“Radikal müxalifət ziyarətə belə cangüdənlə, mətbuatla gəlir” — Siyavuş Novruzov
20:33 / 27.02.2019
5064
Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin İctima birliklər və dini qurumlarla iş komitəsinin sədri, deputat Siyavuş Novruzovun müsahibəsini təqdim edirik:
"Əhalinin problemləri dövlət tərəfindən həll olunduqca, radikal müxalifət daha da aqressivləşir”
– Müxalifət belə mənzərə yaratmağa çalışır ki, son vaxtlar ölkə başçısı tərəfindən aparılan islahatlar sanki onların fəaliyyətinin nəticəsidir. Səsləndirilən bu cür fikirlərə münasibətiniz necədir?
– Cənab Prezident tərəfindən kənd təsərrüfatı, turizm, energetika, sosial-iqtisadi və digər sahələrdə uğurlu islahatların aparılması, yeni iş yerlərinin açılması vətəndaşlarımızın güzaranın yaxşılaşmasına gətirib çıxarır. Bütün görülən bu tədbirlərin hər biri dövlət proqramı şəkilində xalqımıza təqdim olunur.
Yeni Azərbaycan Partiyası cənab İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürərkən də bütün bunlar onun platformasında əks olunub. Yəni, bu məsələlər YAP-ın Qurultayından sonra cənab İlham Əliyev prezident seçilərkən təqdim etdiyi layihələrdə əksini tapıb. Ona görə də bu islahatlar proqram şəkilində həyata keçirilir, hər bir stukturda islahatlar aparılır, yeniliklər gətirilir. Bildiyiniz kimi, hökumətin daxilində xeyli dəyişikliklər oldu. Bütün bunlar əhalinin güzaranının yaxşılaşdırılmasına xidmət edir.
İstər Qarabağ əlilləri, istər şəhid ailələri, istərsə də müharibə veterenaları, Çernobıl əlilləri olsun, cəmiyyətin bütün təbəqəsinə ciddi şəkildə dövlət qayğısı var. Problemli kreditlərin həlli və sosial müavinətlərlə bağlı da ardıcıl şəkildə tədbirlər görülür. Bu cür tədbirlər davamlı şəkildə olacaq.
Cənab Prezident problemli kreditlərlə bağlı məsələnin həll edilməsi üçün də müvafiq tapşırıqlar verib. Bu məsələ ilə bağlı müxtəlif təkliflər hazırlanıb. Həmin təkliflərdən müxatəlif cür olduğu üçün onlara yanaşma da fərqli olub. Hazırda bu təkliflər bir yerə toplanaraq təhlil edilib və yaxın vaxtlarda yekun qərar veriləcək.
Necə ki, vaxtilə müxalifətin nə qədər hay-küy salmalasına baxmayaraq, sovet dövründən qalmış batan əmanətlər keçmiş SSRİ ölkələri arasında yalnız Azərbaycanda ödənildi. Onun kimi, bu yaxınlarda şəhid ailələrinə də 11 min manatlıq birdəfəlik müavinətlərin verilməsi məsələsi də həllini tapdı. Bütün bu cür məsələlərin həlli zaman tələb etdiyi üçün tədricən həll olunur.
Ancaq siz fikir verin, əhalinin bütün bu problemləri dövlət tərəfindən həll olunduqca, radikal müxalifət daha da aqressivləşir. Onların aqressivləşməsinin səbəbi ondan ibarətdir ki, bunları heç də xalqın problemləri maraqlandırmır. Radikal müxalifət istəyir ki, xalq aclıq və səfalət içərisində yaşasın, ölkədə ictimai-siyasi sabitlik pozulsun. Bunlar da belə vəziyyətlərdən yararlanıb ölkəni xaos halına salsınlar. Necə ki, vaxtilə AXC-Müsavat hakimiyyəti xalqın aclıq və səfalət içırisində olmasından istifadə edib hakimiyyətə gəlmişdi. Radikal müxalifət indi yenə bunu təkrarlamağa çalışır. Onların arzusudur ki, xalq aclıq və səfalət içərisində olsun, bunlar da çevriliş yollarına əl atsınlar. Yəni, bunlar üçün Vətən, xalq, dövlət və dövlətçilik maraqları anlayışı yoxdur. Radikal müxalifətdə yalnız şəxsi maraqlar, şəxsi mənfəətdir.
Kim mənim səhv dediyi düşünürsə, son günlər müxalifətin necə aqressivləşməsinə baxsın. Görün xaricdə oturanlar da, buradakılar da necə aqressivləşiblər. Səbəb də çox sadədir. Dövlət tərəfindən əhalini narazı salan həmin problemlər həllini tapır. Radikal müxalifəti narahat edən də məhz budur. Bütün bunlar bir daha göstərir ki, radikal müxalifətin Azərbaycan xalqına heç də canı yanmır. Onlar yalnız öz şəxsi maraqlarını güdürlər.
– Fevralın 26-da Xocalı yürüşü zamanı Müsavat partiyası fəalları ilə polis arasında insident yaşanıb. Bununla bağlı nə deyə bilərsiniz?
– Ötən gün gördünüz ki, Xocalı abidəsini ziyarət edən insanlar hər tərəfə əklillər qoyur, güllər düzür.
Digər tərəfdən isə dünən ümummilli matəm günü idi. Matəm günü hamı necə, sən də elə olmalısan. Başqa vaxtı deyirlər ki, biz xalqıq və sairə. Amma dünən həmin müsavatçılar özlərini xalqdan ayırırdılar. Özlərini muxtar qrup kimi aparırdılar. Demək ki, bu məqsədli şəkildə edilir. Onlar hər cür yollara əl atıb təxribat yaratmaq istəyirlər. Hətta, Xocalı faciəsi günündən də sui-istifadə etməyə çalışırlar.
Ötən gün Xocalı abidəsi ətrafından 50-60 min adam keçdi. Onların heç birinə bir söz deyən olmadı. Çünki onların hamısı eyni şəkildə, qaydalara əməl edərək ziyarət edib öz vətəndaşlıq borclarını yerinə yetirirdilər. Ancaq radikal müxalifət rəhbərləri ziyarətə belə cangüdənlə, səs-küy salmaqla, mətbuatla gəlirlər. Onlar Xocalı faciəsini ziyarət edən zaman da özlərini reklam etməyə çalışırlar. Bu səbəbdən də özləri ilə televiziyalar gətirir, mətbuat üçün oradan keçirdilər. Əslində isə Xocalı faciəsinin anılması üçün onların oradan keçmək fikirləri yox idi.
– Ötən gün daha bir insident isə AXCP sədri Əli Kərimli ilə vətəndaş Ata Abdullayev arasında yaşanıb. Həmin vətəndaş küçədə Əli Kərimliyə yaxınlaşaraq, Prezidentin oğlunun hərbi xidmətdə olduğunu, ancaq Əli Kərimlinin oğlunun isə xaricdə kef çəkdiyini dilə gətirib. Milli Şura isə həmin vətəndaşın hakimiyyət tərəfindən ora göndərildiyini iddia edir. Bu ittihamlara münasibətiniz necədir?
– Şübhəsiz ki, bu cür ittihamlar cəfəngiyyatdır. Digər tərəfdən isə fikrim ondan ibarətdir ki, əgər sən Vətən, xalq deyib özünü öyürsənsə, o zaman özün Vətən üçün nə isə iş görməlisən, səngərlərdə Vətənin müdafiəsi üçün hərbi xidmət edən Azərbaycan övladlarına yaxşı-yaxşı baxmalısan. Görəcəksiz ki, Prezident İlham Əliyevin övladından tutmuş sıravi Azərbaycan vətəndaşının övladlarına qədər hər biri hərbi xidmət yaşı çatan kimi öz borcunu yerinə yetirir. Bəs bunların övladları haradadır? Nə Əli Kərimli Azərbaycan ordusuna yazılıb hərbi xidmətdə olmayıb, nə də özündən sonrakıları. Bu gün onun oğlu Azərbaycanda hərbi xidmətdə olmaq yerinə xaricdə qalıb ölkəmiz əleyhinə iş aparırsa, təbii ki, xalqımız bunu yaxşı görür və öz etirazlarını bildirirlər.Demokrat.az