Bu nömrələrdən gələn zəngləri AÇMAYIN! - Məhkəməlik olacaqsınız
10:46 / 02.05.2018
6499
Reklam xarakterli mesajlarla yanaşı indi də zənglər abonentləri bezdirməyə başlayıb.
3 rəqəmli nömrələrdən gələn bu zənglər abonenti hansısa kampaniyaya qoşulmağa dəvət edir. Hətta bəziləri zəngə cavab verən kimi birbaşa bu prosesi icra edir.
"Bu nömrədən gələn zənglərə görə operatorları məhkəməyə vermək mümkündür”.
Bu sözləri Metbuat.az-a "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.
"Bəzi vətəndaşların nömrələri mobil operatorlardan müqavilə əsasında işləyən kontent provayderlərdə olur. Ola bilər ki, həmin nömrələr operatorlar tərəfindən verilib. Yaxud da, vətəndaş hansısa xidmətdən qeydiyyatdan keçən zaman öz telefon nömrəsini ora qoyur. Həmin xidmət yeniliklərlə bağlı müştərini xəbərdarlıq edir. Bu, başqa məsələ. Lakin söhbət vətəndaşın razılığı olmadan gerçəkləşdirilən zənglərdən gedirsə, bu, qanuna ziddir. Vətəndaş bu cür nömrələrdən olan zənglərin qarşısını almaqla bağlı mobil operatora müraciət eməlidir. İstehlakçıların hüquqlarının pozulması ilə bağlı şəxs məhkəməyə də müraciət edə bilər”.
Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən hüquqşünas Sahib Məmmədov isə əlavə edib ki, bu, birbaşa istehlakçı hüquqlarının pozumasıdır:
"Mobil operator dələduzluğu get-gedə daha çox artmağa başlayıb. Onlar abonentlərin konturlarını istədikləri kimi istifadə edir, müştəriləri əlavə xidmətlərə qoşurlar. Sonra da deyilər ki, abonent könüllü qoşulub. Operatorlar bunun qarşısını almalıdır. Ola bilsin ki, gücləri çatmır, ya da özləri istəmirlər. Bu dolayı yolla dələduzluqdur. Bunları edən mobil operatorlar deyil, MMC-lərdir. Əslində, həmin MMC-ləri yaradan da operatorlardır. Sadəcə şikayət olan zaman problemi öz üzərlərindən götürmək üçün belə bir yol seçirlər. Belə olan halda MMC-ni məhkəməyə verib, qərar qəbul etdirmək olar. Buna qarşı mübarizə aparmaq üçün səlahiyyəti orqanlar işə keçmir. Həmçinin bu məsələdə vətəndaş aktivliyi də zəifdir”.
Sfera.az