İlin sonuna doğru kirayə evlər bahalaşır - SƏBƏB?

İlin sonuna doğru kirayə evlər bahalaşır - SƏBƏB?
"Kirayə mənzil bazarında son zamanlar qiymətlərin bahalaşmasında əsas amil rolunda təklifin azalması prosesi çıxış edib”.
 
Sfera.az-a açıqlamasında bu sözləri son vaxtlar kirayə evlərin qiymətinin artmasına münasibət bildirərkən NBA Konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimli deyib:
 
"Təklif portfeli tələb portfelinə nisbətən son il yarım ərzində azalıb. Prosesdə başlıca rolu məhz bu amil oynayıb. Əvvəllər təklif çox idi, tələb isə ona nisbətən az. İndi isə tələb təklifi üstələyib. Düzdür, tələb çoxalmayıb, öz yerində sayır, ancaq təklif portfeli azalıb. Ona görə də proses kirayə bazarındakı qiymətlərə də bahalaşma fonunda öz təsirini göstərib. Bu vəziyyət azalan təklifin yerini doldurmasına qədər davam edəcək. Düşünürəm ki, həmin proses də azı il yarım çəkəcək”.
 
İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə isə, kirayə mənzil bazarında qiymət artımına iki faktor səbəb olub: "Təsir edən amillərdən biri aparılan söküntü işləridir. Şəhərin müxtəlif yerlərində, əsasən də "Köhnə Sovetski” adlanan yerlərdəki köhnə evlərin sökülməsi fonunda orada yaşayan insanların müvəqqəti olaraq kirayə evlərə köçürülməsi prosesi baş verir. Bu fonda kirayə haqlarını dövlət ödədiyi üçün, insanlar daha yaxşı və komfortlu evlər tutmağa çalışır ki, bu da bazarda qıtlığa gətirib çıxarır. İkinci səbəb turizmlə bağlıdır. Artıq son bir ildə Bakının əsasən mərkəz və mərkəzə yaxın hissələrində mənzilləri təmir edərək xarici turistlərə sutkalıq kirayəyə vermək gəlirli sahəyə çevrilib. Bu istiqamətdə təkliflərin sayı artıb. Hətta internet üzərindən yüzlərlə belə elanlara rast gəlmək olur. Məhz bu iki faktor kirayə mənzil bazarında qiymət artımına gətirib çıxarıb. Düzdür, ölkədə hələlik 2008-ci illərin əvvəllərində olduğu tək güclü tikinti bumu yaşanmır. Bu müstəvidə düşünürəm ki, həmin sahədə çətinliyin, qıtlığın davam etməsi, qiymətlərin daha da yüksəlməsi prosesi qarşıdakı dövr ərzində də bir müddət davam edə bilər. Çünki bura yataqxana problemilə üzləşən tələbələri də əlavə etsək, hər il onlar da mənzil axtarışına çıxırlar. Nəticədə bunun özü də kirayə mənzil bazarında bir ajiotaja səbəb olur. Bu da bazarda tələbatı artırır, qiyməti yüksəldir”.
 
Qeyd edək ki, son dövrlərdə kirayə ev bazarında tələb və qiymətin artması prosesi müşahidə olunur. Artım hardasa 10-15 faiz arasındadır.
 
ELÇİN 
Sfera.az

OXŞAR XƏBƏRLƏR