FED-in qərarı Azərbaycana necə təsir edəcək? - Ekspert izah edir

FED-in qərarı Azərbaycana necə təsir edəcək? - Ekspert izah edir
"Uçot dərəcəsinin artırılması fonunda dolların daha da bahalaşması tendensiyası gedəcək ki, belə vəziyyət inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatı və milli valyutalarına mənfi mənada ciddi təsir göstərəcək”.
 
Sfera.az-a açıqlamasında bu sözləri ABŞ Prezidenti Donald Trampın etirazlarına rəğmən Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini 0,25 faiz artırmasına münasibət bildirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib:
 
"Əslində gözləntilər də FED-in faiz dərəcəsini artırması yönündə idi. Ekspert, analitik və maliyyə məsələlərilə məşğul olan ciddi qurumların bu istiqamətdə səsləndirdikləri proqnozlar özünü doğrultdu. Yəni faizin artırılması gözlənilən qərar idi. Bilirsiniz ki, ABŞ Prezidenti Donald Trampın Twitter şəbəkəsi və media açıqlamalarında FED-i faiz artırmamağa çağırırdı və bu müstəvidə ciddi basqılar qururdu. Amma mətbuat konfransında FED rəhbəri bu iddialara cavab verərək rəhbərlik etdiyi qurumun müstəqil olduğunu və Trampın dediyi sözlərin onların qərarvermə mexanizmində ciddi rolunun olmadığını söylədi. Mövcud intiriqa da bundan ibarət idi. Bununla belə, ağıllı müdaxilələrlə FED rəhbərliyi bazarı yönləndirməyi bacardı. Faiz dərəcəsini artırmaqla həm öz sifətini qorudu, faizi artırdı, Trampın dediyinə qulaq asmadı və beləliklə də müstəqil qurum olduğunu sübut etdi. Eyni zamanda, bununla bahəm mətbuat konfransında yumşaq açıqlamalar verməklə ABŞ dollarının gələcəkdə daha da güclənməsinin qarşısını alan bəyanatlar verdi. Elan olundu ki, gələn il faiz artımında artımlar daha düşünülmüş şəkildə atılacaq, 3 dəfə nəzərdə tutulan faiz artımı toplantısı 2-yə endirildi. Hətta bildirildi ki, ola bilsin bu iki faiz artımı da olmasın. Bunun üçün dünyada və ABŞ iqtisadiyyatında baş verən prosesləri izləyəcəklər. Məhz belə bir bəyanat Trampın istəyinə uyğun gəldi, dolların bahalaşmasının qarşısı alındı. Trampa görə, baha dollar ABŞ iqtisadiyyatı və ixracına ziyan vura bilər”.
 
Ekspert qeyd etdi ki, istənilən halda faiz dərəcəsinin az qala 2,5 faizə çatdırılması Amerika dollarının dünyadan geri, evinə dönməsinə və ABŞ iqtisadiyyatında maliyyələşmənin artımına səbəb olacaq:
 
"Bu isə dünyada sərbəst kredit ehtiyatlarının azalmasına, belədə dollara tələbatın artmasına, dolayısı ilə onun qiymətinin yüksəlməsinə səbəb olan faktora çevriləcək. Müvəqqəti olaraq bunun qarşısını sözlü müdaxilələrlə aldılar. Amma gələn il dolların daha da bahalaşması tendensiyası getdikcə artacaq. Belə vəziyyətin isə inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatı və milli valyutalarına ciddi təsirləri olacaq. Dolların möhkəmlənməsi digər ölkə valyutalarının onun qarşısında mövqelərinin zəifləməsinə səbəb olacaq faktora çevriləcək”.
 
Qeyd edək ki, ABŞ Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsinin 0,25 faiz qaldırılması barədə qərar verib. Bununla da baza faiz dərəcəsi 2,25-2,50 səviyyəsində qərarlaşıb. Hansı ki, ABŞ Prezidenti Donald Tramp faiz dərəcəsinin qaldırılmasına qarşı çıxırdı. O bunun ABŞ iqtisadiyyatının qorunması üçün vacib olduğunu deyirdi. Lakin göründüyü kimi, FED Trampın dediyinə uyğun hərəkət etmədi və uçot dərəcəsini növbəti dəfə qaldırdı.
 
ELÇİN 
Sfera.az

OXŞAR XƏBƏRLƏR