"Türkiyə nəinki Suriyada, bütövlükdə Yaxın Şərq bölgəsində ciddi söz sahibinə çevriləcək" - Ekspert

"Bundan sonra Türkiyə yaxın zamanlarda Suriyada böyük hərbi hərəkata başlayacaq və Ankara Dəməşqin gələcəyində həlledici söz sahibi olacaq”.
 
Sfera.az-a açıqlamasında bu sözləri Vaşinqtonun öz qoşunlarını Suriya ərazisindən çıxarması barədə qərar verməsindən sonra bölgədə hadisələrin necə cərəyan edəcəyinə münasibət bildirərkən politoloq Natiq Miri deyib:
 
"ABŞ qoşunlarının Suriyadan çıxarılması bölgədə yeni geosiyasi situasiya yaradacaq. Bundan sonra Türkiyə yaxın zamanlarda böyük hərbi hərəkata başlayacaq. Hansı ki, bu hərəkat da Suriyanın şimalında 500 km-lik bir sərhədi əhatə edəcək və prosesin təkcə Fərat çayının şərqini deyil, enerji mənbələrinin zəngin olduğu Deyrzor və Rakkaya qədər uzanacağı ehtimalı var. Çünki Trampla Ərdoğan arasında baş tutan telefon danışığında ABŞ prezidenti Suriyada qalan və hələ də dirəniş göstərən İŞİD-in tamamilə məhv ediımçəsi üçün türkiyəli həmkarından bir öhdəlik götürməsini istəyib. Ərdoğan da bu öhdəliyi üzərinə götürüb. Tramp bundan sonra Twitter-də öz hesabından verdiyi mesajda göstərib ki, Ərdoğanın Suriyada İŞİD-i tamamilə bitirəcəyinə inanır. Ona görə də mesajının sonunda birmənalı olaraq "biz gedirik, Suriya sizindir” deyə Ərdoğana mesaj ünvanlayıb. Bu onu göstərir ki, artıq Türkiyə Suriyanın gələcəyində həlledici oyunçulardan biri olacaq. Nəticədə Türkiyə nəinki Suriyada, bütövlükdə Yaxın Şərq bölgəsində ciddi söz sahibinə çevriləcək. Türkiyənin burada həlledici mövqeyə malik olması Suriyanın gələcəkdə qurulması məsələsinə də öz müsbət töhvəsini verəcək. Əvvəllər bu ölkədə əsas söz sahibi Rusiya və İran idisə, həyata keçirəcəyi əməliyyatdan sonra Ankara həmin bölgədə söz sahibi olan iki həlledici dövlətdən biri olacaq. Bu isə Suriyada siyasi çözümü sürətləndirəcək. Bilirsiniz ki, Cenevrədə Suriyada yeni Konstitusiyanın hazırlanması ilə bağlı Konstitusiya Komissiyası razılaşdırılıb. Düşünürəm ki, Türkiyənin əməliyyatından sonra bu çözüm prosesi daha sürətlə gedəcək və ən nəhəyat Suriyada demokratik seçki keçiriləcək”.
 
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp öz qoşunlarını Suriyadan çıxaracağını bəyan edib. Artıq bu barədə qərar da verilib. Onu da vurğulayaq ki, ABŞ qoşunları Suriyanın əsasən şimal bölgəsində, kürdlər yaşayan ərazilərdə yerləşib. Bu mənada maraqlıdır, Vaşinqtonun sözügedən addımından sonra bölgədə vəziyyət hansı istiqamət üzrə cərəyan edəcək? 
 
Elçin
Sfera.az





OXŞAR XƏBƏRLƏR