\"Sosial şəbəkədən tanıdığı biri ilə intim münasibətdə olmaq...\" - Həkimdən XƏBƏRDARLIQ
Son zamanlar insanlar arasında cinsi problemlərin sayında artım müşahidə edilir.
Bəs bu artımın səbəbi nədir?
Mövzu ilə bağlı Sfera.az-a danışan həkim uroloq-androloq Namiq İsmayılov bildirib ki, kişilərin əksəriyyəti ciddi problem olmasa androloqa, qadınlar isə ginekoloqa müraciət etmirlər.
“Amma bu düzgün deyil. Hər bir kişi və qadın mütəmadi olaraq androloq və ginekoloq tərəfindən müayinə edilməlidir. Hal-hazırda prostat xəstəlikləri cavanlaşıb. Bunun əsas səbəbi kişilərin düzgün həyat tərzi yaşamamasıdır. Ən əsas problemlərdən biri də vaxtında öz prostat vəzilərinin qayğısına qalmırlar".
Həkim diqqətə çatdırıb ki, digər xəstəliklərlə bərabər, ölkədə cinsi xəstəliklərin də sayı çoxalır.
“Sosial şəbəkədə tanış olan insanların çoxu bu tanışlıqdan başqa məqsədlər üçün istifadə edirlər. Virtual olaraq tanıdığı birinin sağlamlığına bələd olmadan intim münasibət yaşamaq bu xəstəliklərin yayılmasına səbəb olur. Cinsi xəstəliklər barədə əvvəllər daha çox maarifləndirmə tədbirləri görülürdü”.
N. İsmayılov qeyd edib ki, cinsi xəstəliklər arasında geniş yayılan sifilis xəstəliyi 3-5 il ərzində müalicə olunmadıqda daha ağrılı və sağalmaz hala çevrilir.
“Spid xəstəliyinin isə xüsusi müalicə üsulu yoxdur. Aparılan müalicələr yalnız immunitet sisteminin gücləndirmək üçündür. Spid xəstəliyi müalicə edilməsə və profilaktiki tədbirlər görülməsə, bu şəxslər 3-5 il ərzində ölürlər. Hər iki xəstəlik ağır xəstəlikdir. Sadəcə müəyyən müalicə üsulları ilə onların ömrünü uzatmaq olar. Ən çox qaneriya, xlamidioz, herpes kimi cinsi xəstəliklər daha çox yayılıb. Onların inkubasiya dövrü 21 gündür. Sidik kanalında yanğı, göynəmə, qaşınma bu virusların simptomlarıdır. Cinsi partnyorlarını tez-tez dəyişən insanlarda bu viruslara yoluxma riski daha yüksəkdir”.
Ülkər Abdurahmanlı