II Avropa Oyunlarının açılış mərasimi - FOTOLAR
Belarusun paytaxtı Minskdə II Avropa Oyunlarının rəsmi açılış mərasimi keçirilib.
Oxu.Az-ın Minskə ezam olunmuş müxbiri xəbər verir ki, əvvəlcə açılış mərasimində üç minə yaxın könüllü stadionun meydan hissəsinə çıxıb.
Daha sonra rəsmi şəxslərin mərasimə qatıldığı elan olunub. Belə ki, Belarusun Prezidenti və Milli Olimpiya Komitəsinin prezidenti Aleksandr Lukaşenkonun və Belarusun Baş naziri, II Avropa Oyunları Təşkilat Komitəsinin sədri Sergey Rumasın iştirak etdiyi açıqlanıb. Bundan sonra Belarusun dövlət himni səsləndirilib.
Daha sonra bədii hissə nümayiş etdirilib. Bədii hissədən sonra idmançıların paradı başlayıb.
Əvvəlcə Olimpiadanın vətəni olan Yunanıstan idmançıları stadionun qaçış cığırından keçib. Azərbaycan isə altıncı ölkə olub.
Paraddan sonra Avropa Oyunlarının rəsmi mahnısı səsləndirilib. Belarusun tarixini, özəlliyini əks etdirən bədii hissədə tamaşaçılar bu ölkənin keçmişi haqqında məlumat toplamaq imkanı əldə ediblər.
Daha sonra Avropa Olimpiya Komitəsinin bayrağı stadiona gətirilib. Bayraq stadiona gətirilərkən qazaxıstanlı müğənni Dimaş Kudayberqen mahnı ifa edib. Bayrağı Belarusun tanınmış idmançıları Yelena Belova, İqor Makarov, Nikolay Kozeko, Aleksandr Romankov, Alla Tsuper və Yanina Karolçik-Pravalinskaya gətiriblər.
Oyunların açılış mərasimində azərbaycanlı opera müğənnisi Yusif Eyvazov da çıxış edib. Rusiyanın opera müğənnisi Anna Netrebko bəstəkar İqor Krutoyun pianoda müşayiəti ilə mahnı oxuyub. Netrebko ikinci mahnısını azərbaycanlı əri Yusif Eyvazovla duet şəklində səsləndirib.
İdmançılar adından Vasilisa Marzalyuk, hakimlər adından Artur Fando və məşqçilər adından Olqa Vlasova ənənəvi andiçmə mərasimində iştirak ediblər.
Bundan sonra mərasimdə çıxış edən Avropa Olimpiya Komitələrinin prezidenti Yanez Koçiyançiç bildirib ki, Belarusda belə bir yarışın keçirilməsi böyük şərəfdir:
"Bütün dünyanın diqqəti bu Oyunlara cəmlənib. Bəzi idmançılara Tokio üçün yol reallığa çevrilə bilər. Ən yaxşı idmançılar 2020-ci il Olimpiya Yay Oyunlarına vəsiqə əldə edəcəklər”.
Koçiyançiç vurğulayıb ki, qarşıda hər kəsi 10 günlük yüksək səviyyəli yarış gözləyir.