Rəqabət olmalıdır, bu olarsa özəl bağçalar qiymətləri endirəcək- ekspert
Təhsil
16:18 / 07.02.2019
4087
"Rəqabət mühitinə nail olunsa, özəl bağçalarda qiymətlər düşər, dövlət bağçalarında isə vəziyyət normallaşar”
Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycanda özəl bağçaların baha qiymətlər diktə etməsi, dövlət bağçalarının isə azlığı məsələsinə toxunarkən Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli deyib.
Ekspertin sözlərinə görə əhalinin tələbatının ödənilməsi üçün dövlət bağçalarının sayı artırılmalı, yeniləri tikilib istifadəyə verilməlidir:
"Özəl bağçalarda qiymətlərin həddən artıq baha olması əsasən tələbatla bağlı məsələdir. Hazırda bağçalara tələbat çox böyükdür. Amma ölkədə mövcud olan dövlət və özəl bağçalar əhalinin bu tələbatını tam olaraq ödəyə bilmir. Ona görə də problemin həllinə nail olmaq üçün ilk növbədə dövlət bağçalarının sayının artırılmasından başlamaq lazımdır. Bu baş verərsə, onunla bərabər sözsüz ki, özəl bağçaların da sayı artacaq. Çünki tələbat şəraitində ölkənin müxtəlif yerlərində özəl bağçaların açıldığı barədə mütəmadi olaraq informasiyalarla rastlaşırıq. Sadəcə olaraq, hökumət rəqabət mühitiniormalaşdırmaq, özəl bağçalarda olan qiymət artımlarını cilovlamaq məqsədilə dövlət bağçalarını artırmalıdır. Həmin bağçaların artımı ilə əvvəllər özəl bağçalara müraciət edən insanlar indi bunu etməyəcək və seçim zamanı dövlət bağçalarına üstünlük verəcəklər. Nəticədə artıq özəl bağçalar qiymət diqtə etməyəcək, özünə müştəri axratmağa üstünlük verəcək. Müştəri axtarışı zamanı cəlbedicilik də əsasən elə qiymətlərlə bağlı olacaq. Bu istiqamətdə rəqabət mühitinə nail olunsa, özəl bağçalarda da qiymətlər düşər, dövlət bağçalarında isə vəziyyət normallaşar”.
Qeyd edək ki, Azərbaycanda bazar iqtisadiyyatının formalaşması nəticəsində çoxsaylı özəl bağçalar da yaranıb. Amma buna baxmayaraq, özəl bağçalarda qiymətlər olduqca bahadır. Belə olan halda, nisbətən imkansız ailələr üçün çıxış yolu ancaq övladlarını dövlət basğçasına qoymaq qalır. Lakin məsələ ondadır ki, dövlət bağçalarında da yer yoxdur. Yəni bir sözlə, ölkədə bağça çatışmamazlığı mövcuddur.
ELÇİN