Azərbaycan millisi Avropa çempionatına qatılmaqdan imtina etdi

Azərbaycan millisi Avropa çempionatına qatılmaqdan imtina etdi
Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində oynamaqdan imtina edib. ONA-nın məlumatına görə, yığmamız AVRO-2020-yə vəsiqələr uğrunda mübarizə aparmayacaq.

Belə ki, aprelin 4-də baş tutacaq püşkatma öncəsi yarış iştirakçılarının tam siyahısı açıqlanıb. Norveç və Danimarkanın ev sahibliyi edəcəyi final mərhələsinə vəsiqələr uğrunda ümumilikdə 31 komanda mübarizə aparacaq.

Bu yığmalardan 4-ü təsnifat mərhələsində qüvvələrini sınayacaqlar. Bu raundun qalibi yarışa seçmə mərhələdən başlayacaq 27 komandaya qoşulacaq.

Sonuncu dəfə AVRO-2016-nın seçmə tsiklinə qatılan millimiz ardıcıl ikinci dəfə yarışdan kənarda qalacaq. Ümumilikdə, AVRO-1996-da debüt etdiyi qitə çempionatına vəsiqələr uğrunda 10 dəfə mübarizə aparmış komandamız yalnız üç dəfə (AVRO-2000, AVRO-2014, AVRO-2018) turnirə qatılmayıb.

Qeyd edək ki, millimizin sonuncu rəsmi sınağı DÇ-2019-un seçmə mərhələsi olub. Komandamız Makedoniya, Türkiyə və İslandiya ilə eyni qrupda sonuncu yeri tutub.

OXŞAR XƏBƏRLƏR