Jurnalistlər Füzuli və Xocavənddə - FOTOREPORTAJ

Jurnalistlər Füzuli və Xocavənddə - FOTOREPORTAJ

Füzuli və Xocavənd rayonlarına yerli jurnalistlər üçün mediatur təşkil olunub.

 

Sfera.az xəbər verir ki, jurnalistlər əvvəlcə Füzuli şəhərində yeni tikilən binalarla, yaradılan şəraitlə tanış olublar.

 

Sonra Füzuli rayonunda yerləşən məktəbdə brifinq keçirilib. Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Ümid İsazadə bildirib ki, işğal dövründə ərazilərə minalar basdırıldığı üçün bu yerlərdə əvvəlcə təmizləmə işləri aparılıb, əsas infrastrukturun yaradılması həyata keçirilib. Bu işlərə Zəfər yolu, Füzuli-Hadrut yolu, Füzuli-Ağdam yolu və şəhərdaxili yol-kommunikasiya şəbəkələri daxildir. Şəhər işıq, su və qazla tam təmin olunub. 822 ailə artıq işğaldan azad olunmuş Füzuli şəhərinə qayıdıb. Əhalinin məşğulluğu üzrə də addımlar atılıb. Belə ki, buraya köçən əhalinin əmək qabiliyyəti tam detallı təhlil olunur və mövcud vakansiyalar elan edilir. 1300 kv. metrdən çox qeyri-yaşayış ərazisi Füzuli sakinlərinə verilib. Hazırda 110 sakinin müraciətinə də baxılır, onlar da yaxında qeyri-yaşayış sahələri ilə təmin olunacaqlar.

 

Qeyd olunub ki, Füzuli şəhərinin baş planına əsasən, ərazidə sənaye zonası üçün sahə ayrılıb və yol-kommunikasiya xətlərinin çəkilişi davam etdirilir. Hazırda sənaye zonası layihələndirmə mərhələsindədir. Hazırda Füzuli şəhərində Özbəkistan tərəfindən inşa edilən 960 yerlik Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, Qazaxıstan tərəfindən inşa olunan 600 yerlik Uşaq Yaradıcılıq Mərkəzi fəaliyyət göstərir. Bunlardan başqa, 240 yerlik bağça tikilir, 180 yerlik xəstəxana isə yaxın zamanlarda tikiləcək. İnşa olunan 38 binanın ətrafında istirahət parkı salınıb. Bundan əlavə, böyük mərkəzi parkın salınması da nəzərdə tutulub və torpaq işlərinə başlanılıb.

 

Hazırda Füzuli şəhərində 2-ci və 3-cü yaşayış məhəllələrinin layihələndirilməsi davam etdirilir və yaxın zamanlarda tikintisi nəzərdə tutulub. Füzulidə həmçinin 6 kəndin təməli qoyulub. Dövlətyarlı kəndinin torpaq tikinti işləri bitib. İlkin mərhələdə 450 evin tikintisi nəzərdə tutulub. Dədəli kəndində də torpaq işlərinin yaxın zamanda başlanılması nəzərdə tutulur.

 

Ümid İsazadə qeyd edib ki, Hadrut və Tuğ çox vacib ərazilərdən biridir. Hadrutda məscidin tikintisi davam etdirilir. İnvestisiya hesabına fərdi yaşayış evləri tikilir. Dövlət tərəfindən torpaq söküntü işləri artıq bitib. 7 yaşayış binasının bərpası və inzibati mərkəzin, klub icma mərkəzinin, müxtəlif ictimai iaşə binalarının tikintisi yaxın zamanlarda başlayacaq. Tuğda isə ilkin mərhələdə 30 fərdi yaşayış evinin yenidən bərpasına, onların ətrafında yaşıllıq ərazilərinin, yol komunikasiya şəbəkələrinin, səkilərin, inzibati mərkəzlərin, bir neçə qeyri-yaşayış binasının, məktəbin və bağçanın tikinti-bərpasına yaxın zamanlarda start veriləcək.

 

Xüsusi nümayəndənin köməkçisi onu da bildirib ki, digər ərazilərdə olduğu kimi, Füzuli və Xocavənddə də mədəni-tarixi abidələrimiz erməni vandalizminə məruz qalıb. İstər Hadrutda, istərsə də Tuğda turizm mərkəzi olduğu üçün Turizm Agentliyi tərəfindən müxtəlif işlər görülür.

 

Daha sonra media nümayəndələri Xocavəndin Hadrut qəsəbəsində olublar.

 

Firuzə Əliyeva

 

 


OXŞAR XƏBƏRLƏR