\"Mübahisəsiz boşanma prosesini bu qurumlara həvalə edək\" - MM-də TƏKLİF

\

"Mübahisəsiz boşanma prosesini tam şəkildə qeydiyyat idarələrinə həvalə edə bilərik".


Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Bəhruz Məhərrəmov deyib.

 

Millət vəkili bildirib ki, bir çox hallarda boşanma prosesi özü zorakılığın kökündə dayanan amil olur: “Ümumiyyətlə, biz mübahisəsiz boşanma prosesini niyə məhkəmələrə həvalə edirik? Mübahisə varsa, başqa məsələ, amma mübahisə yoxdursa, üstəlik nikah müqaviləsi də varsa, biz Ailə Məcəlləsinin 17-ci maddəsində olduğu kimi boşanma prosesini tam şəkildə Qeydiyyat idarələrinə həvalə edə bilərik. Nikah könüllü ittifaqdır, adam istəmirsə, onun aylarla məhkəmədə sürünməsinə nə gərək var? Barışma ehtimalı varsa, zatən mediasiya prosesində müəyyən olunacaq”.

 

Deputat nikah müqaviləsini icbari formata salmağı da təklif edib:

 

“Necə ki, nikahdan öncə tərəfləri icbari tibbi müayinəyə cəlb edirik, eləcə də nikah üçün müraciət edərkən nikah müqaviləsi də aidiyyəti icra orqanına təqdim edilməlidir. Bunun üçün tərəflərin bərabər mənafelərini rəhbər tutaraq müqavilə nümunəsi də Ailə Məcəlləsinə əlavə kimi nəzərdə tutulmalıdır ki, xüsusi şərtləri olmayan tərəflər elə bu formadan istifadə etsinlər. Üstəlik nikah kontraktında ərin (arvadın) öhdəlikləri üzrə digərinin mülkiyyətində olan əmlaka, habelə ümumi əmlakındakı payına yönəlməsini yalnız tərəfin özünün birbaşa iradəsinə bağlamalıyıq. Biz bununla birincisi, yersiz məhkəmə çəkişmələrinin qarşısı ala bilərik, ikincisi isə boşanma prosesində xüsusən qadınların hüquqları üçün təhdidləri aradan qaldırmış olarıq”.

 

Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR