Azərbaycan Beynəlxalq Bankı ən çox mükafat qazanan banklardan biri oldu

İqtisadiyyat
13:25 / 20.12.2018
1816
Azərbaycan Banklar Assosiasiyası ölkə banklarının bir illik fəaliyyətini təhlil edərək 2018-ci il üzrə bankçılıq mükafatlarının qaliblərini müəyyənləşdirib. Dekabrın 19-da "JW Marriott Absheron Baku” hotelində bank-maliyyə qurumlarının nümayəndələrinin iştirakı ilə mükafatların təqdimatı mərasimi keçirilib.
Azərbaycan Beynəlxalq Bankı 2018-ci ilin nəticələrinə görə bir neçə mükafat qazanıb. Bank "Korporativ sosial məsuliyyət və ən fəal maliyyə savadlılığı dəstəkçisi” nominasiyası üzrə mükafatla təltif edilib. Azərbaycan Beynəlxalq Bankı bu mükafata ASAN Radio ilə birgə həyata keçirdiyi "100 illik tarix” və "Bank saatı” layihələrinə görə layiq görülüb. Xatırladaq ki, cəmiyyətdə böyük maraqla qarşılanan bu layihələrdən biri – "100 illik tarix” korporativ sosial məsuliyyət layihəsi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünə həsr edilib. ASAN Radioda efirə gedən "Bank saatı” proqramının məqsədi isə cəmiyyətimizdə maliyyə savadlılığının yüksəlməsinə dəstək vermək, bu sahədə maarifləndirmə işləri aparmaqdır.
Azərbaycan Beynəlxalq Bankının Maliyyə menecmenti departamentinin şöbə müdiri Əli Dadaşzadə isə "Bank-maliyyə sektoruna aid araşdırma və məqalələri ilə fərqlənən bank nümayəndəsi” nominasiyasının qalibi olub. O, belə bir mükafata bu sahədə müxtəlif mövzularda dərc etdirdiyi maarifləndirici xarakterli məqalələrinə görə layiq görülüb.
Mükafatların təqdimatı mərasimində Azərbaycan Beynəlxalq Bankının Marketinq departamentinin direktoru Nigar Tahirova deyib: "Bu mükafatların bizim üçün mənəvi dəyəri çox böyükdür. İşimizə verilən yüksək qiymət göstərdi ki, layihələrimiz öz məqsədinə çata bilib. Bu isə bizi insanlarımıza fayda gətirəcək yeni-yeni təşəbbüslərə ruhlandırır”.