Neftin ucuzlaşmasında hansı amillər rol oynayır? - TƏHLİL

Neftin ucuzlaşmasında hansı amillər rol oynayır? - TƏHLİL
"Neftin qiymətinin hazırda ucuzlaşması tendensiyası bazarda gedən normal proseslərdən qaynaqlanır. Yəni bu ucuzlaşmada hər hansı bir spekulyativ amillərin təsiri demək olar ki, yoxdur”.
 
Sfera.az-a açıqlamasında bu sözləri xeyli müddətdir neftin qiymətində baş qaldıran ucuzlaşma tendensiyasının hansı səbəblərdən qaynaqlandığına münasibət bildirərkən neft-qaz məsələləri üzrə ekspert İlham Şaban deyib.
 
Ekspertin sözlərinə görə, qiymətlə bağlı baş verən həmin prosesə ümumiyyətlə üç amil təsir edib:
 
"Dekabrın 7-də neftin bir barrelinin qiyməti 63 dolları ötmüşdü. İndi onun 57 dollardan aşağı düşməsinə əsasən həftənin əvvvəlində baş verən üç amil səbəb olub:
 
İlk növbədə ABŞ-da 2019-cu ilin yanvarında şist neft hasilatının rekord göstəriciyə çatacağı ilə bağlı hesabatın açıqlanması qiymətə öz təsirini göstərib. Bu ölkədə şist neftlə bağlı gündəlik hasilatın 8 milyon barrelə qədər artacağı proqnozlaşdırılıb. İkinci bir tərəfdən, ABŞ-la Çin arasında baş verən ticarət müharibələri nəticəsində onun qlobal təsirləri əsas enerji istehlakçılarının ona olan tələbatının azalmasında özünü göstərir. Bu da neftin qiymətlərinin ucuzlaşmasına gətirib çıxaracaq. Digər tərəfdən, həftənin ilk günündə Rusiya energetika naziri Aleksand Novakın 2018-ci ilin yekunlarına dair çıxışında ölkəsinin rekord həddə neft hasilatını gözləmələrilə bağlı açıqlaması da prosesə öz təsirini göstərib.
 
Bazar ona ona görə güclü reaksiya verib ki, ondan bir müddət əvvəl OPEK-in Vyana sammitində Rusiya nümayəndəsi gündəlik hasilatı 228 milyon barrel azaltmaqla bağlı kvota götürsələr də, özünün klimatik-coğrafi şəraitindən asılı olaraq qış aylarında bunu həyata keçirməyin Moskva üçün çətin olacağını bəyan edib. Məhz həmin bəyanat nəticəsində bazar prosesə ciddi reaksiya verib və qiymətlər 6 faizə qədər bahalaşdı. Bu prosesdə heç bir spekulyativ amillərin rolu olmayıb. Sadəcə, baş verən proseslərə bazar adekvat reaksiya verib”.
 
Qeyd edək ki, artıq ay yarımdır neftin qiymətində enmə prosesi baş verir. B ir müddət əvvəl barreli 82 dollara qalxan neft hazırda 57 dollardan da ucuzdur. Adətən neftin qiymətində baş verən enmə və yaxud bahalaşma əsasən iki səbəblə bağlı olur. Bir tərəfdən, bu proses bazarda tələblə təklifdən asılı olaraq dəyişir. Digər tərəfdən, isə spekulyativ amillər, bu və ya digər ölkələrdə və yaxud beynəlxalq arenada baş verən siyasi proseslər də burada öz sözünü deyir.
 
ELÇİN 
Sfera.az

OXŞAR XƏBƏRLƏR