“Bakı topu Ermənistana ötürüb, noyabrda isə...” – Rasim Musabəyovun ŞƏRHİ

“Bakı topu Ermənistana ötürüb, noyabrda isə...” – Rasim Musabəyovun ŞƏRHİ

“Azərbaycan və Ermənistan arasında münasibətlərin, sərhədlərin və kommunikasiyaların müəyyənləşdirilməsinə dair saziş 2022-ci ilin sonuna qədər yekunlaşa bilər”.

 

Sfera.az bildirir ki, bunu Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirib. Deputat bunun üçün mümkün ilkin şərtləri də açıqlayıb:

 

“Ermənistan nə indi, nə də yaxın gələcəkdə Azərbaycana müqavimət göstərmək iqtidarında deyil. Rusiya Putinin obrazlı ifadəsi ilə desək, nümayəndələrinin qərb səfirliklərində və paytaxtlarında çaqqalıq edən Paşinyan komandasına tərəf çıxa bilməz və belə bir niyyətdə deyil. ABŞ və Fransanın isə Cənubi Qafqazda hərbi qüvvələri yoxdur və Türkiyə-Azərbaycan tandemi ilə birbaşa münaqişəyə girmək onların maraqlarına uyğun deyil. İranın Araz çayı yaxınlığında keçirdiyi hərbi təlimlər də ciddiyə alınmır, çünki qərb havadarlarının nəzərində SEPAH  “xəstəlikdən də pis dərman”dır.

 

Bu gün Ermənistan üçün yeganə rasional strategiya Qərbin böyük maliyyə və texnoloji yardımı ilə sürətli inkişafdan ibarətdir. Amma bunun üçün uzunmüddətli sülh, sərhəddə stabillik, Azərbaycan və Türkiyə ilə əlaqələrinin bərpası önəmlidir. Paşinyanın Qərb havadarları Qarabağdan əl çəkmək şərti ilə onu buna sövq edir, orada qalan ermənilərin taleyinin, hüquqlarının və təhlükəsizliyinin qayğısına qalacaqlarını vəd edirlər. Lakin burada ancaq rəsmi Bakı ilə razılaşmaq şərtilə həyata keçirilə bilən diplomatik dəstək və maliyyə yardımından danışa bilərik”.

 

Millət vəkili qeyd edib ki, 2025-ci ilin sonuna kimi rus sülhməramlılarının çıxarılmasından sonra Ağdamda Rusiya-Türkiyə monitorinq mərkəzi təhlükəsizliyin təmin edilməsini öz üzərinə götürə bilər:

 

“Bu da dost dövlətlərin kiçik kontingentləri vasitəsilə mümkündür. Qarabağ erməniləri ilə dialoqa gəlincə, onun təşkili və aparılması üçün Bakının vasitəçilərə ehtiyacı yoxdur. Aidiyyəti orqanlar prosesin gedişi barədə məlumatlandırılacaq, öz tövsiyə və dəstək təkliflərini verə biləcəklər. Sülh prosesində iştirak edən bütün ölkələr və tərəfləri birləşdirən amil regionda mehriban qonşuluq və əməkdaşlığın bərpasına əsaslanan təhlükəsizliyə, iqtisadi inkişafa qarşılıqlı maraqdır. Sülh müqaviləsinin əsas elementlərini əks etdirən mətni təqdim edən Bakı topu Ermənistana ötürüb. Noyabrda prezident İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla Brüsseldə keçirilməsi planlaşdırılan görüşünə qədər saziş mətninin masaya qoyulması, əksər müddəaların razılaşdırılması üçün tərəflərin danışıqlar qruplarının fasiləsiz rejimdə işləməyə başlamasının vaxtı çoxdan çatıb”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR