Professor məsələyə nöqtəni qoydu: "Kişilər qadınlardan ağıllı deyil, çünki..."
Sosial şəbəkələrdə “Kişi beyni İQ-sü (intellektual fəallıq, əqli inkişaf koeffisenti) qadın beynindən yüksəkdir” kimi fikirlər tez-tez səsləndirilir.
Sfera.az bildirir ki, bununla bağlı professor, tibb elmləri doktoru Musa Qəniyev də öz fikirlərini bölüşüb.
O qeyd edib ki, qadın və kişi beyni arasında intellektual fərqliliyi əsasən beynin çəkisi ilə əlaqələndirirlər:
“Bu əmsala görə, kişi beyni qadın beynindən 11%-12% ağırdır və daha həcmlidir. Kişilərin orta beyin çəkisi 1,345, qadınlarda isə 1,222 kiloqramdır. Lakin minimal kritik çəki nisbəti nəzərə alınmazsa, (qadınlarda 800 qram, kişilərdə 900 qram), beyin çəkisinin çox olması, yüksək intellekt və zəkaya sahib olmağı təsdiq etmir. Məsələn, dahi şəxsiyyətlərdən hesab olunan Artur Konan Doylun beyninin çəkisi, hətta minimal kritik göstəricidən də az - 800 qram, Jak Fransuanın beyninin çəkisi 1, 045 kq, Albert Eynşteynin beyninin çəkisi isə, 1,230 kq olub və.s Digər tərəfdən, kişi beyni daha böyük və həcmli olsa da, qadın beyninin bioaktivliyi daha yüksəkdir, stress və neqativ psixi stimullara qarşı daha dözümlüdür. Kişi beynində daha çox ağ maddə, qadın beynində isə boz maddə üstünlük təşkil edir. Limbik sistemlə bağlı qabıqaltı ensefal mərkəzin emosional stimul, yaddaş və orientasiyaya məsul müvafiq strukturlarına münasibətdə də qadın və kişilər arasında fərqlilik mövcuddur”.
Professor qeyd edib ki, beynin sol payı daha çox qadınlarda, sağ payı isə kişilərdə inkişaf edib:
“Odur ki, kişilərdə sağ beyin yarımkürəsi, qadınlarda isə, beynin sol yarımkürəsilə bağlı fəaliyyət potensialı daha yüksəkdir. Məsələn, danışıq mərkəzinin beynin sol payında yerləşməsi səbəbindəndir ki, qadınlar danışıq ünsiyyətinə (söhbət, qeybət və s.) daha çox meyilli olurlar. Yaxud kollektiv toplanış və ünsiyyətdə, kişilərlə müqayisədə qadınlarda daha yüksək emosional intellektin təsdiqi, şifahi duyğuların mürəkkəb leksik təfəkkürlə təqdim olunması, digərinin emosional vəziyyətinin daha yaxşı başa düşülməsi də bununla bağlıdır. Kişi və qadın beyni arasında bioloji, koqnitiv və hərəki aktivlik nöqteyi-nəzərindən fərqlilik tək söylədiklərimlə məhdudlaşmır və daha çoxdur. Lakin bunlar İQ-yə əsaslı surətdə təsir göstərməyən, cinsi faktorla bağlı fərqliliklərdir”.
M.Qəniyev əlavə edib ki, əqli inkişafın göstəricisi olan İntellekt Koeffisentinə (İQ) görə, qadın və kişi beyni arasında mütləq fərqlilik yoxdur:
“Bu, paradoksal bir hal olsa da, reallıqdır. Əsasında isə bu səbəblər durur: beyin çox mürəkkəb, lakin öz strukturunu dəyişə bilən plastik orqandır. Odur ki, konkret şərait, mühit və inkişaf dinamizmindən asılı olaraq, yeni sinaptik əlaqələrin yaranması hesabına, fərd olaraq bir insan beyninin potensial bioloji fəallığı digərindən artıq ola bilər. Yəni söylədiyim şərtlər daxil, qadın və kişi beyninin İQ fəallığı biri digərini hətta dəfələrlə üstələyə bilər. Bu neyrobioloji inkişafın mütləq qanunudur. Odur ki, bu göstərici kişinin qadından daha ağıllı olması düşüncəsinə səbəb olmamalıdır. Beyinin çəki və həcm ölçüsünün faiz nisbətində fərqliliyə gəlincə, burada məlum parametrə cinsiyyət hormonu (testosteron, estrogen) və neyromediator sistemin təsiri əsas səbəb rolunu oynayır. Maraqlıdır ki, qadınlara təbiətin bəxş etdiyi qoruyucu və gözəllik hormonu olan estrogenlər, həm də beyin qan dövranını gücləndirməklə qadınlarda yaddaş itkisi və demensiyanın inkişafının qarşısını alır”.
Mütəxəssis bildirib ki, beyin çəkisində qeyd olunan gender fərqliliyi mütləq göstəricilərə əsaslanır:
“Yəni bu halda ümumi bədən çəkisi nəzərə alınmır. Çünki kişilərin çəki və orta boy nisbəti qadınlardan artıqdır. Bu parametral göstəricilər eyni rəqəm daxilində götürülərsə, kişi və qadın beyininin çəkisi böyük ehtimalla eyni olmalıdır və eynidir. Bir psixofarmakoloq həkim olaraq fərdi müşahidə, gəldiyim qənaət və apardığım elmi araşdırmaların müqayisəli təhlili, kişilərin qadınlardan daha ağıllı olması fikrinin tamamilə yanlış, əsassız, əslində isə, patoloji yanaşma olduğunu təsdiq edir. Bu söyləntilər heç bir elmi əsasa istinad etmir”.
Günay