"Prezidentin siyasətinin təməlində ölkə vətəndaşlarının rifah halının daha da yaxşılaşdırılması dayanır"

16:30 / 24.12.2018
2505
"Cənab Prezidentinin siyasətində başlıca xətt Azərbaycan vətəndaşının bu gün dünənkindən, sabah bu günkündən yaxşı yaşaması və bərabər imkanların yaradılmasıdır”.
Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycan Prezidenti İlham Əliyevin doğum günü və onun dövlət başçısı olaraq ölkəmizin taleyində oynadığı mühüm rola qiymət verərkən Milli Məclisin deputatı Musa Qasımov deyib:

"İlk növbədə cənab Prezident, zatialiləri İlham Əliyevi doğum günü münasibətilə ürəkdən təbrik edir, uzun ömür, möhkəm can sağlığı, dövlətimiz və millətimizin tərəqqisi naminə fəaliyyətində uğurlar arzulayıram. Cənab Prezidentin hakimiyyətinin ilk 15 ilində həm daxili,həm də xarici siyasətdə ölkəmiz böyük bir inkişaf yolu keçib. Əksər dövlətlərin bir əsrdə əldə edə bilmədiyini, Azərbaycan dövləti bu 15 ildə əldə edib. Əhalisinin sayı az, ərazisinin kiçik olmasına baxmayaraq, Azərbaycan özündə qat-qat böyük dövlətləri birləşdirən, əməkdaşlığa cəlb edən bir güc halına gəlib. Azərbaycan dünyanın nəqliyyat kommunikasiya mərkəzlərindən birinə çevrilib. Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.
Cənab Prezidentimiz dünyanın indiki mürəkkəb vaxtında humanitar əməkdaşlıq, sivilizasiyalar, mədəniyyətlərarası dialoq siyasətini yürüdür və bu mənada da ölkəmiz dünyada örnək halına gəlib. Daxili siyasət sahəsində Prezidentin fəaliyyəti sayəsində Azərbaycan yenidən qurulan, rəqabətə davamlı bir ölkəyə çevrilib. Millətin gələcəyi təhsildən asılı olduğu üçün ölkəmizin bütün yaşayış məntəqələrində, ən ucqar dağ kəndlərində belə müasir standartlara cavab verən məktəblər tikilib. Asfalt yollar çəkilib. Bu gün ölkəmizdə elektrik enerjisi problemi yoxdur. Su ilə bağlı problemlər də həll edilir.
Azərbaycan Prezidentinin siyasətinin təməlində ölkə vətəndaşının rifah halının daha da yaxşılaşdırılması dayanır. Bütün görülən işlər əminlik yaradır ki, növbəti illərdə də Azərbaycan böyük uğurlar əldə edəcək”.
Milli Məclisin deputatı Elman Məmmədov da vurğuladı ki, dövlətimizin bütün uğurları, inkişafı məhz Prezidentin adı ilə bağlıdır:

"Prezidentimizi doğum günü münasibətilə təbrik edir, can sağlığı arzulayıram. Prezidentimiz bizim qürur yerimizdir. Prezident öz ad gününü həmişə olduğu kimi, yenə də məcburi köçkünlər, hərbçilərlə, müxtəlif kateqoriyalı insanlarla birlikdə qeyd edir. Bu da bir nümunədir. Azərbaycanın bütün uğurları, hazırkı nüfuzu, inkişafı məhz prezidentimizin adı ilə bağlıdır. Fəxr edirəm ki, dövlətimizin İlham Əliyev kimi müdrik, cəsarətli, qətiyyətli, xalqının, dövlətinin, Vətəninin, torpağının qədrini, qiymətini yüksək səviyyədə qoruyan prezidenti var”.
Milli Məclisin deputatı Aqil Abbas da qeyd etdi ki, Azərbaycanın son 15 ildə əldə etdiyi möhtəşəm uğurlar məhz Prezidentin fəaliyyətinin nəticəsidir:

"Möhtərəm Prezidenti öz adımdan və bütün Qarabağlılar adından həm ad günü, həm də hakimiyyətə gəlməsinin 15 illiyi münasibətilə ürəkdən təbrik edir. Ona Azərbaycanın daha da çiçəklənməsi, lider dövlətə çevrilməsi yolunda, Qarabağ uğrunda apardığı mübarizədə uğurlar arzulayıram. Onun Şuşaya Azərbaycan bayrağını sancacağına da ürəkdən inanıram. Ulu Öndərimizin belə bir ifadəsi var: "Azərbaycan dünyaya günəş kimi doğacaq”. Ulu öndərimiz dövlətimizi yaratdı, onu qorudu. Dövlətimizin dünyaya günəş kimi doğmasında isə möhtərəm Prezident İlham Əliyevin mühüm rolu oldu. Hazırda Azərbaycan təkcə regionun deyil, bütün müsəlman dünyasının lider dövlətinə çevrilib. Həmçinin, ölkəmiz məhz Prezidentin siyasəti nəticəsində Avropada da öz yeri və mövqeyi olan bir dövlətə çevrilib. İqtisadiyyatımız sürətlə inkişaf edir. Azərbaycanın milli valyutası 46 milyard dollara çatıb. Halbuki möhtərəm Prezident hakimiyyətə gələndə bu rəqəm 3 milyard dollar olub. Prezidentin yürütdüyü siyasət nəticəsində Azərbaycan dünyada söz sahibi olan ölkələr sırasında yer alır. İlham Əliyev hakimiyyətə
gələndə bildirmişdi ki, ölkədə bir dənə də çadır şəhəri qalmayacaq. İndi bir dənə də qaçqın şəhəri qalmayıb. Prezidentin fəaliyyəti nəticəsində əldə olunan uğurlarımızı saymaqla bitməz. Ordumuzun inkişafı, dünyanın ən güclü orduları sırasında yer alması da möhtərəm Prezidentin xidmətləridir. Bu da onun xalqa olan sevgisindən irəli gəlir. Xalqımız da onun arxasındadır. Prezidentin apardığı siyasət də müstəqil siyasətdir”.
Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin ad günüdür. O, 1961-ci ilin bu günündə Ulu Öndər Heydər Əliyevin ailəsində anadan olub. 2003-cü ildə ilk dəfə prezident seçilən İlham Əliyev, bundan sonra daha 3 dəfə böyük səs çoxluğu ilə bu yüksək posta seçilib.
ELÇİN
Sfera.az