“Rusiya çalışır ki, ABŞ -ın Azərbaycanla əlaqələri zəifləsin” - Politoloq

“Rusiya çalışır ki, ABŞ -ın Azərbaycanla əlaqələri zəifləsin” - Politoloq
"Qarabağda Azərbaycanın zəfəri və regionda yeni geosiyasi şərtlərin yaranması Vaşinqtonun maraqlarına cavab verir. Amma Ağ Ev nədənsə, Yerevanla təmas yaradıb və Minsk  qrupunun həmsədri kimi növbəti mərhələdən çıxış etmək istəyir”.

Sfera.az-ın məlumatına görə, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O, qeyd edib ki, ABŞ Yerevanla koordinasiyaya üstünlük verir və bu, uğurlu olmayacaq:

"Artıq Co Bayden adminstrasiyası Əfqanıstandan hərbi qüvvələrini çıxarmaq üçün plana malikdir. Avropa ilə sıx əməkdaşlıq edərək, öz neft və qaz məhsullarını qitəyə satır. Beynəlxalq terrorizmə qarşı mübarizə əvvəlki illərdə qalaraq aktuallığını qorumur. İranla ABŞ arasında nüvə sazişi ilə bağlı danışıqlar gedir. Belə olan təqdirdə, Azərbaycanla əməkdaşlıqda prioritet olan sahələr öz aktuallığını itirir.  ABŞ uzun illərdir, Əfqanıstana yüklərin daşınması, Avropanın enerji ilə təmini məqsədilə Azərbaycanla əməkdaşlığa xüsusi əhəmiyyət verib. Həmçinin Minsk qrupunun həmsədri kimi fəaliyyət göstərib.
Hazırda  Qarabağ münaqişəsində Minsk qrupunun fəaliyyəti dayanıb. Artıq bu mövzular gündəlikdən çıxmaqla, Vaşinqtonun Azərbaycan siyasəti dəyişir. Ona görə də Azərbaycan ABŞ -la yeni bir siyasi mərhələyə keçid etməlidir”.
 
Politoloqun fikrincə, erməni lobbisi də Konqrensdə anti-Azərbaycan siyasəti aparır: "Azərbaycana ayrılan 100 milyon hərbi yardımın dayandırılması və Qarabağda separatçılara maliyyə yardımının ayrılması üçün çalışılır. Baydenin regiona diqqət ayırmasını və Azərbaycanın regionda aparıcı ölkə olmasına görə yüksək səviyyədə dəstək verəcəyini gözləməməliyik. Bu yanaşmanı Ağ Evdən gözləməyə dəyməz.
 
Vaşinqtonla sıx əməkdaşlığa başlanmalı və maksimum bundan Ermənistanın yararlanmasına imkan verilməməlidir. Rusiya da çalışır ki, regionda ABŞ -ın geosiyasi mövqeyi, Azərbaycanla əlaqələri zəifləsin. Ölkə daxilində islahatlar və siyasi-iqtisadi açılımlar etməklə, Vaşinqtonla yeni bir əməkdaşlıq səhifəsi açıla bilər”.
 

OXŞAR XƏBƏRLƏR