Sahibə Qafarova NATO nümayəndə heyəti ilə görüşdü

Sahibə Qafarova NATO nümayəndə heyəti ilə görüşdü
Milli Məclisin sədri Sahibə Qafarova NATO Baş katibinin siyasi və təhlükəsizlik məsələləri üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolominanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Sfera.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Milli Məclisin sədri Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramında fəal iştirak etdiyini söyləyib. O bildirib ki, ötən müddət ərzində əməkdaşlığımız uğurla inkişaf edib. Spiker vurğulayıb ki, Azərbaycan beynəlxalq sülhün qorunmasına öz töhfəsini verir, təşkilata assosiativ üzv kimi NATO-nun sülhyaratma missiyalarında fəal iştirak edir. Azərbaycan Prezidentinin vurğuladığı kimi, NATO-nun sülhməramlı əməliyyatlarında iştirak əməkdaşlığımızın mühüm tərkib hissəsidir. Bu baxımdan NATO əsgərləri ilə çiyin-çiyinə Əfqanıstanda azərbaycanlı əsgərlərin son günədək xidmətini xüsusi qeyd etmək lazımdır. Azərbaycan NATO-nun Qadınlar, sülh və təhlükəsizlik proqramı çərçivəsində də fəaldır.

Azərbaycan Milli Məclisinin NATO Parlament Assambleyası ilə əlaqələri haqqında danışan Sahibə Qafarova deyib ki, təşkilatla sıx əməkdaşlığımız mövcuddur. Milli Məclisin nümayəndə heyəti təşkilatın sessiyalarında və seminarlarında iştirak edir.

Görüşdə Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi zəfər barədə məlumat verən Milli Məclisin sədri bildirib ki, 30 ilə yaxın müddətdə Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayıb. Ötən il Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu öz gücü ilə torpaqlarını işğaldan azad edərək, BMT Təhlükəsizlik Şurasının bu məsələ ilə bağlı qətnamələrini həyata keçirib. Spiker deyib ki, bu gün artıq Qarabağ münaqişəsi tarixə qovuşub. Ölkəmiz hazırda Qarabağda quruculuq və bərpa işləri aparır, hava limanları, yollar, körpülər, digər infrastruktur obyektləri qurur. Azərbaycan regionda sülh və əmin-amanlığın bərpa olunmasını istəyir. Ermənistan isə yenə təxribatlara əl atmaqda davam edir. O deyib ki, 10 noyabr bəyanatından bir ilə yaxın vaxt ötməsinə baxmayaraq, Ermənistan hələ də minalanmış ərazilərin xəritələrini təqdim etməyib. Bu, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır.

Söhbətdə Azərbaycana ilk dəfə səfər etdiyini söyləyən NATO Baş katibinin siyasi və təhlükəsizlik məsələləri üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Milli Məclisin sədrinə "Müstəqilliyin bərpası günü" münasibəti ilə təbriklərini çatdırıb, ölkəmizdə gördüyü inkişafdan məmnunluğunu ifadə edib. O bildirib ki, pandemiya səbəbindən səfərlərin həyata keçirilməsində çətinliklər yaransa da, onun regiona bu səfəri NATO Baş katibinin tapşırığı ilə həyata keçirilir. Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyanın tərkibində iştirakına görə təşəkkür edən qonaq təşkilata assosiativ üzv olan Azərbaycanla əməkdaşlığa böyük önəm verildiyini diqqətə çatdırıb. O, Azərbaycanla təmsil etdiyi qurum arasında münasibətləri yüksək dəyərləndirib.

Görüşdə Milli Məclisin NATO PA-da nümayəndə heyətinin başçısı, parlamentin komitə sədri Ziyafət Əsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Baş prokuror Koreya səfiri ilə görüşdü - FOTOLAR

Noyabrın 29-da Azərbaycan Baş prokuroru Kamran Əliyev Koreyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kim Tonq Opla görüşüb. Bu barədə Sfera.az-a B...

Ceyhun Bayramov İƏT-in Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etdi - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 25-ci iclasında iştirak edib. Bu ...

İsrailin Azərbaycandakı səfiri Ağdama səfər etdi - FOTOLAR

Bu gün İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dikin başçılıq etdiyi nümayəndə heyəti Ağdama səfər edib. Sfera.az xəbər verir ki, bu...

Azərbaycan və Rusiya parlamentlərinin sədrləri Qarabağdakı vəziyyəti müzakirə etdilər - FOTOLAR

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb. Sfera.az xəbər verir ki, tərəflər...

Samir Nuriyev Putinin xüsusi nümayəndəsi ilə görüşdü - FOTOLAR

Azərbaycan Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy ilə ...

Ceyhun Bayramov Putinin nümayəndəsi ilə görüşdü - FOTOLAR

Noyabrın 24-də xarici işlər naziri Ceyhun Bayramov Rusiya Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyla görüşüb. ...