Dünyanı onlar idarə edirlər - Futbolçu, alverçi, fəhlə, prorektor köməkçisi…

Dünyanı onlar idarə edirlər - Futbolçu, alverçi, fəhlə, prorektor köməkçisi…
Dünyanı idarə edəcək statuda olmaq və böyük bir dövlətə rəhbərlik etmək bəzilərinin düşündüyü kimi, heç də asan və rahat əldə edilmir. Heç şübhəsiz hər gün haqqında milyonlarla xəbər tirajlanan dünya liderləri də bizim kimi insanlardır və onların da yolu məşəqqətlərdən, çətinliklərdən keçib.

 
Sfera.az Azxeber.com-a istinadən dünyanın aparıcı dövlətlərinə rəhbərlik edən şəxslərlə bağlı araşdırmanı təqdim edir:

ABŞ prezidenti Donald Tramp 1946-cı ildə Nyu-York ştatının Kuins şəhərində anadan olub. 13 yaşında ciddi psixoloji sarsıntılar keçirən Trampın valideynləri onun enerjisini və özünə inamını lazımi yola yönəltmək ümidi ilə onu "Nyu-York hərbi akademiyası” məktəb-internatına göndəriblər. Tramp həmin məktəbin mükafatlarını alır, 1962-1963-cü illərdə futbol komandalarında, 1962-1964-cü illərdə beysbol komandalarında oynayır. Məşhur beysbol məşqçisi Ted Dobias 1964-cü ildə onu prestijli "Məşqçi" mükafatı ilə mükafatlandırır.

Karyerasına atasının yanında və ilk dövrdə atasının məsləhəti ilə orta sinif üçün nəzərdə tutulan evlərin icarəsi sahəsində başlayır. Sonrakı dövrdə biznesdə böyük uğurlara imza atan Donald otellər tikintisi və inşaat sahəsində dünyanın aparıcı isimlərindən olur. ABŞ milyarderləri arasında yer alan biznesmen 2016-cı ilin noyabrında keçirilən prezident seçkilərində "demokrat” rəqibi Hillari Klintonu üstələyərək ABŞ-ın sayca 45-ci prezidenti seçilir.

 
Rusiya prezidenti Vladimir Putin 1952-ci ildə Sankt-Peterburqda anadan olub. 1975-ci ildən SSRİ Dövlət Təhlükəsizlik Komitəsində xidmətə başlayıb. Bir müddət Almaniyada işləyib. 1989-cu ildə istefaya çıxaraq Leninqrad Dövlət Universitetinin prorektoru Anatoli Sobçakın köməkçisi işləyib. 16 avqust 1999-cu ildə Putin Rusiya Federasiyasının baş naziri təyin olunur. O zamankı Rusiya prezidenti Boris Yeltsinin yeni il gecəsi televiziyada xalqa təbrik çıxışı Putinin qarşısında "yaşıl işıq" yandırır.

1999-cu ilin dekabr ayının 31-də Yeltsin istefa verdiyini və prezident olaraq səlahiyyətlərini baş nazir Vladimir Putinə həvalə etdiyini bəyan edir. Baş nazir təyin olunandan beş ay sonra V.Putin Rusiyaya rəhbərlik etməyə başlayır. 2000-ci ilin mayında isə rəsmi olaraq Rusiya Federasiyasının prezidenti seçilir. 8 il ölkəyə rəhbərlik etdikdən sonra yenidən baş nazir postuna qayıdır. 2012-ci ildə isə üçüncü dəfə Rusiya prezidenti seçilir.

 
Fransa prezidenti Emmanuel Makron 1977-ci ildə Amyen şəhərində anadan olub. Gələcək prezident X-Nanter universitetində təhsil alıb. Bu universitet siyasi tədqiqatlar institutu və milli administrasiya məktəbidir. 1999-2001-ci illər arasında fransız filosof Pol Rikyörün köməkçisi olub. Makron 2004-2008-ci illər arasında iqtisadiyyat nazirliyində inspektor vəzifəsini tutub. "Rothschild & Cie Banque” şirkətində investor bankir olub. Bu vəzifəyə görə maliyyə Mosartı ləqəbini alıb.

Makron 2006-cı ildə sosialistlərin cərgəsinə qoşulsa da, 2009-cu ildə partiya sıralarını tərk edib. 2012-2014-cü illər arasında prezident Fransua Ollandın yanında baş katibin müavini işləyib. Sonradan isə İqtisadiyyat naziri təyin edilib. Məhz onun dövründə "Makron qanunları" adlandırılan bir sıra liberal iqtisadi islahatlar paketi qəbul edilib. O, özündən 24 yaş böyük müəlliməsi ilə ailə həyatı qurub. Ötən ilin mayında Fransa prezidenti seçilib və dünyanın ən gənc dövlət başçısıdır.



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 1954-cü ildə İstanbulun Qasımpaşa bölgəsində anadan olub. 1965-ci ildə "Piyalə Paşa” ibtidai məktəbini bitirir. Həmin il İmam Xatib liseyinə daxil olaraq, 1973-cü ildə oradan məzun olur. Daha sonra ali təhsilini Mərmərə Universitetinin İqtisadi və ticari elmlər fakültəsində alır. Camialtı, İETT, və Eroksporda 16 il futbol oynayır. 1980-cı ildən sonra futboldan ayrılır. 1976-ci ildə Milli Səlamət Partiyası Bəyoğlu Gənclər Şöbəsinin sədri və həmin il də partiyanın İstanbul il (vilayət) başçısı seçilib.
 
Sonradan Rifah Partiyasında fəaliyyətini davam etdirən Ərdoğan 1991-ci ildə millət vəkili seçilsə də, onun mandatı müxtəlif bəhanələrlə ləğv olunur. 1994-cü ildə keçirilən seçkilərdə isə İstanbul Bələdiyyəsinin sədri seçilir. 1997-ci ilin dekabrında həbs olunan Ərdoğan 4 ay sonra azadlığa çıxır. 2002-ci il seçkilərində rəhbəri olduğu Ədalət və İnkişaf Partiyası səslərin böyük çoxluğunu qazanaraq təkbaşına iqtidara gəlir. Əvvəlcə Türkiyənin Baş naziri, ardınca isə prezidenti seçilir.

Almaniya kansleri Angela Merkel paralel olaraq Xristian Demokrat İttifaqının rəhbəridir. 1954-cü il təvəllüdlü Merkel Almaniyanın ilk qadın kansleri kimi adını tarixə yazdırıb. Fiziki kimya ixtisası üzrə doktorant təhsili qazanan Merkel 1989-cu il inqilabının başladığı vaxtlarda siyasətə gəlir və qısa müddət ərzində 1990-cı ildə ilk dəfə olaraq demokratik şəkildə seçilmiş Şərqi Almaniya Hökumətinin millət vəkili sözçüsü kimi xidmət edir. Sonralar o, 1991-ci ildə Kansler Helmut Kol tərəfindən Qadınlar və gənclərin məsələləri üzrə nazir təyin edilib.

1994-1998-ci illərdə Ətraf mühit, Təbiəti mühafizə, Tikinti və Nüvə təhlükəsizliyi məsələləri üzrə nazir kimi fəaliyyət göstərib. 2005-ci il federal seçkilərinin ardından Angela Merkel Almaniyanın ilk qadın kansleri təyin edilir. Uşaq vaxtı alma şirəsi və kotleti çox sevən Angela böyüyəndə müəllimə olmağı arzu edib. Angela Merkel heç vaxt bilərzik, üzük, sırğa taxmır. Onun həyatında unudulmayacaq məqamlardan biri gənc yaşlarında qaragilə alveri etməsi və "Angela" diskotekası təşkil etməsi ilə bağlıdır. Bəlkə də, heç ağlına da gətirməzdi ki, nə zamansa dünyanın aparıcı ölkələrindən birinə rəhbərlik edəcək.

Ukrayna prezidenti Petro Poroşenko 1965-ci ildə Bolqradda anadan olub. Kiyev Dövlət Universitetinin Beynəlxalq münasibətlər və Beynəlxalq iqtisadiyyat fakültəsində təhsil alıb. O, cüdo idman növü ilə peşəkar səviyyədə məşğul olub, dəfələrlə yüksək mükafatlara layiq görülüb. Ali təhsilə yiyələndikdən sonra Poroşenko kakao satışında şəxsi biznesini qurur.

1990-cı ildə bir neçə qənnadı fabrikinin sahibi olur və sonralar bu fabrikləri "Roşen" adı altında birləşdirir və "Roşen" Ukraynanın ən çox məhsul istehsal edən qənnadı fabrikinə çevrilir. Sonralar şokolad istehsalında "Kral" olan Roşen məhsulunun təxminən yarısı Rusiyaya ixrac olunurdu. 2014-cü ildə keçirilən prezident seçkilərində qalib gələrək, Ukrayna prezidenti seçilir.





OXŞAR XƏBƏRLƏR