On dörd ölkənin dövlət başçısı - III Çarlz rəsmən fəaliyyətə başladı

On dörd ölkənin dövlət başçısı - III Çarlz rəsmən fəaliyyətə başladı

Bu gün III Çarlz Londonda keçirilən xüsusi mərasimlə rəsmən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kralı olub. 


Sfera.az xəbər verir ki, Böyük Britaniyanın paytaxtı Londondakı Vestminster abbatlığında III Çarlzın tacqoyma mərasimi yekunlaşıb. 


Tacqoyma mərasiminin ən əlamətdar anında arxiyepiskop Castin Uelbi Çarlzın başına 360 il əvvəl hazırlanan Müqəddəs Edvard tacını qoyub. 


Xatırladaq ki, III Çarlz keçən ilin sentyabrında anası Kraliça II Elizabetin ölümündən sonra faktiki kral olmuşdu. Tacqoyma isə monarxın rəsmi olaraq Böyük Britaniyanın dövlət başçısı olmasını bildirir. Tacqoyma ilə o, həmçinin, 14 ölkənin dövlət başçısı oldu. 


Tacqoyma mürəkkəb mərasimdir və bu tədir 2 saatdan bir qədər çox davam edib. 


Bundan öncəki tacqoyma ilə müqayisədə mərasimin daha uzun müddət davam etdiyi məlum olub. 1953-cü ildə II Elizabetin tacqoyma mərasimi təxminən bir saatdan qısa müddətdə yekunlaşmışdı. Bununla belə yeni kral da 1000 ildən çox müddət ərzində eyni qalan ənənəvi tacqoyma qaydalarına əməl edib.


Kral tacqoyma andı içdi və tacqoyma mərasimində ucadan dua edən ilk monarx olub. Duasında o, “hər inancdan və əqidədən” insanlara “xeyir-bərəkət” olmasını arzulayıb. 


Kral tac qoyduqdan sonra onun həyat yoldaşı Kraliça Kamilla öz tacını taxıb. Yaxın tarixdə ilk dəfə bu münasibətlə xüsusi yeni tac hazırlanmayıb.


Mərasimdə  Böyük Britaniyanın Baş naziri Rişi Sunak "İncil"dən bir hissə oxuyub və  "İncil"ə dair musiqi səsləndirilib. Kral və kraliça ev süvarilərinin müşayiəti ilə altı atın çəkdiyi möhtəşəm arabada Vestminster Abbatlığına gediblər. Daha sonra onlar İngiltərə Kilsəsinin yüksək səviyyəli rəsmiləri və onların ən yaxın ailə üzvlərinin əhatə etdiyi uzun dəhlizdən keçiblər. Mərasimdən sonra yeni tac qoymuş kral və kraliça 4000 silahlı qüvvədən, 250 at və 19 hərbi orkestrdən ibarət daha geniş paraddan Bukingem Sarayına qayıdıblar.


Mərasimdə Böyük Britaniya rəsmiləri, din xadimləri və beynəlxalq nümayəndələrlə yanaşı ABŞ-nin birinci xanımı Cil Bayden və ABŞ prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerri, Çinin vitse-prezidenti Han Zheng də iştirak edib. Kanadanın Baş naziri Castin Trüdo, Fransa Prezidenti Emmanuel Makron və bir çox digər dünya liderləri də tədbirə qatılanlar arasında olublar. Azərbaycanı mərasimdə Milli Məclisin sədri Sahibə Qafarova təmsil edib.


Böyük gün ərəfəsində etiraz tədbirləri də olub. Bəziləri milyonlarla britaniyalının inflyasiya səbəbindən xərclərinin kəskin artmasını əsas gətirərək vergi ödəyicilərinin milyonlarla funt-sterlinq pullunun dəbdəbəli mərasimə xərclənməsinə etiraz ediblər. Tacqoyma mərasimi monarxiya əleyhinə etirazları da gücləndirib. Bu gün səhər Londonun mərkəzində az sayda etirazçı tədbir başlamazdan əvvəl həbs olunub.


Monarxiyanın ləğvinə çağıran bir təşviqat qrupu olan respublika tərəfdarları da etiraz aksiyası keçiriblər. Böyük Britaniyada antimonarxistlərin etiraz aksiyaları həmişə müşahidə edilib. 


CNN-nin keçirdiyi sorğuya əsasən britaniyalıların monarxiyaya baxışları son on ildə bir qədər də pisləşib. Mart ayında sorğu şirkəti “Savanta” tərəfindən CNN üçün keçirilən sorğunun nəticələri göstərir ki, III Çarlzın varisi Şahzadə Uilyama atasından daha böyük sevgi ilə baxılır. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR