İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilən 17-ci Zirvə görüşü böyük tarixi hadisədir

4 iyul 2025-ci il tarixində Azərbaycanın tarixi şəhəri olan Xankəndinin ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbir — İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü Azərbaycanın işğaldan azad edilmiş ərazilərində təşkil edilən ən mühüm regional tədbirlərdən biri olmaqla yanaşı, həm də Azərbaycanın artan beynəlxalq rolunun təzahürü kimi qiymətləndirilməlidir.
Bunu Sfera.az-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.
Onun sözlərinə görə, Azərbaycan artıq üçüncü dəfədir ki, ECO-nun Zirvə görüşünə ev sahibliyi edir:
"Əvvəlki iki Zirvə görüşü 2006-cı və 2012-ci illərdə Bakıda keçiriib. Azərbaycanın üçüncü dəfə ECO Zirvə görüşünə ev sahibliyi etməsi bu təşkilatla əlaqələrin dərin və strateji xarakter daşıdığını göstərir. ECO Zirvə görüşünün məhz Xankəndidə keçirilməsi Qarabağda sülhün, sabitliyin və yenidənqurmanın beynəlxalq səviyyədə tanınması və dəstəklənməsi baxımından xüsusi önəm daşıyır.
Zirvə görüşündə Azərbaycan Prezidenti cənab İlham Əliyev Ermənistanın 30 illik işğal dövründə xarabazara çevirdiyi torpaqlarda hazırda yeni şəhərlər və kəndlər inşa edildiyini və “Böyük Qayıdış” proqramının icra edildiyini xüsusi olaraq vurğuladı və azad edilmiş ərazilərdə artıq 50 mindən çox insanın yaşadığını qeyd etdi. Prezident İlham Əliyev həmçinin, keçən ay İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasında Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin bütün 57 üzv ölkənin yekdil qərarı ilə qəbul olunmasını yüksək qiymətləndirdi. Bu qətnamə ilə yanaşı, Nazirlər Şurasının yekunlarına dair “İstanbul Bəyannaməsi”ndə indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların geri qayıdış hüququnun təsdiqləndiyini və Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqu rədd etməsinin qınanıldığını xüsusi olaraq qeyd etdi və Qərbi azərbaycanlıların Ermənistandakı öz dədə-baba torpağına sülh yolu ilə qayıdışının təmin edilməsi sahəsində səylər bundan sonra da davam etdiriləcəyini bəyan etdi".
Millət vəkili qeyd edib ki, Azərbaycan ECO ilə əməkdaşlıqda fəal və təşəbbüskar tərəf kimi çıxış edir:
"Son 20 ildə ölkə iqtisadiyyatına 350 milyard ABŞ dolları sərmayə cəlb olunub, bunun yarısı xarici investisiyalardır. Azərbaycanın təbii qazı bu gün 12 ölkəyə ixrac olunur, ölkə enerji təhlükəsizliyində mühüm aktora çevrilib. Bundan əlavə, Azərbaycan ərazisindən keçən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri, regionun ticarət və logistika xəritəsində ölkəmizi əsas keçid məntəqəsinə çevirir.
Şuşa 2026-cı ildə ECO-nun “Turizm paytaxtı” elan olundu. Bu status Azərbaycanın Qarabağ bölgəsinin beynəlxalq turizm və mədəniyyət mərkəzinə çevrilməsi baxımından əhəmiyyətlidir. Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq keçirilən ECO Həftəsi çərçivəsində Şuşada Biznes Forumu, Ağdamda Gənclər Forumu və Laçında Qadınlar Forumu keçirilib. ECO-nun Azərbaycanda yerləşəcək Tədqiqat Mərkəzinin və Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlamasının təmin olunması istiqamətində işlər davam edir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Xankəndidə keçirilən ECO Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var. Bu tədbir Qarabağda sülhün və ədalətin təmin olunduğunu və bu ərazilərə yeni həyatın qayıdışını bir daha təsdiq etməklə yanaşı, eyni zamanda Azərbaycanın müstəqil və güclü dövlət kimi regional liderliyini, regional və beynəlxalq əməkdaşlıqda əsas aktorlardan biri olduğunu bir daha təsdiq edir".