ABŞ-ın ŞOK PLANI…- Dünya təhlükədə - ARAŞDIRMA
10:37 / 07.02.2019
3443
Ergün Diler
"Takvim”, Türkiyə, 05 fevral 2019-cu il
Roman Abramoviç haqqında daha öncə də bir neçə dəfə yazdım. Önəmli əlaqələri olan, önəmli şəbəkənin həlledici şəxslərindəndir. Londona girə bilmirdi. Alınmırdı. İsrail pasportu da işə yaramadı. Pentaqonun çox yaxından izlədiyi Abramoviç viza almaq üçün 14-cü dəfə müraciət etdi. Ancaq nəticə yenə istədiyi kimi olmadı. Pulunun, sərvətinin, hətta idman klubunun olduğu İngiltərəyə girə bilmədi. Bu, Bukinhemlə Kreml arasındakı balans baxımından çox önəmlidir. Çünki Abramoviç Putinlə çox yaxındır, Rotşildlərin də əsas adamlarındandır. Ona viza verilməməsi agent Skripal cinayəti qədər önəmlidir. İstədim ki, bunu qeyd edək.
Yazıya gedən döyüşlə davam edək. Rotşild ailəsi dolların yerinə rəqəmsal pul vahidi olan bitkoini hazırladığını illər öncəsindən elan etmişdi. "The Economist” bu xəbəri 1-ci səhifədə vermişdi. Xatırlayın, bunu da yazmışdıq.
Təbii, o zaman ABŞ Rotşild ailəsilə ortaqlığın qaydalarına əməl edirdi. Bunun yüz illər boyu sürməyəcəyini iki tərəf də, əlbəttə, bilirdi. Ancaq qəbul edək ki, ortaqlıq uzun zaman idi davam edirdi. Fırtınalara rəğmən, gəmi batmır, üzürdü. Ailənin bitkoini gücləndirməsilə birlikdə, son illərdə gizli davam edən müharibə açığa çıxdı.
Bu müharibənin bir çox səbəbi olsa da, döyüşün önəmli cəbhələrindən biri rəqəmsal puldur. ABŞ xəzinəsinin təqribən 20 trilyon dollar istiqraz borcu var. 2 il ərzində ödəməli olduğu rəqəm isə 5,7 trilyon dollardır. Yuvarlaq olaraq, rəqəmlər belədir.
Ortada FED-in qurulduğu gündən bu yana, yəni 2019-cu ilin fevral ayınadək dəyər itirən dollar var. 100 il ərzində yaşanan düşmə və yüksəlmələrə baxılarsa, yaşanan dəyər itkisi rəqəmlərlə ortadadır.
Bəzilərinə görə, bu, adi hadisə olsa da, maliyyə agentləri dolların öz ömrünü tamamlamağa başladığını söyləyirlər.
Bu durum Rotşild ailəsinin bitkoin planını həyata keçirməsi üçün, əslində, lazım idi və bəlkə də London bu prosesi bir az sürətləndirdi.
Ancaq dolların böyük güc olaraq qalmasını təmin edən və Rotşild ailəsilə qarşı-qarşıya gələn "dərin Amerika” da indi dolların yerinə ya bitkoinin, ya da dünyanın ən güclü rəqəmsal pulu olacaq "rəqəmsal dollar”ın keçməsinə qərar verib. "Rəqəmsal dollar”ın bazarda uğur qazanması və "dərin Amerika”nın ona hökm etməsi üçün, başda neft olmaqla, bütün yeraltı zənginliklərin də Vaşinqtona bağlanması lazımdır. Demək asandır, lakin həyata keçirilməsi lazım olan budur. Tələb olunan da budur. Pulun dəyərli olması üçün dəyərli olanlara sahib olmalısan. Çünki yeraltı zənginliklər pulun dəyərini artırır. Neftlə dolların "evliliyi” hər ikisini də böyüdüb. İndi neft, təbii qaz, bor, daş duz (qaya duzu), uran, litium, süngər daşı, niobium və tantal kimi 20 adda mineral ehtiyatı yeni dünyanın gələcəyini müəyyən edəcək.
Mədənləri, mineral ehtiyatları daima ABŞ və Böyük Britaniya idarə edirdi. Fransa Afrikadakı gücü hesabına bəzi mineral ehtiyatlar sahəsində önə çıxsa da, onların istifadəsi üçün Vaşinqtonun və ya Londonun razılığını almağa məcbur idi. İndi "dərin Amerika” bu gün dünyanın ən güclü yeraltı zənginliyi olan neftin arxasınca düşüb. ARAMCO da, Venesuela da artıq neftə sahib olmaq istəyən bu güc üçün bir almaz kimi dəyərlidir. "Dərin Amerika” ARAMCO-nu, Afrika və Venesuela neftini inhisarçı güc olaraq idarə etdiyi anda, həmin 20 dəyərli maddənin də sahibi olacaq. Bu da Çinin nəfəs almaq üçün belə, ABŞ-dan izin istəyəcəyi mənasına gəlir.
Ssenari həyata keçərsə, olacaq olan şey budur. Bunun üçün "dərin Amerika” həm plan qurur, həm onu həyata keçirməkdən ötrü yollar axtarır, həm də dəyişikliyə uyğunlaşır. Rəqəmsal pul misalında olduğu kimi. Yəni, rəqəmsal pul onun yeni həmləsidir.
Belə bir əməliyyatı Çinin sakit izləməsi də mümkün deyil. Çünki bu, sadəcə Çinin deyil, bir çox ölkələrin, hətta qitələrin çöküşü deməkdir. Buna görə də çoxtənlikli zaman dövründəyik.
Fransa ilə Almaniyanın bir araya gəlməsi Çinlə Rusiyanı sevindirərkən, bu qrupa İran da qatılıb. İran neftini də nəzərdən qaçıra bilmərik. Çünki bu gün Çinin ən önəmli enerji qaynaqlarından biri İrandır.
"Dərin Amerika” İranda rejim dəyişikliyindən sonra Venesuelaya girmək istəyirdi. Ancaq İrana sanksiya tətbiq edildiyinə görə Çinin Venesuelaya doğru yönəlməsi "dərin Amerika”nın bu güclü refleksini bir daha görməyimizə səbəb oldu.
Pentaqon öz gücünü canlının yaşadığı hər bir yerdə uniforma göstərməyə bağlayır. Bunu göstərmək üçün də çalışır. Ağ Ev üçün dövlət xadimi yetişdirən hər bir məktəbdə verilən özəl dərs brifinqlərində dünyanın tək bir dövlət olduğu və liderinin də ABŞ olduğu öyrədilir. Bu brifinqləri alanlar gələcəkdə təsirli olurlar.
Henri Kissincer bu brifinqi 1954-cü ildə Harvard Universitetində alıb. Hələ 31 yaşında olarkən dövlət xidmətinə başlayan Kissincer, hazırda 95 yaşındadır, lakin ağlı hələ də çox önəmlidir.
Stiv Bennon da 31 yaşında ikən Harvard Universitetində bu özəl dövlət brifinqini alıb. O da hələ çox – Avropanı, Orta Şərqi, hətta Asiyanı dizayn edəcək qədər təsirlidir.
Kissincer yəhudi, Bennon isə katolikdir. ABŞ "dərin dövlət”i "layihə uşaqları” ilə bağlı heç yanılmaz. Kissincer və Bennon mediaya açıq olanlardır. Mediaya açıq olmayan, inanılmaz qərarlar alan və aldıran bir çox "layihə gənc” onlarla ölkəyə xidmətə verilib.
Güclü qalmaq güclü olmaq qədər önəmlidir. ABŞ, özünə doğru yaxınlaşmaqda olan çox güclü fırtınadan daha güclü çıxmaq üçün 4 qitənin də bu fırtınanın içində olmasını istəyir.
Bu duruma əsəbiləşmək normaldır, lakin həddindən artıq əsəbiləşməyin kiməsə faydası yoxdur. Etik qərarların çox ciddiyə alınmadığı dövrdəyik. Ona görə, öz ölkəsini düşünənlərin onun üçün qərarlar alması çox önəmlidir.
Bennonla bağlı bir maraqlı xəbər də Braziliyadan gəlib. Stiv Bennonun iqtidara gətirdiyi Braziliya prezidenti Jair Bolsonaro bunu inkar edir. Lakin onun millət vəkili olan oğlu Eduardo Bolsonaro "Stiv Bennonun qurduğu milliyyətçi hərəkata qatılmaq mənim üçün şərəfdir” deyib. Bu, Bennonun aldığı özəl brifinqi nə qədər yaxşı dinlədiyinin son sübutudur. Elə deyilmi?
ABŞ özünün dərin və görünən qismi ilə başındakı bu planı həyata keçirmək istəyir. Çini və arxasındakı ailələri bitirmək, diz çökdürmək niyyətindədir. ABŞ çox halda uğur qazanıb. Uğur qazana bilmədiyi hallar da çox olub.
Venesuela bir testdir. Nikolas Maduronun gələcəyi qarşıdakı dövr üçün bizə işıq tutacaq. İzləyək, baxaq…
Qeyd: Önəmli hesab etdiyim üçün çatdırmalıyam. Ötən həftə MKİ-nin 200 milyon dollar verərək, İŞİD-in həqiqi lideri Aminullahı Talibanın əlindən aldığını, saxlandığı həbsxanadan qaçırdığını yazdım. İŞİD indi Pakistanda ortaya çıxıb. Və bir qrup önəmli çinlini qaçırıb. "Təsadüfdür” desəniz, etirazım olmaz. Ancaq, həqiqətən, təsadüfdürmü? Bir düşünün, görək. Qaçırılanların çinli olmaları təsadüflə açıqlana bilərmi? Mümkündürmü? Əlbəttə, deyil.
Baxaq, uyğurlar üçün necə bir plan düşünürlər.
Detalları haqqında sabah…
Tərcümə Strateq.az-ındır