Yaradılacağı deyilən kadr bankı necə olmalıdır?-ekspert rəyi...

Cəmiyyət
15:55 / 30.01.2019
3811
"Ehtiyaclar öyrənilməli və ona uyğun olaraq da proqram, treninq, kurslar keçirilməlidir”
Sfera.az-a açıqlamasında bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin kiçik və orta biznes üçün kadr bankının yaradılacağı barədə dediyi fikirlərə münasibət bildirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Onun sözlərinə grə ilk olaraq kiçik və orta biznesə hansı kadrların lazım olduğu öyrənilməlidir:
"Əslində, yaxşı kadrlara həmişə ehtiyac var. Yaxşı kadrlar onsuz da bazarda həmişə özlərinə yer tapa bilir. Burada kiçik və orta sahibkarlıqdan söhbət gedirsə, öz səviyyəsinə kifayət qədər uyğun olan işçilərin tapılmasında o qədər də böyük problemlər olmur. Əksinə, hər hansı bir işlə bağlı elan verilərkən, çoxlu sayda insanların müraciət etdiyini görürük. Kiçik və orta biznes üçün kadr bankının yaradılmasının əsas istiqaməti əslində iş yerlərinə çıxış imkalarının yaradılmasından ibarət olmamalıdır. Bundan başqa burada, həmin sahibkarlıq subyektlərinə lazım olan sənət və işlərin hansı istiqamətdə getməsi öyrənilməli, belə bir araşdırma aparılmalıdır. Ona uyğun olaraq dövlət və nazirliyin hesabına treninqlər, kvalifikasiyanın dəyişdirilməsi üçün kursların təşkilinə ehtiyac vardır. Burada söhbət yəni ondan getməli deyil ki, hər hansı bir dövlət səviyyəsində kadr bankı yaradılır və onun da nəticəsində hər hansı bir işlə təmin olunmaq üçün işlər görülür. Buna ehtiyac yoxdur. Əslində ilkin olaraq kiçik və orta sahibkarlığa nələr və hansı kadrların lazım olduğu öyrənilməli və ona uyğun olaraq da treninqlərin keçirilməsi, kursların təşkilinə ehtiyac var. Çünki iş axtaranların sayı çox olsa da, kiçik və orta biznes subyektləri çox zaman ondan şikayət edir ki, axtardıqları səviyyədə və istiqamətdə işçi tapa bilmirlər. Bu iki problem bir-birilə uzlaşdırılmalıdır. Fikrimcə, belə bir kadr bankının yaradılasının əsas istiqaməti də məhz bu yöndə olmalıdır. Ehtiyaclar öyrənilməli və ona uyğun olaraq da proqram, treninq, kurslar keçirilməlidir”.
Qeyd edək ki, bu günlərdə mətbuata açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəzi naziri Sahil Babayev bildirib ki, kiçik və orta biznes üçün kadr bankı yaradılacaq. Onu da bildirək ki, Azərbaycanda sözügedən biznes strukturlarında sözün həqiqi mənasında ixtisaslı kadr potensialı çatışmır. Bu səbəbdən də bir çox hallarda kiçik və orta sahibkarlıq subyektləri öz işlərini keyfiyyətli və uğurlu şəkildə qura bilmirlər. Böyük ehtimalla kadr bankının yaradılması ilə həmin problem də müəyyən dərəcədə öz həllini tapacaq.
ELÇİN