İlham Zəkiyev Həccə gedir - FOTO + VİDEO
“İdmançılarımız niyə də bahalı avtomobil almasınlar?”.
İki dəfə paralimpiya oyunlarının, iki dəfə dünya çempionatının, 5 dəfə Avropa birinciliyinin, nəhayət, bu ilin 12-28 iyun aralığında Azərbaycanda keçirilən birinci Avropa Oyunlarının paralimpiyaçı cüdosunun qızıl medalçısı İlham Zəkiyev Həcc ziyarətinə hazırlaşır. Sfera.az xəbər verir ki, İlham Zəkiyevin a24.az-a bildirdiyinə görə, o Həcc ziyarətinə ad və ya titul üçün yox, ziyarət üçün gedir. “Mən ad və titul üçün ziyarətə getmirəm. Heç vaxt istəməyəcəm ki, məni hacı İlham Zəkiyev kimi çağırsınlar. Mənim qələbələrimdən sonra paralimpiyaya axın çoxalıb. Mən də üzümü valideynlərə tutub demək istərdim ki, uşaqlarınızı evdə gizlətməyin. Olur ki, bəzən uşaqları əlil olduqları üçün valideynlər onları idmana aparmaqdan utanırlar. Valideynlərdən xahiş edirəm ki, uşaqları üzə çıxartsınlar, onlar paralimpiya kompleksində mütəxəssislərimizin köməkliyi ilə idmançı kimi yetişəcəklər. Onların da içlərində gələcəyin dünya, Avropa çempionları var. Əlillikdən heç kim sığortalanmayıb. Allah eləməsin, bu, hər kəsin başına gələ bilər”. Paralimpiyaçı idmançıların bahalı avtomobil almasından da danışıb: “İdmançılarımız niyə də bahalı avtomobil almasınlar? Alsınlar. Bu, onların halal qazancıdır. Hər bir insan kimi, idmançılarımızın da öz arzuları var. Bəlkə hansısa idmançı arzu edib ki, Avropa Oyunlarında qalib gəlib, özünə bahalı avtomobil, ev alsın. Bu, onun şəxsi işidir. Niyə də almasın?! Mənim arzum Avropa Oyunlarından sonra Həcc ziyarətinə getmək idi və gedirəm də. Sadəcə, o idmançılara üzümü tutub demək istəyirəm ki, bütün bunlarla yanaşı, idmanlarına da böyük önəm versinlər. Çempion olandan sonra insanda məsuliyyət birə on artır. Buna görə də idman məşqlərinə daha da ciddi yanaşsınlar. Çempion olmaq çətindirsə, o titulu qorumaq ondan da çətindir. Yəni, çalışsınlar, üzərlərində daha da artıq işləsinlər, daha da məsuliyyətli olsunlar”.