“Otaqda bizdən 2 saat əvvəl qızılcalı xəstə olubsa...” – Professor nələr etməli olduğumuzu AÇIQLADI
“Qızılcanın kəskin artımı qaçılmazdır, lakin bu, qorxulu hal deyil”.
Bunu Sfera.az-a açıqlamasında professor, tibb elmləri doktoru Musa Qəniyev deyib. O qeyd edib ki, istənilən infeksiyanın potensial fəallığını dəyərləndirilən iki əsas göstərici olur:
“Biri yoluxduruculuq qabiliyyəti, digəri ölüm yaratma riski, yəni letallıq əmsalıdır. Yoluxduruculuq qabiliyyətinə görə, qızılca bütün məlum virus infeksiyaları içində birincidir. Hər bir insan bu infeksiyaya yoluxmalıdır və yoluxur. Bunun üçün xəstə ilə hətta birbaşa kontakt da lazım deyil . Olduğumuz otaqda bizdən 2 saat əvvəl qızılcalı xəstə olubsa, yoluxma qaçılmazdır. Odur ki, xəstəliyin hazırda müşahidə edilən artım tempi təşviş və qorxuya səbəb olacaq müstəsna hal kimi təqdim olunmamalıdır”.
Mütəxəssis bildirib ki, ölüm yaratma riskinə görə qızılca digər virus infeksiyalarında geridədir:
“Qızılca ölümə səbəb olmaq riskinə görə yalnız parotit və su çiçəyindən öndədir. Ümumiyyətlə, qızılcaya ən həssas insan qrupu 4 yaşına qədər uşaqlar yoluxur. Burada ən ehtibarlı qorunma vasitəsi peyvəndləmədir. Dünyada qızılcaya qarşı peyvənd 60 ilə yaxındır ki, aparılır. Ölkəmizdə isə peyvənd hazırda tibbi sığortanın Xidmətlər Zərfinə daxildir, yəni ödənişsizdir. Bəzi özəl sektorda müxtəlif qiymətlər deyilə bilər, əslində bu peyvəndin dünya bazarında real qiyməti 1 dollardan aşağıdır. Qızılca zamanı formalaşan təbii immunitet isə daimi və ömürlükdür. Odur ki, təkrar ağır xəstələnmə riski sıfır faizdir”.
M.Qəniyev vurğulayıb ki, bu gün uşaqların həyatı üçün heç bir təhlükə yoxdur:
“Sadəcə onlar peyvənd olunmaqla qorunmalıdırlar. Həmçinin, uşaqların kənar şəxslər tərəfindən öpülməsinə, onlara nəfəs verilməsinə, o cümlədən “çöpçü”yə aparılmasına, digər qeyri-gigiyenik prosedurlara qətiyyən yol verilməməlidir”.
Günay