İdxaldan asılılıq qiymətləri bahalaşdırır- ekspert

Gündəm
16:10 / 12.02.2019
3094
"Son zamanlar ölkədə baş verən qiymət artımları daxili tələbatın idxal prosesindən kəskin asılı olmasından qaynaqlanır”
Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycanda qiymətlərin bahalaşmasına səbəb olan amilləri göstərərkən Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli deyib.
Onun sözlərinə görə istehsal və idxal prosesində rəqabət mühitinin zəif olması da son bahalaşmaya təsir edən amillər sırasında yer alır:
"Ümumiyyətlə, son illər Azərbaycanda qiymət bahalaşması tendensiyası dayanmır, onu durdurmaq mümkün deyil. Onun da başlıca səbəbi ölkənin daxili tələbatının idxaldan həddən çox asılılığı ilə bağlıdır. Yəni ölkədə yerli istehsal getdikcə sıradan çıxır və daxili bazarı təmin etmək üçün daha çox xaricdən məhsul gətirilir. Azərbaycan hökuməti isə bir qayda olaraq gömrük rüsumlarını, ödəmələri vaxtaşırı olaraq qaldırmağa başlayıb. Həmçinin gömrükdəki əvvəlki qeyri-şəffaf şəraiti aradan qaldırıb şəffaf şərait yaratmaq yolu ilə nəzarətdən yayınmanı çətinləşdirib. Nəticədə gətirilən məhsullar artıq gömrük qeydiyyatından keçməli olur və sahibkar bu fonda bütün rüsumları ödəməli olur. Ona görə də ölkəmizə gətirilən məhsullar baha başa gəlir. Bir çox məhsullar üzrə dünya bazarındakı qiymətlər də bahalaşıb. Məsələn, ərzaq buğdasının qiymətinin qalxması un və un məmulatlarının qiymətinin artmasına gətirib çıxarıb. Belədə qiymət artımını cilovlamaq sadə proses deyil, uzun və mürəkkəb bir prosesdir. Ona nail olmalıyıq ki, ölkə daxilində qeyri-neft məhsullarının istehsalı tələbatın azı 60-80 faizini ödəyə bilsin. Yalnız bu göstəriciyə nail olduqdan sonra, ölkə daxilində məhsulların qiymətinin sabitləşməsini müşahidə edə bilərik. Bununla yanaşı həm idxal, həm də istehsal prosesində ciddi rəqabət mühitini formalaşdırmalıyıq. Bu olmasa, qiymət məsələsi sahibkarın ümidinə qalmaqda davam edəcək”.
Qeyd edək ki, son zamanlar, ümumiyyətlə cari ilin başlanğıcından Azərbaycanda bir çox məhsullar üzrə qiymətlərdə kəskin bahalaşma halları müşahidə edilir. Bu bahalaşma tendensiyası özünü həm ərzaq məhsulları, həm də digər növ mal və məhsullarda göstərir. Bir çox mallarda qiymət artımı cüzi olsa da, digərlərində bahalaşma daha ciddidir.
ELÇİN