Cinsi istək payızda niyə azalır? - Ekspertdən mühüm tövsiyələr

Cinsi istək payızda niyə azalır? - Ekspertdən mühüm tövsiyələr

Payızın gəlməsi ilə cinsi istək azalır, psixoloji və fizioloji amillər libidoya təzyiq göstərir.

 

Sfera.az xəbər verir ki, bu sözləri psixoloq Stanislav Samburskiy Lenta.ru-ya müsahibəsində deyib.

 

O, bunu onunla əlaqələndirib ki, payızda aktivlik ənənəvi olaraq azalır, ümidsizlik baş qaldırır, hətta depressiya başlayır ki, bu da intim yaxınlıq arzusunu azaldır. Mütəxəssis soyuq havaların başlaması ilə həm qadınları, həm də kişiləri cinsi əlaqədən soyudan üç amili müəyyənləşdirib.

 

Birincisi, buna mövsümi işıq çatışmazlığı təsir edir. Samburskinin sözlərinə görə, payızda gündüzlər qısalır ki, bu da bioritmi tənzimləyən hormon olan melatonin istehsalına təsirsiz ötüşmür. Melatonin xoşbəxtlik və həzz hormonu olan serotonin istehsalını boğur. Serotonin öz növbəsində, cinsi istəkdən məsul olan testosteronun istehsalını stimullaşdırır. Beləliklə, zəncirvari bir əlaqə meydana çıxır: daha az işıq, daha az testosteron və aşağı libido.

 

İkincisi, immunitetin zəifləməsi libidonun artmasına mane olur. Həkim qeyd edib ki, payızda soyuqdəymələrin sayı ənənəvi olaraq artmağa başlayır ki, bu da immun sistemini zəiflədir və enerjini azaldır. Ümumi narahatlıqdan əlavə olaraq, təyin edilmiş dərmanlar libidonun azalmasına təsir göstərə bilər. Məsələn, antidepresanlar, antibiotiklər, kontraseptivlər və s.

 

Üçüncüsü, Stanislav Samburski yorğunluq və stressə laqeyd yanaşmamağı tövsiyə edib. Payızda insanlar rahat iş rejimindən və ya tətildən qayıtdıqdan sonra özlərini gərgin iş dövrünün içində tapırlar. İş yerində sonsuz təzyiqlər qaçılmazdır, üstəlik gərginlik dövrü həm də uşaqların məktəbə qayıtması ilə üst-üstə düşür. Tətildən sonra uşaqların yayda itirdiyi intizam bacarıqlarını bərpa etmək üçün nəzarəti gücləndirmək lazımdır və evdə istirahətə vaxt yoxdur, eyni zamanda uşaqların dərs problemi də var. Nəticədə valideynlər davamlı stress, yorğunluq və narahatlıq yaşayırlar.

 

Bəs payızda cinsi həyatı necə normal hala qaytarmaq olar?

 

"Vitamin və mikroelementlərin qəbulunu artırın. Xüsusilə B vitaminləri, vitamin D3, həmçinin maqnezium, kalsium və dəmir faydalıdır. Onlar immunitetinizi gücləndirməyə kömək edəcək və nəticədə enerji və əhval-ruhiyyənizə müsbət təsir göstərəcək. Həftədə 3 dəfə fiziki fəaliyyətlə məşğul olun. Hər hansı fiziki fəaliyyət endorfinlərin - sevinc və həzz hormonlarının istehsalını təşviq edir. Və nəhayət, özünüzə bir az dincəlməyə icazə verin. Cib telefonunuzu söndürün və rahat bir yerdə əriniz və ya xanımınızla görüşə gedin", - klinik psixoloq, “Ekoloji Psixoloq” Zen kanalının müəllifi Stanislav Samburski açıqlamasında vurğulayıb. (Publika.az)


OXŞAR XƏBƏRLƏR