“Dedilər, deputatlar 3 ay əvvəl təyin olunub, siyahını da göstərdilər”
Namizədliyi qeydə alınmayan bəstəkar-müğənni Elza Seyidcahan “Yeni Müsavat”a ilginc açıqlamalar verib.
Sfera.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, onun sözlərinə görə, namizədliyini irəli sürdüyü 54 saylı Şabran-Siyəzən seçki dairəsindən ona təzyiqlər olub, məcburi surətdə namizədliyini geri götümək tələb edilib:
“Dedilər ki, özünü yorma, deputatlar artıq 3 ay bundan əvvəl təyin olunub. Üstəlik deputat olacaq şəxslərin siyahısını da göstərdilər. Dedim ki, mən bunlara inanmıram. Bu, Yeni Azərbaycan Partiyası adına layiq olmayan, seçki qanunvericiliyinə, adına ləkə, şəffaqlığına xələl gətirən, mənə qarşı olan təxribatdır.
Bu təxribat və təzyiqlər artıq bir neçə gün idi ki, başlamışdı. Mənə inadla təklif edirdilər ki, namizədliyimi geri götürüm. Hətta seçicilərimlə görüşmək üçün Siyəzənə gedəndə insanlar gəlib mənə sual verirdilər ki, “Elza xanım, niyə namizədliynizi geri götürdüz?”
Müğənni bu işdə ona xüsusilə altı kişinin təzyiq etdiyini iddia edib:
“Onlar icra aparatının nümayəndələri idi. Əgər oktyabrın 9-da, günün yarısınadək mənim şikayətim təmin olunmazsa onların adları, tutduqları vəzifələri barədə mətbuata açıqlama verəcəm”.
Elza Seyidcahan Şabran-Siyəzən seçki dairəsindən namizdəliyini irəli sürən, hazırki deputat Tahir Süleymanovu kəskin tənqid edib:
“Tahir Süleymanov YAP-ın üzvü olsa da həmin partiyadan qətiyyən məlumatı yoxdur. YAP-ın üzvü olub, ona layiq olmayan xeyli şəxslər var.
Məlum oldu ki, mənə qarşı təxribat törədən elə birinici odur. Dairədən mənə bildirdilər ki, “qanımızı tökəcəyik, amma Tahir Süleymanovu qutudan çıxardacayıq. Bu, nə deməkdir?! Tahir Süleymanov səs toplayacağımı bilib mənə şər-böhtan atmaqdan çəkinmir”.
Əməkdar artist olayla bağlı ölkə prezidentinə teleqram vasitəsi ilə müraciət etdiyini deyib:
“Mənə bildirildi ki, topladığım səslərin 307-i doğru, 180-i isə saxta imzadır. Bu böhtandır. Başıma gələn bu haqsızlıqla bağlı ölkə prezidentinə, birinci xanıma və digər aidiyyatı orqanlara teleqram vasitəsi ilə müraciət etmişəm. Güman edirəm ki, haqq öz yerini tutacaq”.
Xatırladaq ki, bəstəkar-müğənni Elza Seyidcahan builki parlament seçkilərində iştirak etmək üçün 54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyini irəli sürmüşdü. Həmin dairədən hazırki deputat Tahir Süleymanovdur. O, yenidən bu dairə üzrə namizəd olub.