Təlaşlanmağa ehtiyac yoxdur-ekspertdən bahalaşmaya münasibət

14:59 / 04.02.2019
2200
"Bu bahalaşmada xüsusi bir səbəbin olduğunu düşünmürəm”
Sfera.az-a açıqlamasında bu sözləri son zamanlar yerli istehsal sayılan milla xamalarının qiymətində sürətli bahalaşma hallarının qeydə alınmasına münasibət bildirərkən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Onun sözlərinə görə, məhsula tələbatın artması da qiymət artımına rəvac verə bilər:
"Ola bilər ki, həmin xamaları istehsal edən müəssisənin bu məhsullarına tələbat artıb. Nəticədə onlar da qiymət siyasətini belə müəyyən ediblər. Alan çox olduğundan təbii olaraq qiyməti də qaldırırlar. Bir sıra hallarda görürük ki, satış mərkəzləri mal və məhsulun qiymətində endirimlərə gedirlər. Bu isə ondan irəli gəlir ki, həmin məhsulları alan azdır. Belədə həmin siyasətlə alıcı cəlb etməyə çalışırlar. Məhsula tələb artanda da bəzi şirkətlər beləcə qiyməti bahalaşdırmaqla daha çox qazanc götürməyə çalışırlar. Ona görə də qısa zamanda milla xamalarının qiymətində belə bahalaşma müşahidə edilir. Qiymət siyasəti ölkəmizdə sərbəstdir. Biznes qrupu istəsə onun qiymətini iki dəfəyə qədər də qaldıra bilər. Buna heç kim məhdudiyyət qoya bilməz. Amma məsələ ondadır ki, bahalaşdıqüca bu məhsulu alıcılar almaqdan vaz keçəcək və belədə onlar küçədə qalacaq”.
Qeyd edək ki, "Bizim market” supermarketinin daim müştərisi olan alıcıların məlumatına görə, milla xamaları (20%-lik, 300 q) sürətlə bahalaşır. Yanvarın əvvəli 1,56 manata olan bu məhsul, ilin ilk ayının ortasında 1,77 -ə, fevralın əvvəlində isə 1,96 manata yüksəlib. Dekabrda hətta bu məhsulun qiyməti yanvar ayı ilə müqayisədə daha ucuz idi. Həmin xamanın 25%-liyi isə bu müddətdə 1,60-dan 2,15 manatadək yüksəlib. Bir sözlə, ilin əvvəlindən bu günə qədər bir sıra yerli məhsulların qiymətində təxminən 35-40 faizə qədər bahalaşma müşahidə edilir. Görəsən nə baş verir ki, sözügedən qiymət artımı meydana çıxıb?
ELÇİN