“Mən orada olacam, AXP isə...” – Pənah Hüseyndən mitinq açıqlaması
"Sərbəst toplaşmaq azadlığı Azərbaycan vətəndaşının fundamental hüquqlarından biridir və Konstitutsiya vətəndaşlarımıza bu azadlığı həyata keçirməyə imkan verib”.
Bu sözləri Sfera.az-a açıqlamasında Milli Şuranın 28 sentyabra təyin etdiyi mitinqə münasibətini bildirərkən Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirib. O, ifadəsində razılaşdırılmış istənilən mitinqi keçirən siyasi qüvvə, partiyaların sərbəst toplaşmaq azadlığını prioritet hesab etdiyini və dəstəklədiyini bildirib:
"Mitinq və siyasi aksiyalara münasibətim bundan ibarətdir ki, sərbəst toplaşmaq azadlığı Azərbaycan vətəndaşının fundamental hüquqlarından biridir və Konstitutsiya onlara öz fikirlərini, düşüncələrini bu şəkildə ifadə etmək azadlığı verib və buna da əməl olunmalıdır. Mən istənilən siyasi qüvvə, QHT və vətəndaşların sərbəst toplaşmaq azadlığını prioritet hesab edirəm. 28 sentyabr mitinqinə də münasibətim eynidir”.
Milli Şuranın keçirəcəyi mitinqdə iştirak edib-etməyəcəyi sualına isə AXP-in sədri Pənah Hüseyn belə cavab verib: "Əgər nəzərdə tutulmuş mitinq baş tutacaqsa, mən fərd olaraq orada iştirak edəcəm. rəhbərlik etdiyim Azərbyacan Xalq Partiyasının mitinqə münasibəti isə onun Siyasi Şurası tərəfindən müəyyənləşəcək”.
Səbuhi
Sfera.az