Kökəlmək üçün nə etməliyik?
00:25 / 18.06.2016
5652
Bəzi
hallarda arıq insana kökəlmək kök insana arıqlamaqdan daha çətin olur. İnsan
çox yeməyə başlayır, iştah artıran preparatlar və vitaminlər qəbul edir. Lakin
arzuladığı kiloqramlar artmır ki, artmır.
Bu vəziyyətdə nə etmək lazımdır? İlk növbədə terapevtin müayinəsindən keçin. Bəzi
xəstəliklər və pozulmalar zamanı insan normal miqdarlarda qida qəbul etsə də
kökələ bilmir və əksinə arıqlayır. Bu xəstəliklər və pozulmalar arasında
şəkərli diabet, tireotoksikoz (qalxanvari vəzi xəstəliyi), ağır xroniki
stresslər və depressiyalar, mədə-bağırsaq sistemi xəstəlikləri, bəzi ağ ciyər
və ürək xəstəlikləri, onkoloji xəstəliklər. Lazım olduqda terapevt əlavə
müayinə və analizləri təyin edəcək və (və ya) pasiyenti digər mütəxəssislərin
müayinələrinə göndərəcək. Əgər hər hansı xəstəlik aşkar olunarsa, xəstəyə
müalicə təyin olunacaq. Lakin
heç bir ciddi pozulma və ya xəstəlik aşkar olunmazsa, arıqlığın digər
səbəblərini axtarmaq lazım olacaq. İlk növbədə bu kifayət etməyən, natamam
qidalanma ola bilər.
Kökəlmək istəyən insan öz qida rasionuna diqqət etməlidir. Lakin bu o demək
deyil ki, insan çəkinin artırılmasına gətirən yağlı və şirin yeməklərə üstünlük
verməlidir. Belə "pəhrizin" nəticəsində insan yalnnız müxtəlif
pozulma və xəstəliklər "qazana" bilər.
Qida hər zaman kalorili, keyfiyyətli və xeyirli olmalıdır. Gün ərzində 5
dəfədən az olmayaraq, hər dəfə eyni vaxtda olmaqla, kifayət miqdarlarda
kalorili qidalar qəbul etmək lazımdır.
Səhər yeməyi mütləqdir. Səhər yeməyi dedikdə "pendir-çörək" yox, tam dəyərli
qida qəbulu nəzərdə tutulur. Bu kərə yağı əlavə olunmuş müxtəlif sıyıqlar, bişmiş
yumurta, salat və s. ola bilər. Səhər kakao qəbul etmək yaxşıdır. Kakao çox
xeyirli və kalorilidir.
Qida hər zaman zülal və karbohidratlarla zəngin olmalıdır. Bu ət, toyuq balıq,
yağlı süd məhsulları, ağ çörək, kartof, makaron, sıyıqlar, paxlalılar (noxud,
lobya) və s. ola bilər.
Meyvə və tərəvəzlər, meyvə və tərəvəz şirələri (orqanizm onları yaxşı qəbul
edirsə) və salatları, südlü-meyvəli kokteyllər qida rasionunuzda daim
olmalıdır.
Tortlar, pirojnalar, milli şirniyyatlarımız (paxlava, şəkərbura və s.), mayalı
və qat-qat xəmirdən hazırlanmış piroqlar, bulkalar, pirojki, blini xama ilə və
s. çox kalorilidir və onalrın qəbulu çəkinin artmasına gətirib çıxarır.
Qoz-fındıq da çox xeyirli və kalorili qidadır. Bu səbəbdən hər gün 1-2 ovuc
qoz-fındıq yemək olar.
Axşam yeməyi mütləq tam dəyərli olmalıdır. Yaxşı olardı ki, bu ət yeməyi olsun.
Axşam yeməyi yatmazdan 2 saat əvvəl olmalıdır.
Kökəlmək istəyən insan kifayət qədər yatmalı və dincəlməlidir, gün ərzində
1,5-2 saat açıq havada gəzməlidir.
Mayenin kifayət miqdarda qəbulu da çox vacibdir. Lakin mayeni qida qəbulundan
əvvəl içməyin, bu halda siz daha az qida qəbul edə bilərsiniz. Qida qəbul
etdikdə ən kalorili yeməkdən başlamaq lazımdır, salatı isə qida qəbulunun
axırına saxlayın. Duru suplara və bulyonlara yox, daha qatı və kalorili toyuq
və ət souslarına üstünlük verin.
Fiziki gərginliklər kökəlmək istəyən insanlara yaxşı kömək edir. Üzgüçülük,
rəqslər, aerobika, fitneslə məşğul olan insanın əzələ toxuması artır və bu
bədənin həcminin artmasına gətirir. Arıq ayaqları və qolları olan insanlara
trenajorlarda xüsusi məşqlər yaxşı kömək edə bilər.
Həkimin təyini ilə vitamin-mineral kompleksləri, xüsusi iştahanı artıran
preparatları qəbul etmək olar. Ədviyyatlar (istiot, sarıkök, darçın və s.)
iştahanı artırır və bu səbəbdən qidaların hazırlanması zamanı ədviyyatlardan
geniş istifadə edin.