İlham Əliyev: "Bölgələrdə elə qiymət qoyurlar ki, heç adam oraya getmək istəmir"
"Əminəm ki, Avropa Oyunlarından sonra turistlərin Bakıya, Azərbaycana axını daha da artacaq. Buraya gələn qonaqlar Bakının gözəlliyinə, rahatlığına, təhlükəsizliyinə valeh olublar. Qeyd etməliyəm ki, bu məsələlər qonaqların daim diqqət mərkəzində idi. Biz, əlbəttə, çalışmalıyıq ki, turistlərin sayını artıraq. Avropa Oyunları gözəl bir imkan, bir təqdimat idi. Qonaqlar bizim imkanlarımızı öz gözləri ilə gördülər". Sfera.az Trend-ə istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun çıxışı zamanı deyib.
Prezidentin sözlərinə görə, ancaq, eyni zamanda, bütün başqa məsələlər də öz həllini tapmalıdır ki, biz turistləri daha da böyük sayda buraya dəvət edək: "İlk növbədə, vizalar məsələsi. Mən bu məsələ ilə bağlı dəfələrlə göstərişlər vermişəm. İndi müəyyən addımlar atılıb, amma bu məsələ hələ ki, tam şəkildə yoluna düşməyib. Əlbəttə, viza rejimi elə olmalıdır ki, Azərbaycana bəd niyyətlə gəlmək istəyənin qabağında böyük, möhkəm bir sədd olsun. Bu, birmənalıdır. Eyni zamanda, bu, turist, qonaq kimi gəlmək istəyənin qarşısında da maneəyə çevrilməməlidir. Ona görə, vizaların elektron verilməsi, xaricdə səfirliklərə müraciət edilməməsi, bütün bu məsələlər öz həllini tapmalıdır. Bakıya gəlmək istəyən hər bir insan elektron viza almalıdır, bunun üçün səfirliyə, heç bir yerə getməməlidir, evində kompyuterdə bileti, vizanı almalıdır, turizm şirkətlərinin xətti ilə gəlməlidir, vəssalam. Xarici İşlər Nazirliyinə, Mədəniyyət və Turizm Nazirliyinə və digər qurumlara göstərişlər verilmişdir, amma nəticə hanı? Yoxdur və əgər kimsə mənə desə ki, var, yoxdur. Çünki mən soruşuram. Buraya gələn qonaqlar ağızdolusu danışırlar ki, nə gözəl ölkədir. Amma bir problem var ki, gəlmək çətindir, gərək bir ay, iki ay qabaq planlaşdıraq. İndi müasir dünyada insanlar sürətlə hərəkət edirlər. Gəlmək istəyən turist iki gün, üç gün ərzində otel sifariş edir, bilet, viza alır gəlir, vəssalam. Bax, bu məsələni gərək biz mütləq həll edək".
Dövlət başçısı daha sonra deyib: "Mənə bir siqnal da gəlir ki, bizdə otellərin qiyməti də bahadır, xüsusilə bölgələrdə. İndi Bakıda tanınmış brendlər fəaliyyət göstərir. Əlbəttə ki, onlar bütün dünyada fəaliyyət göstərir. İndi Bakıda otelləri şəbəkəsi ən mötəbər şəbəkədir. Onların öz qiymət siyasəti var. Biz buna o qədər də qarışa bilmərik. Ancaq beşulduzlu olmayan otellərin qiyməti niyə bahadır? Bölgələrdə, rayon yerlərində elə qiymət qoyurlar ki, heç adam oraya getmək istəmir. Yenə də deyirəm, burada bəlkə də buna çox sadə yanaşırlar ki, qiymətləri bazar tənzimləyir, əgər tələbat varsa, təklif də var, amma hər kəs gedə bilmir. Bizdə beşulduzlu otellərin sayı kifayət qədər çoxdur. Mən buna çox sevinirəm. Bu, ölkəmizin gücünü göstərir, bu, prestijdir. Yəni, ölkədə gedən proseslərin təzahürüdür. Əgər dünyanın aparıcı beşulduzlu brendləri Bakıdadırsa, demək Bakı buna layiqdir və onlar layiqdirlər ki, Bakıda olsunlar. Ancaq üçulduzlu otellər azdır, ikiulduzlu otellər yoxdur. O qədər də böyük maddi imkanlara malik olmayan ailələr istirahət edə bilmirlər. Budur reallıq. Azərbaycanda o qədər gözəl yerlər var ki, heç xaricə getmək lazım deyil. Dağlar, meşələr, dəniz, çaylar, göllər, xizək kurortu. Ona görə, bu üç məsələyə mütləq baxmaq lazımdır - vizalar, biletlərin, otellərin qiymətləri və üçulduzlu, ikiulduzlu otellərin tikintisi. Mədəniyyət və Turizm Nazirliyi də tövsiyələr versin və eyni zamanda, sahibkarlar da bunu eşitsinlər.
Əlbəttə ki, Avropa Oyunlarının keçirilməsi ölkəmiz üçün, Avropa üçün tarixi hadisə idi. Biz bu şərəfli missiyanı öz üzərimizə götürmüşük və bunu ən yüksək səviyyədə keçirmişik. Avropa Oyunları Olimpiya Oyunları səviyyəsində keçirilib. Bu, ölkəmizin gücüdür, potensialıdır. Ən sevindirici hal ondan ibarətdir ki, idmançılarımız bizi sevindirib və komanda hesabında ikinci yerə çıxıblar. Onlar 21-i qızıl olmaqla 56 medal qazanıblar və sübut ediblər ki, Azərbaycan idman dövlətidir, Azərbaycan güclü dövlətdir. Bütün qurumlar çox fəal işlədilər, təşkilat, təhlükəsizlik, nəqliyyat məsələləri, obyektlər, idman qurğuları, könüllülər, yəni, hər şey ən yüksək səviyyədə həll olunmuşdur. Bu, doğrudan da bizim böyük qələbəmizdir".
Mən Milli Olimpiya Komitəsinin prezidenti kimi, bir çox Olimpiya Oyunlarının açılışlarında olmuşam, müqayisə aparmaq üçün kifayət qədər imkanım var. Amma burada Avropa Oyunları ən yüksək səviyyədə keçirilib. Keçən Olimpiya Oyunlarında Londonda küçələrdə əlisilahlı insanlar gəzirdi, binaların damlarında hava hücumuna qarşı qurğular quraşdırılmışdı. Elə bil ki, sən müharibə şəraitində olan ölkəyə gəlmisən. Elə bil ki, fövqəladə vəziyyət yaradılmışdı. Amma heç kim Bakıda bir nəfər də əlisilahlı insan görmədi. Bax, budur bizim imkanlarımız. Təhlükəsizlik, mədəniyyət, səviyyə, insanlar - budur bizim dəyərimiz. Azərbaycan göstərdi ki, böyük potensiala malik olan güclü ölkədir. Bu Oyunlar Azərbaycan xalqının və Azərbaycan dövlətinin təntənəsidir. Biz ölkəmizlə, xalqımızla fəxr edirik və uğurla irəliyə gedirik.
Sfera.az