"Uşağı nəvəm, o qadını isə gəlinim olaraq qəbul etmirəm"

"Uşağı nəvəm, o qadını isə gəlinim olaraq qəbul etmirəm"

Müğənni Nazənin lent.az-a müsahibə verib. 
Axşam.az həmin müsahibəni təqdim edir: 

- Yaradıcılığınızda nə kimi yeniliklər var? 
- Maşallah olsun ki, hər il bir yeni mahnı oxuyuram, həmin bəstə də hit olur. “Dostlar, məni unutmayın”, “Çıxaq gedək buralardan”, “Ay ürəyim”, “Küsülü qalmayaq”, “Sənə qurban”, “Evimi yıxma gülüm” kimi mahnılarım bu gün də toylarda səslənir və sevilir. Tərif kimi çıxmasın, mən nə oxuyuram, dillər əzbəri olur. Tamaşaçı sevgisini Allah mənə nəsib edib. Bu sevginin toylarda, tədbirlərdə şahidi oluram. Yeniliyə gəldikdə isə hazırda bir özbək mahnısı var, həmin bəstəyə sözlər yazdırıram. Bu musiqiyə hələlik üç şair söz yazıb. Hələ ki, o sözləri nota oturda bilmirik. Yaxın müddətdə bu mahnı da hazır olacaq.
 
- İfa etdiyiniz “Ay ürəyim” adlı bəstə toylarda daha çox səslənir. Yeni ifa edəcəyiniz mahnı onu keçəcəkmi? 

- Bunu öncədən demək çətindir. Amma “Küsülü qalmayaq” adlı mahnım artıq “Ay ürəyim”dən çox radiolarda səslənir. İfa etdiyim mahnıların sevilməsi məni çox məmnun edir. Bir çox müğənnilər el şənliklərində mənim mahnılarımı oxuyurlar. 

- Repertuarınıza daxil etdiyiniz mahnıları özünüz seçirsiniz? Yoxsa....
 
- Bəli, hər zaman mahnıları özüm seçirəm. Mətbuat katibim Tahirə Məmmədqızının və prodüserim Pərviz Fəqan vasitəsi ilə mənə mahnılar göndərirlər, amma baxıram ki, həmin bəstələr mənim ruhuma yaxın deyil. Onu da deyim ki, “Ay ürəyim” adlı mahnını yazan Sevinc Mansurova mənə “Unutdun” adlı yeni mahnı yazıb.
 
- Müğənniliklə yanaşı, “Dünya TV” telekanalında aparıcılıq edirsiniz. Çətin deyil ki? 
- Asan bir iş yoxdur. Hər bir işin öz məsuliyyəti var. Verilişim 1 saat yarım davam edir. Həmin verilişin bir çox işlərini özüm həyata keçirirəm. Hətta düşmənlərim proqramımı izləyir ki, bəlkə Nazənin onlara söz atdı. Amma düşünmürlər ki, mən onların səviyyəsinə enən deyiləm. 

- Devalvasiyanın sizə təsiri oldumu? 

- (Bir az düşünür...) Nə deyim? Mən toylara getdim, getmədim fərqi yoxdur, həmin Nazəninəm. Amma danılmaz faktdır ki, mənə də təsir edib. Məsələn, kiməsə maddi yardım edirdimsə, indi edə bilmirəm. Bu günə qədər toydan qazandığım pulları hər zaman etirafımdakılarla bölmüşəm. Məni tanıyan hər kəs bunu bilir. 

- İndi müğənni olmaq üçün səs əsasdır, yoxsa pul? 

- (Gülür) İndiki dördə pul və səmimiyyət əsasdır. Əvvəllər isə daha çox sənətə dəyər verirdilər. Bir çoxları populyar ola bilirlər, amma sevilə bilmirlər. Tamaşaçı tərəfindən sevilmək çətindir. Mən özümü öymürəm. Amma etiraf edəkki, “Ay ürəyim” mahnısı məni tamaşaçıya sevdirdi. 

- Hazırkı dövrdə şou-biznesdə baş verən qalmaqallara münasibətiniz? 

- Elə də vaxtım olmur ki, o qalmaqalları izləyəm. Amma arada xəbərdar oluram. İstəməzdim ki, həmkarlarımın arasında bu cür qalmaqallar olsun. 

- Amma sizin də Təranə Qumralla qalmaqalınız mətbuatda çox müzakirə olundu. 

- Mən istəməzdim ki, belə qalmaqal olsun. Adını çəkdiyiniz müğənni bilsəydi ki, biabır olacaq, heç nə deməzdi. Bu, onun cahilliyindən irəli gəlirdi. Çıxdı efirdə yarım saat məni və ailəmi təhqir etdi. Buna görə də bu iş məhkəməlik oldu. Onunla mübahisə etmək mənə yaraşmaz. O danışdı, mən susdum. Sadəcə, ona hüquqi yolla cavab verdim. Aramızda fərqim çoxdur. Bizim ailədə böyük və söz sahibi kişidir. Onunla qalmaqalda itiriləcəyim çox şey var idi. İlk öncə abrımı, həyamı, övladlarımı, nəslimi düşünüb, susmağa üstünlük verdim. Amma məhkəmədə hər şeyi hüquqi şəkildə sübut etdik. Buna görə də həyat yoldaşım çox pis oldu. Dedi ki, “Nazənin, səni bu cür məsələlərdə tək buraxa bilmərəm. Ona hər şeyi hüquqi şəkildə sübut edəcəyəm”. Həyat yoldaşım sağ olsun ki, mənim arxamda durdu. Yoldaşım etiraf etdi ki, içkili vəziyyətdə olduğuna görə, Təranə ilə münasibətə girib. O da elə bilirdi ki, yoldaşım bunu heç zaman açıqlamaz. Amma anlamadı ki, o, bizim ailəmizə toxunub.
 
- Təranə Qumralla məhkəmədən sonra da söz-söhbətiniz səngimir. 

- Həyat yoldaşım məhkəmədə sübut etdi ki, Təranə Qumralla mənim ərim cinsi əlaqədə olub. Görüşdüyü yerlər və onun mənim yoldaşıma yazdığı intim mesajlar da aşkar edildi. Məhkəmədə bütün bunlar sübut olunduğuna görə, o, indi əsəbidir. Bilirsiniz, gülməlisi nədir? Çıxıb efirdə dedi ki, məhkəməni udmuşam, filan qədər cərimə ödəyəcəyəm. Bu necə olur? Məhkəməni udan adam cərimə ödəyir? Bildi ki, onun səviyyəsinə düşüb, cavab verməyəcəm, ona görə də elə açıqlama verdi. 

- Təranə Qumral məhkəmənin qərarına əsasən sizə 500 manat cəriməni ödədimi? 

- Onun ödəyəcəyi cəriməsi mənə maraqlı deyil. Bilirsiniz məndən nə istəyir? Sənət, efir, hörmət, toy yox, əl atıb qalmaqala. Bir insan yıxılanda qalxmaq üçün nəsə axtarır.
 
- Bu qalmaqaldan öncə Təranə Qumralla münasibətiniz necə idi? 

- Bir sənət yoldaşı kimi salamımız vardı. Onun mənim yoldaşımla necə tanış olmasını ilk dəfə sizə danışacam. Hər dəfə mənə zəng edirdi ki, qızımın krediti var, toylarım yoxdur, məni bir toya göndər. Mənim də yazığım gəldi. Deməli, mən Masallıda toyda idim. Yoldaşımın da bir qohumunun toyu var idi. Yalvardım ki, o toya Təranəni də salın. Razılaşıb, öz əlimlə Təranə Qumralı Bakıda toya göndərdim. Bu da toya Musa Musayevlə getməli idi. Yoldaşım da məni yığdı ki, bu toya tək gəlib, çıxsın getsin. Bir sözlə girib toyu oxuyub, oradan çıxanda yoldaşımın nömrəsini alıb və deyib ki, bundan sonra toylar olanda siz mənə deyin. Nazənin deməsin. Həmin toydan sonra hər gün yoldaşımın telefonuna mesajlar yazıb. Yoldaşım da cavab verməyib ki, bəlkə Nazənin öyrədib. Təranə də yoldaşıma deyib ki, Nazənin haqqında sənə deyəcəyim sözlər var. Yoldaşımın da içkili vaxtına düşüb və gedib Təranə ilə görüşür ki, Nazənin barədə nə bilirsənsə danış. Təranənin də yoldaşıma cavabı olur ki, Nazənin kimdi ki onun haqqında da nə də deyim. Mənim səndən xoşum gəlib, ona görə də sənə qarşı bu cür variant işlətdim ki, görüşək. Yoldaşım da içkili-içkili onunla görüşüb. Kişidir, ona olar. Düzdür, mən demirəm ki, yoldaşım yaxşı iş görüb. Amma hər halda hadisə olub, keçib. Əslində qapalı qalmalı idi. Amma o Təranə elə bir həddə çatdırdı ki, hər şeyi açıq deyəsi olduq.
 
- Bir xanım mətbuata açıqlama verərək deyib ki, sizin oğlunuz Fəxrəddinin nikahdan kənar 2 yaş 3 aylıq Aylin adlı qızı var. İstərdim bu xəbərə münasibətinizi bildirəsiniz. 

- Öncə deyim ki, mənim oğlum kişidir. Subay vaxtı bir çox qadınlarla gəzib. Etiraf edib ki, mətbuata çıxıb açıqlama verən qadınla münasibətləri olub. Üç il öncə oğlum mənə dedi ki, ana, belə bir səhv etmişəm. Bilirsiniz, oğlum yüngül həyat tərzi keçirən bir qadını evinə gətirə bilməz. Oğluma xəbər göndərmişdi ki, hamilədir. Bu xəbəri eşidən zaman qardaşımın həyat yoldaşı bu qadına zəng etdi ki, belə bir xəbər eşitmişik, doğrudur? Bu qadın da dedi ki, harada istəyirsiz, yoxlatdıraq. Mən Fəxrəddindən hamilə deyiləm. Daydayım var, ondan hamiləyəm. Amma daha sonralar söylədi ki, uşaq mənim oğlumdandır. DNT testi verildi və sübut olundu ki, uşaq mənim oğlumdandır. Amma mən o uşağı nəvə olaraq qəbul etmirəm, etməyəcəm də. Bu qadın mətbuata yaydığı sənədlərdə mənim oğlumun və özünün təvəllüdünü gizlədərək, qaraldıb. Bu iddiaları irəli sürüsənsə, bəs niyə özünü və təvəllüdünü gizlədirsən? Hər şeyi özüm açıqlayacağam. Bu qadın mənim oğlumdan 9 yaş böyükdür. Deyib ki, neçə il mənim oğlum onun yanına gəlib, gedib. Gətirsin, şəklini göstərsin. Yeni İl günü oğluma yalvarıb ki, “Gəl heç olmasa uşaqla şəkil çəkdir, gələcəkdə göstərim”. Sən demə, bunlar plan qurublarmış. Oğlum da gedib, bunlarda şəkillərini çəkib, veriblər sayta. Mən bu qadını gəlin kimi qəbul etməmişəm. Etməyəcəm də. Çünki mən bunun qapısına elçi getməmişəm. Hansı valideyn yüngül həyat tərzi keçirmiş qadını oğluna alar? Bilməyənlər də bilsinlər ki, bu qadının mənim oğluma qarışacağı yoxdur. Oğlum bir il öncə el adəti ilə ailə qurub. İndi həyat yoldaşı da hamilədir. Yəni bu ailəni heç kim dağıda bilməz. 

- Qadın iddia edir ki, oğlunuz aliment ödəmir. 

- Mənim xeyriyyəçilik etdiyimi də bilirsiniz. Mənim üçün ayda 103 manat nədir ki? Yadıma düşmüşkən deyim, yazıblar ki, 50 yaşında ərə getmişəm. Mənim 50 yaşım olanda, həmin günü onlar görməyəcək. Bu qadın bizdən nə istəyir? Oğlumun ailəsini dağıtmaq istəyirsə, mümkün deyil. Aliment istəyir, ödəyirik. Hətta oğlumun dostlarına zəng edib deyirmiş ki, gəlin, uşağıma soyadınızı verin. Mənim alnım dikdir. Bu cür şeylərlə məni yıxa bilmərsiniz. Oğlumu tora salmaq üçün uşaq doğub, amma özü tələyə düşdü. 

- Xanım söyləyir ki, balaca oğlunuzu 50 yaşında dünyaya gətirmisiniz.
 
- Bu qadın məni özünə tay tutmasın. Nazənin övlad doğduğu şəxsdən zaqsı və kəbini olub. Hər kəs də məni qəbul edib. Məsləhətim odur ki, gedib özünü özünə yaraşan adamlarla müqayisə etsin. Onu da deyim ki, əgər bu xanım mənə qarşı iddialar irəli sürürsə, nə üçün gedib bu ittihamları müğənni Təranə Qumralın mətbuat katibinə yazdırır? Bütün bunlar araşdırılacaq. Necə olar ki, oğlumun subay vaxtı gəzdiyi bir xanımdan müsahibə alır, məndən yox? Birtərəfli açıqlama olur? Mənim abrıma qısılmağımdan istifadə etmək lazım deyil. Bu qadını da ortalığa salıb, qızışdıran da Təranə Qumraldır. Bu insan məhkəmədə biabır olandan sonra hər şeyə əl atır. Artıq bununla bağlı vəkilimə müraciət etmişəm. Bu insanların arxasında kimlər durur? Azərbaycan Respublikasının qanunlarına güvənirəm. Sonda hər şey məlum olacaq. 

- Əlavəniz varmı? 
- Son sözüm media nümayəndələrindir. Hər zaman mənə hörmətlə yanaşdığınıza görə, sizə minnətdaram. Bu günə qədər susmuşam, elə buna görə də mətbuatda barəmdə əsassız məlumatlar dərc olunub. Amma bu mənim həm xahişim və xəbərdarlığımdır. Mənim icazəm olmadan barəmdə əsassız məlumatlar dərc etməyin. Əgər dərc etmisinizsə, qarşı tərəfin, yəni mənim də münasibətimi öyrənib, xəbərə əlavə edin.


OXŞAR XƏBƏRLƏR

Çak Norrisin anası 103 yaşında vəfat edib - FOTOLAR

Hollivud aktyoru Cak Norris bu gün “İnstaqram”da pərəstişkarları ilə kədərli xəbər paylaşıb. Sfera.az bildirir ki, məşhur ulduz anası Vilmanın ...

Sumqayıtdan ACI XƏBƏR: partlayış zamanı xəsarət alan...

Dekabrın 3-də Sumqayıtda baş verən partlayış zamanı xəsarət alanlardan biri bu gün ölüb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, partla...

Məşhur ticarət mərkəzinin yaxınlığındakı yol sürücüləri çaşdırır -VİDEO

"Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.   Sfera.az xəbər verir ki, bu dəfə Qaradağ rayonunda yerləşən "Meyvəli...

“Beşiktaş” “Fənərbaxça”nı məğlub etdi

Türkiyə Superliqasının XV turu çərçivəsində İstanbul derbisi baş tutub.   Sfera.az xəbər verir ki, “Beşiktaş” öz meydanında “Fənərb...

Lavrov Suriya qərarını elan etdi: Addımlar atacağıq!

Bu gün İran və Türkiyə ilə güclü çağırış etmək barədə razılığa gəldik və bu çağırışa əməl olunmasını təmin etmək üçün bəzi xüsusi addımlar atacağıq.   ...

Xərçəng riskini artıra bilən ən təhlükəli qızartma yağları

Qızartma üçün istifadə olunan bəzi yağlar yüksək temperaturda parçalanaraq toksik maddələr yarada bilir. Bu maddələr, xüsusilə uzun müddətli və təkrar istifadəd...