İlham Əliyev: "Azərbaycanın və İranın mövqelərində bir çox məqamlar üst-üstə düşür"
18:41
Fevralın 23-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub.
Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Prezident Həsən Ruhani bildirdi ki, dövlətimizin başçısı İlham Əliyevin İrana rəsmi səfəri çox böyük əhəmiyyət daşıyır və ölkələrimiz arasında əməkdaşlığın daha da inkişafına mühüm töhfə verəcək. Bu gün əməkdaşlıq əlaqələrimiz sürətlə inkişaf edir və bütün sahələri əhatə edir.
İran Prezidenti səfər çərçivəsində imzalanacaq sənədlərin münasibətlərimizin inkişafına töhfə verəcəyini vurğuladı, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəaliyyətini yüksək qiymətləndirdi. İran dövlətinin başçısı dedi ki, əlaqələrimizin hazırkı inkişafı ölkələrimizin və xalqlarımızın tarixi yaxınlığına və dostluğuna əsaslanır. Prezident Həsən Ruhani qeyd etdi ki, əlaqələrimiz artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və bu, münasibətlərimizin bütün sahələrdə daha da irəliyə aparılmasını mühüm vəzifə kimi qarşıya qoyur.
İranın ölkələrin ərazi bütövlüyü prinsipindən çıxış etdiyini vurğulayan Prezident Həsən Ruhani ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, beynəlxalq məsələlərdə dövlətlərin daxili işlərinə müdaxilə edilməsinin yolverilməzliyini vurğuladı. İran dövlətinin başçısı ölkələrimiz arasında təhlükəsizlik sahəsində də əməkdaşlığın əhəmiyyətini qeyd etdi.
Prezident İlham Əliyev əlaqələrimizin böyük tarixi olduğunu və möhkəm təməllər üzərində qurulduğunu bildirdi. Dövlətimizin başçısı İrana qarşı tətbiq olunan sanksiyaların ləğv edilməsi münasibətilə İran Prezidentini və xalqını təbrik etdi. Azərbaycanın və İranın mövqelərində bir çox məqamların üst-üstə düşdüyünü qeyd edən Prezident İlham Əliyev regionda yaşanan gərginliyə baxmayaraq, hər iki ölkənin sabitlik nümunəsi olduğunu vurğuladı. Azərbaycan Prezidenti beynəlxalq və dövlətlərarası münasibətlərdə ədalətli yanaşmanın, sabitliyin, təhlükəsizliyin yaranmasının vacibliyini bildirdi, terrorizmə qarşı mübarizədə birgə əməkdaşlığın əhəmiyyətini xüsusi qeyd etdi.
Söhbət zamanı ölkələrimiz arasında iqtisadi sahədə, o cümlədən enerji, sərmayə qoyuluşu, bank, ticarət, turizm, nəqliyyat, yüklərin daşınması, infrastruktur, mədəniyyət və digər sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafı üçün səylərin gücləndirilməsinin zəruriliyi qeyd olundu. Görüşdə Xəzərin dostluq və əməkdaşlıq dənizi olduğu vurğulandı. Həmçinin Azərbaycanın və İranın birlikdə digər ölkələrlə də əməkdaşlıq imkanları müzakirə olundu.
İslamofobiya meyillərinin artmasından narahatlığın ifadə olunduğu görüşdə belə halların qarşısının alınması ilə bağlı müzakirələr aparıldı.
---------
15:03
"İlk növbədə dəvətə, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə sizə öz minnətdarlığımı bildirirəm. Yenidən qardaş İran torpağında olmağımdan çox məmnunam".
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev bu gün İran İslam Respublikasına rəsmi səfəri zamanı deyib.
Dövlət başçısı deyib: "Fürsətdən istifadə edərək bir daha İrana qarşı qoyulmuş sanksiyaların aradan qaldırılması münasibətilə sizi və bütün İran xalqını təbrik edirəm. Azərbaycan həmişə bu sanksiyaların əleyhinə olub və həmişə öz sözünü bütün yüksək səviyyədən ifadə edib. Cənab prezident, siz müzakirə etdiyimiz bütün məsələləri çox geniş mətbuat nümayəndələrinə çatdırdınız. Doğrudan da, bu gün bir çox məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı və fikir birliyi ifadə olundu. Biz çox şadıq ki, İran-Azərbaycan əlaqələri yüksələn xətlə, uğurla və sürətlə inkişaf edir. Bizim əlaqələrimizin çox möhkəm təməli vardır. Əsrlər boyu xalqlarımız bir yerdə yaşamış, yaratmışlar. Bizi tarix, mədəniyyət, ortaq keçmişimiz, dinimiz birləşdirir. Bu möhkəm təməl üzərində münasibətlərimiz qurulur və bu gün İran-Azərbaycan əlaqələri strateji əməkdaşlıq səviyyəsinə qalxıb. Biz bütün üzv olduğumuz beynəlxalq təşkilatlarda bir-birimizi daima dəstəkləyirik. Bizim aramızdakı ticarət əlaqələrinin çox gözəl perspektivləri var. Bu gün həm beynəlxalq aləmdə baş verən hadisələr, eyni zamanda ikitərəfli münasibətlərimizə aid olan məsələlər geniş müzakirə edildi. Biz razılaşdıq ki, beynəlxalq terrorizmə qarşı birgə səylərimizi daha da gücləndirəcəyik. Beynəlxalq aləmdə bundan sonra da bir-birimizə dəstək göstərəcəyik".
Prezident İlham Əliyev sonra qeyd edib: "Bu gün eyni zamanda regional məsələlər müzakirə edildi. Dünən elan olundu ki, Amerika Birləşmiş Ştatları və Rusiya Suriyada müharibənin dayandırılması haqqında qərara gəliblər. Biz bu razılaşmanı alqışlayırıq. Biz dəfələrlə bəyan etmişdik ki, Suriyada vəziyyəti normallaşdırmaq üçün ilk növbədə atəşkəs yaradılmalıdır, bundan sonra sülh bağlanmalıdır. Suriya xalqı öz gələcəyini, taleyini özü müəyyən etməlidir. Bir də qeyd etmək istəyirəm ki, bu gün söhbət əsnasında bir çox məsələlərlə bağlı fikirlərimiz üst-üstə düşür".
Dövlət başçısı vurğulayıb: "Bütün ölkələr bir-birinə hörmətlə yanaşmalıdır, bir-birinin işinə qarışmamalıdır. Belə olan halda müharibələr də dayanacaq, qarşıdurmalar da azalacaq. Bu gün siz də şahidsiniz ki, bir çox sənədlər imzalandı. Bu sənədlərin icrası bizim əlaqələrimizi daha da gücləndirəcək. Bir çox sahələr üzrə imzalanan sənədlər gələcək üçün yol göstərir. Bu sənədlərin mahiyyəti çox müsbətdir və onların bir hissəsi ikitərəfli əlaqələrə, bir hissəsi isə çoxtərəfli və regional əməkdaşlığa xidmət göstərəcək. Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması işində bu gün çox önəmli addımlar atılıb. Bu yolun istifadəyə verilməsi nəticəsində biz qitələri gözəl nəqliyyat infrastrukturu ilə birləşdirəcəyik. Bu ilin sonuna qədər Azərbaycanın üzərinə düşən vəzifə icra ediləcək və biz dəmir yolumuzu İran sərhədinə qədər çəkəcəyik.
Neft-qaz sektorunda çox gözəl perspektivlər var, İran Azərbaycanın neft-qaz yataqlarına investisiyalar qoyur və biz gələcək əməkdaşlıq haqqında çox gözəl fikir mübadiləsi apardıq. Xəzər dənizində yerləşən neft-qaz yataqlarının birgə işlənməsi məsələsi də müzakirə olundu və yaxşı nəticələr gözlənilir. Xəzər dənizi bizim ümumi sərvətimizdir. Xəzər dənizi bundan sonra da əməkdaşlıq, təhlükəsizlik və sülh dənizi olmalıdır. Energetika sahəsində çox gözəl işlər görülür və gözəl perspektivlər var. Bu sahədəki əməkdaşlıq ancaq İran-Azərbaycan əməkdaşlığı ilə məhdudlaşmır. Qonşu ölkələr də bu layihəyə qoşula bilərlər. Və belə olan halda bu, transmilli, regional, gözəl layihəyə çevriləcək".
Azərbaycan Prezidenti bildirib ki, qarşılıqlı sərmayə qoyuluşu üçün çox gözəl imkanlar var, hər iki ölkədə hazırda çox ciddi iqtisadi islahatlar aparılır, biznes mühiti yaxşılaşır: "Belə olan halda qarşılıqlı sərmayə qoyuluşu üçün yüksək yeni imkanlar yaranacaq. Gələcək fəaliyyət üçün maliyyə, bank, sığorta, turizm və əczaçılıq sektorlarında da gözəl imkanlar var.
Prezident Ruhani qeyd etdi ki, artıq biz üçtərəfli formatlarda da iştirak edirik və getdikcə bu formatların coğrafiyası genişlənəcək. Bu bizim regional əməkdaşlığa birgə verdiyimiz dəyərli töhfədir. Bu, hər iki ölkənin niyyətini göstərir. Biz istəyirik ki, bölgədə və dünyada sülh, əmin-amanlıq və əməkdaşlıq olsun. Və bu gün yaşadığımız bölgədə İran və Azərbaycan sabitləşdirici rol oynayır. Bizim birliyimiz nə qədər güclü olsa, bölgədə təhlükəsizlik də bir o qədər yüksək səviyyədə qorunacaq. Prezident Ruhani qeyd etdi ki, son iki il ərzində bu bizim 5-ci görüşümüzdür. Mən fürsətdən istifadə edərək, cənab Prezident, sizi Azərbaycana rəsmi səfərə dəvət edirəm ki, bizim görüşlərimizin sayı artsın, xalqlarımız bir yerdə olsunlar.
Bir daha qonaqpərvərliyə görə Sizə minnətdaram".