YAP-dan Əli İnsanovun qəzəbli açıqlamasına reaksiya: \"Onun gördüyü Azərbaycan...\"
"Əli İnsanov da artıq Azərbaycanın müstəqil vətəndaşıdır. Dövlətimiz hüquqi, demokratik dövlət olduğundan, Konstitusiyamızda qeyd edilən vətəndaş hüquqlarından o da istifadə edə bilər”.
Sfera.az xəbər verir ki, bunu modern.az-a ötən gün əfv olunan keçmiş səhiyyə naziri Əli İnsanovun qəzəbli açıqlamasına münasibət bildirərkən hakim Yeni Azərbaycan Partiyasından olan deputat Aydın Mirzəzadə söyləyib. O vurğulayıb ki, Əli İnsanov da daxil olmaqla hər bir Azərbaycan vətəndaşı qanuna zidd olmayan formada siyasətlə, ictimai fəaliyyətlə məşğul ola, öz mövqeyini bildirə bilər:
"Əli İnsanova əfv sərəncamından irəli gələn çıxarışın verilməsi prosesində mən də iştirak etdim. Onu ötən əsrin 90-cı illərindən tanıyıram. Bununla belə, onun ilk açıqlamaları göstərir ki, Əli İnsanovun müəyyən müddət həbsxanada qalması, cəmiyyətdən təcrid vəziyyətində yaşaması öz təsirini göstərib. Azərbaycanın onun həbs edildiyi dövrdəki Azərbaycan deyil. Bu illər ərzində güclü inkişaf gedib, demokratiya dərinləşib, insan hüquq və azadlıqlarının təmin edilməsində daha böyük işlər görülüb. Azərbaycan bu gün öz inkişlafı ilə dünyanın diqqətini cəlb edən ölkədir. Əhalinin böyük əksəriyyəti prezident İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyir. Ortadakı bu reallığı danmaq mümkün deyil.
İndiki məqamda kiminsə fərqli mövqe tutması, hansısa çağırışlar etməsi onun seçimidir. Azərbaycan ilk növbədə bu gün cənab prezidentin apardığı siyasət nəticəsində yüksək inkişafa nail olub. Bundan sonra da ölkəmiz ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirdikcə, ölkə başçısının siyasətini həyata keçirdikcə uğurlar qazanacaq”.
Qeyd edək ki, ölkə başçısının əfv sərəncamı ilə 11 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılan keçmiş səhiyyə naziri Əli İnsanov iddialı açıqlamalarla çıxış edib. O, Azərbaycandan çıxıb gedəcəyi barədə deyilənləri təkzib edib və siyasətlə məşğul olacağını vurğulayıb:
"Mən siyasətdən aralanmamışam. Amma hər şey Allahın əlindədir. Hələ məlum deyil müxalifət mənə qoşulacaq, yoxsa mən müxalifətə”.
Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həsb edilmişdi. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında Ə.İnsanov BakıAğır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan edilməklə 11 il müddətinə azadlıqdan məhrum olunub.
2016-cı il avqustun 24-də Ə.İnsanovun barəsində Cinayət Məcəlləsinin (CM) üç maddəsi ilə yeni ittiham irəli sürülüb. Sabiq nazir CM-nin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə ittiham olunub.
Qaradağ Rayon Məhkəməsinin hökmü ilə Ə.İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan sabiq nazir apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Ə.İnsanovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb. Daha sonra sabiq nazir kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
Azərbaycan prezidentinin 16 mart 2019-cu il tarixli sərəncamı ilə Əli İnsanov əfv olunub.