-soyad, telefon nömrəsi, email, bank məlumatları, VÖEN və s. daxil etmək artıq təhlükəlidir. Həmin məlumatları əldə edərək emailinizi də sındıra bilərlər, sosial şəbəkə hesablarınızı da ələ keçirdə bilərlər, "iCloud" və ya "Drive"ınıza qoşulub bütün şəkillərinizə də baxa bilərlər, telefonunuza qoşulub nömrələr siyahınızı və "SMS"lərinizi də oxuya bilərlər. Nəhayət bank kartınızdan pul da oğurlaya bilərlər".

Ekspert belə bir halla rastlaşdıqdan sonra atılacaq addımları da izah edib: "Belə bir səhvə düşmüsünüzsə, dərhal daxil etdiyiniz emailin parolunu təcili dəyişməli, bank kartınızı ləğv etməli və yenisini açmalısınız".

Qeyd edək ki, ötən ilin sentyabr ayında "Azərpoçt" əhaliyə müraciət edərək belə mesajlara aldanmamaları barədə xəbərdarlıq etmişdi. (milli.az)

OXŞAR XƏBƏRLƏR