Aspirin haqqında 5 suala cavab
20:01 / 15.06.2017
1240
Ürəktutma və ya insultdan sonra gündəlik əsasda aspirin qəbul edənlərin mədəsində ciddi və hətta ölümlə nəticələnə bilən qanaxmanın yaranma riski daha yüksəkdir. Bu risk əvvəl düşünüldüyündən daha yüksəkdir, Lancet jurnalı aparılmış tədqiqatın nəticələrinə əsaslanaraq yazır.
Alimlərə görə, riskləri azaltmaq üçün, yaşlı adamlar aspirinlə yanaşı eləcə də mədəni qoruyan PPI (proton pompalı ingibitor) həbləri də qəbul etməlidirlər.
Eyni zamanda həkimlər təkid edir ki, aspirinin qəbul edilməsi ürəktutma hallarının qarşısının alınmasında mühüm rol oynayır və bu, digər riskləri üstələyir.
Bu səbəbdən onlar aspirinin qəbulunu qəfil dayandırmağı məsləhət görmürlər.
Dərmanların qəbulu qaydasında hər hansı dəyişiklik edilməsindən əvvəl pasiyentlər həkimlə məsləhətləşməlidirlər, məqalə müəllifləri qeyd edir.
"Ömürlük həblər"
Bir qayda olaraq insult və ya ürəktutmadan sonra həkimlər həmin insana ömrünün sonunadək aspirin qəbul etməyi məsləhət görürlər.
Lakin aspirinin mədədə qanaxmaya səbəb ola bilməsi də məlumdur.
İndiyədək bu məsələyə dair tədqiqatlar yalnız yaşı 75-dən az olanlar üzərində keçirilib.
Və həmin tədqiqatların nəticələri bu yaş qrupunda mədə qanaxmasının ciddi miqyas alması riskinin aşağı olmasını müəyyən edib.
Britaniyada omürlük aspirin qəbul edənlərin yarıdan çoxunun yaşı 75-i ötüb. Oxford Universitetindən alimləri həmin yaş qrupuna aid olanlar arasında aspirin qəbulu üstünlüklərini riskləri ilə müqayisə ediblər.
Onlar aspirin qəbul edən 3,166 pasiyenti müşahidə ediblər.
Məlum olub ki, yaşı 65-dən az olanlar arasında mədə qanaxması və digər ölümcül sonluqla nəticələnən halların faizi 0.5%-dən az olub ( orta hesabla, dərman qəbul edənlərin hər 200 nəfərindən birisi).
Lakin 75-84 arası yaş qrupunda isə həmin əmsal artaraq, orta hesabla, hər 200 nəfərə 3 adam və ya təxminən 1.5% təşkil edib.
Məlum olub ki, xəstənin yaşı artdıqca aspirindən mədə qanaxmasının yaranması riski də artmaqdadır.
Britaniyada mövcud qaydalara görə, mədə qanaxması riski yüksək olan xəstələrə həkimlər aspirin terapiyası ilə yanaşı PPI həbləri də yazır.
Lakin kimin yüksək risk altında olduğunu dəqiqləşdirməyə ehtiyac duyulur.
Aparıcı tədqiqatçı, professor Peter Rothwell-in sözlərinə görə, yaşı 75-dən yuxarı olanların əksəriyyətinə uyğun dərmanlar yazılmır.
Mən aspirini hər gün qəbul edirəm - mən bir tədbir görməliyəm?
Royal College poliklinikasından professor Helen Stokes-Lampard deyir ki, "aspirin qəbul edən pasiyentlər panikaya düşməməlidir".
"Uzun müddət ərzində aspirin qəbul edənlərə bu məsələni onları müalicə edən həkimlə və ya əczaçı ilə müzakirə etmək məsləhətdir".
Aspirinin qəbulunu qəfil kəsmək niyə məsləhət deyil?
Sübut olunub ki, aspirin qəbulunun qəfil kəsilməsi xəstədə ürəktutma və ya insult riskini artırır.
Bu addımı atmaqdan əvvəl həkimlə danışmaq lazımdır. Həkim məsləhət görərsə, tədricən qəbul edilən həblərin miqdarını azaltmaq olar.
Yaşı 75-dən az olanların və infarkt və ürəktutmadan sonra gündəlik əsasda aspirin qəbul edənlərin mədəsinin qorunması üçün nə etməli?
Bu yaş qrupuna aid xəstələrdə mədə qanaxması riski aşağıdır. Professor Rothwell bu yaş qrupuna aid insanlara əlavə mədəqoruyucu dərmanlar qəbul etməyi məsləhət görmür.
Lakin alimlər həmin xəstələrə hər 3-5 ildən bir özlərini həkimə göstərməyi məsləhət görürlər.
Gündə aspirin qəbul edənlər, lakin ürək xəstəliklərindən əziyyət çəkməyənlər nə etməli?
Tədqiqatçılar sağlam insan üçün aspirin qəbul etmək qərarının diqqətlə götür-qoy edilməsini məsləhət görürlər. Onlar, bu qərarı qəbul etməzdən əvvəl həmin fərdə, həkimə müraciət etməsini lazım bilirlər.
Mədəni qoruyan PPI preparatlarının sağlamlığa hansı riski ola bilər?
Bütün dərmanların müəyyən faydası və riski olur. Qeyd olunan preparatın qəbul edilib-edilməməsi haqqında qərar fərdi qaydada, həkim məsləhəti əsasında verilməlidir. Konkret hallarda isə, xəstələrdə bu preparatın qəbulundan sonra qarında köp, meteorizm, mədədə infeksiya yarana bilər.